İdman 15:00 24.11.2021

Arif Əsədov: “Düşünmürəm ki, məşqçi dəyişikliyi uğura gətirib çıxara...”

Premyer Liqada ardıcıl 3 məğlubiyyət olan "Neftçi” hazırda təzyiq altındadır. Xüsusən də klubun fanat ordusu, bununla yanaşı, sabiq "neftçi”lər rəhbərlikdən tumuş baş məşqçi və futbolçuları qınamaqdadır. Daha bir sabiq "neftçi”, elə bu klubun yetirməsi olan Arif Əsədov da komandanın durumuna münasibət bildirib.

Əsədov Qaynarinfo-ya müsahibəsində bunları söyləyib:

"Klubun içində olmadığım üçün problemin nədən qaynaqlandığını bilə bilmərəm. Nəzəri baxımdan məğlub olduqları 3 oyun "Neftçi” üçün ürəkaçan deyil. Gözlənilməz məğlubiyyətlərdir. "Neftçi” ilə 5 oyun qələbə qazan, ancaq bir dəfə məğlub olsan, narazılıqlarla üzləşəcəksən. Fikrimcə, yerli kadr problemi var. Baş məşqçi rotasiyalar edir və bu, komandanın xeyrinə işləmir. Əlində bir çox legionerlər var. Onları gətirmisənsə, oynatmalısan. Digər tərəfdən limit məsələsi var. İstər-istəməz yerli futbolçuların ətrafında hansı legionerləri oynatmaq sual doğurur. Bu mənada çətinliklər var. Hər dəfə də fərqli legionerləri oynadanda və tez-tez dəyişiklik edəndə bu, istər-istəməz oynun keyfiyyətinə təsir edir.  Gördüyünüz kimi, 3 oyun məğlubiyyət və hər dəfə fərqli heyət. Oyunun gedişində bir legioneri buraxmaq üçün yerdəyişmələr etməlisən. Hansısa yerli futbolçunu da oynatmalısan ki, limit pozulmasın”.

Hazırda "Neftçi”də üç tərəf, rəhbərlik, baş məşqçi və futbolçular tənqid olunur. Əsədov necə düşünür, sözügedən tərəflər arasında əlaqə baxımından problemlər varmı: 

"Təbii ki, bu üç tərəfin hər biri sıx əlaqədə olmalıdır və hamısı eyni nöqtəyə vurmalıdır ki, uğur qazanılsın. Bunların hansındasa problem olanda, əlbəttə, təsir edir. Təcrübəmdən deyirəm, məşqçi və rəhbərlik arasında nəsə problem olanda bunu futbolçular hiss edir. Yaxud məşqçilər və futbolçular arasında problem olanda rəhbərlik hiss edir. Tərəflərin bir-birinə sıx bağlı olmasından və hamısının eyni nöqtəyə vurmasından çox şey asılıdır. Toparlanıb vəziyyətdən çıxmalıdırlar. Burda elə də böyük problemlər yoxdur ki, nələrəsə əl atasan. Qarşıda hələ çox oyun  var. Ortaq məxrəcə gəlib çıxış yolunu tapmaq lazımdır. Klubdun içində deyiləm, amma tərəflər arasında problemlər olduğunu mediadan izləyirəm. Bəlkə də belə deyil. Mən texniki tərəfdən dedim. Oyunçu qıtlığı, legionerlərin çoxluğu, əsas problemlər budur. "Neftçi”də uğursuzluq olanda ilk növbədə həmin üç tərəf sorğuya çəkilir. Bu da normaldır. Çünki "Neftçi”dir, millidir - bu komandalar hamının gözü qarşısındadır. Digər klublarda bəlkə bundan daha qlobal problemlər var,  ancaq üzə çıxmır. "Neftçi” isə flaqmanımızdır, xırda detallar olanda belə, bu böyüyür, şişir”.

Müşahidə Şurasının üzvü Feysbukda Samir Abasovu günahlandırır. O isə futbolçuları. Bəs əsas günahkar kim ola bilər? Veteran futbolçunun bu sualımıza cavabı belə oldu: 

"Buna pozitiv yanaşmaq istəyirəm. Belə şeylər bir klubun içindən mətbuata çıxmamalıdır. Kənardan təzyiqlərin, tələblərin olması "Neftçi” üçün normaldır. Əsas odur ki, klub daxilində problemləri qloballaşdırmasınlar. Tez bir zamanda həll etməlidirər ki, uğur gətirsin. Belə məsələlər sonda hər üç tərəfin narazılığına gətirib çıxarır”.

Abasov "Neftçi”də hansısa üslub formalaşdıra, yaxud komandanın əvvəlki oyun üslubunu qoruyub saxlaya bilibmi: 

"Abasov komandanı çempion edib. Bunun özü çox şey deməkdir. Düzdür, Abasov gələndə "Neftçi” ikinci yerdə gedirdi, oturuşmuş komanda idi. Amma problemlər vardı. O gəldi, komandanı vəziyyətdən çıxardı, çempionluğa daşıdı. Transferlərdə və digər məsələlərdə daha da diqqətli olub bunun davamını gətirmək lazım idi. Çempionluq çətindir, amma onu qoruyub saxlamaq daha çətindir. Bu gün də "Neftçi” həmin vəziyyətlə üzləşib. Artıq rəqiblər komandaya qarşı ikiqat deyil, dördqat motivasiya olur. Ona görə də hər oyunda futbolçular bacardığından artığını etməli, məşqçilər diqqətli olmalıdır. Görünür, haradasa boşluqlar buraxılıb ki, əziyyətini çəkirlər. Yenə də çıxılmaz vəziyyət deyil. Qarşıda oyunlar var, "Neftçi” toparlanıb özünü yaxşı tərəfdən göstərə bilər”.

Azarkeşlər "Sabah”la oyundan sonra "istefa” şüarları səsləndirdilər. Çox güman ki, bun həm də baş məşqçiyə aiddir. Əsədov necə düşünür, Abasova daha çox şans vermək lazımdırmı: 

"Azarkeşlər əslində bu durumda komandaya dəstək olmalıdırlar. Bu baş məşqçi komandanı çətin dönəmdə çempion edib. Çempionat yeni başlayıb, uğursuzluq var. Məhz bu məqamda baş məşqçiyə dəstək olmaq lazımdır ki, komandanı vəziyyətdən çıxarsınlar. Belə şüarlar isə əksinə, təzyiq yaradır. Azarkeşlər böyük qüvvədir, komandanın durumuna təsir edir. Onların hərəkətləri "Neftçi”ni "laxlatmağa” təsir edə, rəqiblər isə bundan yararlana bilər. Az öncə üç tərəfdən danışdıq, məncə, azarkeşlər də dördüncü tərəf kimi bu məsələlərə qoşulmalıdır. Onlar da klub daxilindəki problemləri izləyir və diqqətdə saxlayır. Hər şey yaxşı olsa, onlar da bu dəstəyə qoşula bilərlər. Əsas odur ki, klubda hər şey normal olsun”.

Bu gün baş məşqçinin göndərilməsi komandaya fayda, yoxsa zərər verə bilər: 

"Düşünmürəm ki, məşqçi dəyişikliyi hansısa uğura gətirib çıxara. Əksinə, belə vəziyyətdən çıxsalar, "Neftçi” möhkəmlənər. Gələcəkdə də eyni situasiya ilə üzələşəndə artıq bərkimiş "Neftçi” görə bilərik. Heç bir qüvvə təsir edə bilməz. Görünür belə boşluqlar var ki, kənar qüvvələr komandaya təsir edə bilir. Çempionluq varsa, növbəti mövsümə ikiqat hazırlaşmalısan. Görülən işlər yüksələn səviyyədə getməlidir. Əks halda belə durumlarla üzləşəcəklər. Təbii ki, avrokuboklardakı nəticə də gərginliyi artıran səbəblər oldu. Transfer məsələləri həmin vaxta kimi öz həllini tapsaydı, avrokuboklarda legionerlərdən limtsiz şəkildə yaralana bilərdilər. Çünki orada limit yoxdur. Görün neçə oyun keçirdilər. Məhz avrokuboklarda hansı legionerlərin komandaya, məşqçinin fəlsəfəsinə uyğun olub-olmadığı bilinəcəkdi. İndi oyunlarda bəzi legionerləri məcburiyyətdən meydana buraxırlar. Kimin nəyə qadir olduğunu, gücünü 15 dəqiqə, yarım saat oynatmaqla bilmək mümkün deyil. Hazırlq dönəmi olmalıdır ki, bunlardan istifadə edib heyəti müəyyənləşdirəsən. Çempionatın gedişatında hansısa legioneri gətirib ondan yararlanmaq çox çətindir. Yenə də düşünürəm ki, problemləri hansı formada çözməyi rəhbərlik, məşqçilər heyəti daha yaxşı bilir. Mən, sadəcə, bir "Neftçi"sevər kimi, kənardan müşahidə etdiklərimi dedim”.

Səbuhi Həsənov