XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Aqrar sahədə subsidiyalar niyə gözlənilən nəticəni vermir? – İqtisadçı səbəbləri açıqlayır
Ekonomiks15:15 17.08.2026

Aqrar sahədə subsidiyalar niyə gözlənilən nəticəni vermir? – İqtisadçı səbəbləri açıqlayır

Maliyyə Nazirliyinin aqrar sahədə səmərəsiz subsidiyaların mərhələli şəkildə azaldılması ilə bağlı təklifi subsidiyaların nəticəliliyini yenidən gündəmə gətirib. İllərdir kənd təsərrüfatına dövlət dəstəyi göstərilsə də, buğda, ət, süd və bitki yağları kimi strateji məhsullar üzrə idxaldan asılılığın qalması subsidiyaların nə dərəcədə effektiv olduğu sualını ortaya çıxarır. Eyni zamanda, subsidiyaların məhsuldarlıq, fermer gəlirləri, ərzaq təhlükəsizliyi və ixrac göstəriciləri ilə əlaqələndirilməsi məsələsi də müzakirə olunur.

Bu baxımdan, mövcud subsidiya siyasətinin nəticələri və onun necə təkmilləşdirilə biləcəyi maraq doğurur.

Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli hesab edir ki, Azərbaycanda subsidiya siyasətinə yenidən baxılmalı, dövlət dəstəyi yalnız strateji əhəmiyyət daşıyan və gələcəkdə özünü təmin edə biləcək sahələrə yönəldilməlidir. Xalid Kərimli bildirib ki, subsidiyaların səmərəliliyini qiymətləndirərkən onların hansı mənbə hesabına maliyyələşdirildiyinə də diqqət yetirmək lazımdır:

"Ümumiyyətlə, hesab edirəm ki, subsidiya məsələsinə yenidən baxılmalıdır. İlk növbədə, subsidiyaların hansı mənbə hesabına maliyyələşdirildiyinə baxmaq lazımdır. Subsidiyalar neft gəlirləri hesabına verilir. Neft və qaz ən dəyərli resurslarımızdır və dünya bu resursları bizdən alır. Onları dünya bazarlarına çıxarmaq üçün müvafiq infrastrukturumuz da var. Həmin gəlirlər hesabına subsidiyalar maliyyələşdirilir. Amma bu gəlirlər də məhduddur. Əgər gəlirlərimiz qeyri-məhdud olsaydı, deyərdim ki, burada heç bir problem yoxdur. Məsələn, neft hasilatı kəskin şəkildə azalır. Ölkədə iqtisadi durğunluğun səbəblərindən biri də budur. Çünki neft gəlirləri azalır, digər gəlirlər isə bunu əhəmiyyətli dərəcədə kompensasiya etmir. Hökumət də ehtiyatları artırmağa çalışır ki, vəsaitləri həddindən artıq xərcləməsin".

İqtisadçı qeyd edib ki, Azərbaycanın iqtisadi modeli uzun illər neft və qaz gəlirlərinin büdcə vasitəsilə yenidən bölüşdürülməsinə əsaslanıb:

"Ölkənin iqtisadi modeli neft və qazdan gələn büdcə vəsaitlərinin yenidən bölüşdürülməsi üzərində qurulub. İnvestisiyalar da əsasən həmin vəsaitlər hesabına həyata keçirilirdi. Dövlət investisiyaları bu şəkildə müxtəlif sahələrə yönəldilirdi. İndi isə neft hasilatı azalır. Ona görə də hesab edirəm ki, subsidiyaya kifayət qədər ehtiyatlı yanaşılmalıdır. Biz sanki daha dəyərli resursumuzu satırıq, dünya da həmin resursu bizdən alır və bundan səmərəli gəlir əldə edirik. Sonra həmin vəsaiti qeyri-səmərəli sahələrin inkişafına xərcləyirik”.

Xalid Kərimli hesab edir ki, subsidiyalar ilk növbədə ölkə üçün həyati əhəmiyyət daşıyan sahələrə yönəldilməlidir:

“Subsidiya elə sahələrə xərclənməlidir ki, birincisi, bu, bizim üçün həyati vacib olsun, yəni təhlükəsizliyimiz baxımından əhəmiyyət daşısın. Məsələn, buğdanı heç yerdən ala bilmiriksə, məcburuq ki, onu özümüz istehsal edək.

İkincisi, subsidiyalar elə sahələrə ayrılmalıdır ki, onların gələcəyi olsun və gələcəkdə subsidiyadan asılı qalmasın. İnkişaf etməyəcək, böyüməyəcək sahələri əvvəlcədən subsidiyalaşdırmaqdan, ümumiyyətlə, imtina etmək lazımdır”.

O, subsidiya siyasətində iki əsas meyarın nəzərə alınmasının vacib olduğunu vurğulayıb:

“İki mühüm məqam var. Birincisi, sahənin perspektivi varsa, biz ona subsidiya verməliyik. İkincisi, buna məcburuqsa, başqa yolumuz yoxdursa, subsidiya verməliyik. Qalan hallarda subsidiya verilməməlidir.

Ona görə hesab edirəm ki, əvvəllər də belə bir subsidiya siyasəti həyata keçirmişik, indi də buna yenidən baxmalıyıq.

İndi deyim ki, subsidiyanın heç bir effekti yoxdur, bu, yanlış və haqsız olar. Çünki subsidiya bir çox sahələrə verilir və onların bəziləri həqiqətən uğurludur. Mən subsidiyaların qismən uğurlu olduğunu deyə bilərəm. Çünki həmin sahələrdə idxal azalıb və müəyyən istehsal formalaşıb”.

İqtisadçı əlavə edib ki, idxaldan asılılığın azaldılması yalnız subsidiyalar hesabına mümkün deyil:

“Amma idxalın əvəzlənməsi təkcə subsidiyadan asılı deyil. Azərbaycanın ərazisi böyük deyil. Azərbaycan Rusiya deyil, Ukrayna deyil.

Yəni bizim ərazimiz və torpaqlarımızın məhsuldarlığı elə səviyyədə deyil ki, özümüzü tam təmin edək və idxaldan asılı olmayaq. Biz təbii ki, idxaldan asılı olacağıq. Çünki torpaqlarımızın həm məhsuldarlığı, həm də həcmi buna imkan vermir. Ukraynanın qara torpaqları ilə müqayisə oluna bilməz. Əkin üçün yararlı torpaqlarımız azdır. Ciddi şəkildə şoranlaşmış torpaqlar var, əkin sahələri məhduddur.

Cəmi iki milyon hektardan söhbət gedir və bu iki milyon hektarda ya buğda əkirsən, ya arpa əkirsən, ya bulğur əkirsən, yaxud düyü əkirsən. Birini əkmirsənsə, digərini də əkmirsən. Bu, geniş mövzudur”.

Xalid Kərimli kənd təsərrüfatının inkişafı üçün məhsuldarlığın artırılmasının vacib olduğunu deyib:

“Yəni mən deyərdim ki, bu, qismən subsidiyadan asılıdır. Sahənin inkişaf etməsi üçün başqa problemlər də var. Məhsuldarlığın artırılması kənd təsərrüfatında əsas məsələlərdən biridir. Məhsuldarlıq daha yüksək olarsa, istehsalçılar daha çox məhsul əldə edər və subsidiyaya o qədər də ehtiyac qalmaz”.

İqtisadçı suvarma, torpaqların keyfiyyəti, texnika, logistika və digər problemlərin də həll edilməsinin vacibliyini vurğulayıb:

“Suvarma məsələsi də var. Televizoru açırsan, xüsusən Sabirabadın aran zonasında, İmişlinin hansısa kəndlərində məhsulun məhv olması ilə bağlı xəbərləri görürsən. Sonra da sual verirlər ki, ay iqtisadçı, camaat niyə rayonda qalmasın, şəhərə gəlməsin?

Camaat rayonda öz bağını, əkin sahəsini suvara bilmir. Təbii ki, şəhərə gələcək. Suvarma, torpağın keyfiyyəti, texnika, logistika, anbar, emal və məhsulun saxlanması kimi daha əhəmiyyətli məsələlər var ki, bunlar həll olunmalıdır. Fermerlərin bazarlara çıxış imkanlarının genişləndirilməsi və kooperativləşməsi kimi məsələlər də öz həllini tapmalıdır.

Təkcə subsidiya ilə bu problemləri həll etmək mümkün deyil. Ona görə də "subsidiya lazım deyil" demək düzgün olmaz. Subsidiyalar verilməsə, vəziyyət daha da pisləşə bilər. Sual ondan ibarətdir ki, subsidiyaların səmərəliliyini necə artıraq? Ümumiyyətlə, subsidiya siyasətinə yenidən baxmalıyıq. Mən bunun tərəfdarıyam”.

O bildirib ki, subsidiyaların verilməsi konkret nəticələrə bağlanmalıdır:

“Subsidiya siyasətinin effektivliyinin artırılması üzərində işləməliyik. Subsidiyanı ‘bu qədər əkdim, pulunu alım’ prinsipi ilə yox, nəticələrə görə bağlamalıyıq. Yəni sən hansı nəticəni əldə etdin? Tutaq ki, 100 hektar taxıl əkdim. Mənə bu qədər pul verməkdənsə, həmin taxılın məhsuldarlığı nə qədər oldu, nə qədər məhsul yığdın, nə qədərini satdın və sair kimi məsələlərə baxmaq lazımdır.

Yəni meyarları da dəyişməliyik. Məhsuldarlıq yüksək olmalıdır. Ərzaq təhlükəsizliyi ilə subsidiya arasında birbaşa əlaqə yaratmalıyıq. Subsidiyanı elə sahələrə verməliyik ki, ixrac potensialı olsun. Yəni yalnız idxalın əvəzlənməsinə yox, ixrac potensialı olan sahələrə subsidiya verməliyik ki, həmin sahələr inkişaf etsin, dünya bazarlarına çıxsın və daha çox məhsul sata bilsin”.

Xalid Kərimli subsidiyaların müddətli və nəticəyə əsaslanan şəkildə verilməsinin daha səmərəli olacağını düşünür:

“Fikrimcə, bu metoddan istifadə etsək, subsidiyanı daha çox nəticəyə bağlasaq və müddətli şəkildə versək, yəni müddətsiz yox, müəyyən müddətə ayırsaq və nəticəyə bağlasaq, onda daha effektiv nəticələr əldə edə bilərik.

Amma dediyim kimi, fermerin əsas problemləri arasında məhsuldarlıq, suvarma, torpağın keyfiyyəti kimi çoxsaylı məsələlər var. Problemlər çoxdur. Bazara çıxış problemi, emal müəssisələrinin azlığı, saxlama yerlərinin çatışmazlığı və digər məsələlər var”.

İqtisadçı sonda kənd təsərrüfatı siyasətinin yenidən nəzərdən keçirilməsinin vacibliyini bildirib:

“Amma hesab edirəm ki, kənd təsərrüfatı siyasətinə yenidən mütləq şəkildə baxılmalıdır. Çünki son 20 ildə aparılan siyasətin nəticələri o qədər də ürəkaçan deyil”.

Günay İlqarqızı