Xəbər lenti

Aristokrat Dost: Müəllimlikdən Pensiyaya Pedaqoq kimi... (FOTO)
Ölkə 11:23 04.10.2018

Aristokrat Dost: Müəllimlikdən Pensiyaya Pedaqoq kimi... (FOTO)

Aydın Canıyev

Tosif Babayev. Tanımırsınız? Hardan tanıyasınız, axı - başınızı zaurlarla, xoşqədəmlərlə, toliklərlə qarışdırmadılarmı? Banişevskiyə də "əfsanə" deyənlərin eyni uğurla Vəli Qasımov haqqında da "əfsanə" yazdıqlarını, Lobanovskinin də möhtəşəm məşqçi kimi təqdim edildiyini, Qurban Qurbanovun da, Heydər Əliyevi siyasətçi kimi qəbul edənlərin eynilə Fazil Mustafaya da siyasətçi dediklərini gördünüz, sizdə nə günah var, axı? Soydaşlıq, vətənpərvərlik hisslərinizi də elə odlamadılar ki, tüstünüz püskürən Vezuvi vulkanının təpəsindən də yuxarı qalxmasın!

Nə isə, keçənə güzəşt deyərlər, indi də gec deyil!

Beləliklə, buyurun, tanış olun...

Gopa basmayacam, mən lənkəranlı olaraq, kənddə orta məktəbdə oxuyanda nəinki görkəmli sovet şairi Şəkər Aslanla, Şəkinin birinci katibi Hadı Rəcəbovla, Qafqazın şeyxi Allahşükür Paşazadəylə... heç Həzi Aslanovla da fəxr etməmişəm. Lap o keçici qırmızı baydaqlar da vecimə olmayıb. SSRİ-nin hər yerinəcən özü gedib çıxan, eləcə də gəlib qatarla aparılan Lənkəran xiyarını da hesaba almamışam.

Mən... 1983-cü ildə Mirzə Ələkbər Sabirin təzəcə çap olunmuş "Hop-hopnamə"sini alıb titul vərəqinə "M.Lomonosov adına MDU-nun jurnalistika fakültəsinin tələbəsi Aysat" yazıb da düşünən adamam ki, Lənkəran mənimlə fəxr edəcək. Amma və lakin... o vaxt çıxan "Leninçi" (indiki "Lənkəran") qəzetində ilin elə bir ay əvvəlki bu vaxtlarında bir yazı oxudum: "Fəxrimiz". İki nəfərdən yazılmışdı! Doğrudan da, onlar 1983-cü ildən nəinki Lənkəranın Fəxarətləridi, eləcə də Azərbaycanımızın Fəxridilər və... olacaqlar da!

Onda isə...

İki lənkəranlı, ikisi də Veravul kəndindən... Azərbaycandan kənarda, SSRİ və dünya miqyaslı ali məktəblərə qəbul olunmuşdular.

Mən niyə fəxr etdim, deyim: əvvəla, hər ikisinin qəbul olunduğu ali məktəb rüşvətlə qəbulu istisna edirdi, üstəlik də imtahanlar və təhsil ruscaydı. Azərbaycanın rüşvətə bulaşmayan sahəsi qalmayan bir zamanda, Talış bölgəsindən durub gedəsən Moskvaya... Patris Lümumba adına Xalqlar Dostluğu Universitetinə girəsən, özü də... fransız dili təmayüllü filologiya fakültəsinə. Bu, Tosif Babayev idi. O birisi də eləməyib tənbəllik Ukraynanın Lvov şəhərində Ali Siyasi Hərbi Məktəbə üz tutub və... ölkənin ilk hərbi jurnalisti olmaq şansını qazanan Üzeyir Cəfərov!
Tosif Babayev indi dosentdir, psixologiya elmləri namizədidir, pensyadadır, ilk ali təhsilli hərbi jurnalist Üzeyir Cəfərov da həmçinin - ehtiyatda olan polkovnikdir!

Həyat və tale elə gətirdi ki, bu hər iki Fəxarətlə üzbəüz görüşlərim oldu sonralar... bu barədə sonra!

Tosif Babayevlə şəxsən avtobusda və təsadüfən tanış oldum Lənkərana gedəndə: 1992-ci ildə. Tosifi heyrətləndirən onu yüz ilin dostu kimi tanımağım idi.

Mən "Azadlıq"ın, o isə... "Azərinform"un müxbiriydi - deyəsən, təqdimata gəlmişdi, hər zaman hamını olduğu kimi, onu da aldadıb geri göndərmişdilər, amma bu sonra bilinəcəkdi.

"İlk görüşdən son nəfəsəcən olan dostlar" var e, bax, Tosif müəllim o silsilənin ilklərindəndir. Ümumiyyətlə isə, hələ də olmayıb ki, mənimlə bir dəfə salamlaşan adam bu dostluğu qaçırsın, yaxud da unutsun. Həyat və yaşam prinsipimdi: həyətində qocaman ağacı, həyatında köhnə dostu olmayanı apar tulla Binəqədi zibilliyinə!

Onu da deyim ki, onda mobil telefon bir yana, heç evlərdə belə əməlli-başlı telefon yox idi, ancaq biz bir-birimizdən tez-tez xəbər tutduq, görüşdük, dostlaşdıq, qardaşlaşdıq! İlkin səbəbi bilirsiniz nəydi?
 


Tosif Babayev Azərbaycan milli-azadlıq, müstəqillik savaşının heç bir təmənnası olmayan fədakar əsgəriydi! Sözün həqiqi mənasında... patriot! partizan!

İkinci bir tərəfi, yoluq bir ali məktəbdə oxuyanlar, tör-töküntü bir fakültədə təhsil alanlar az qala Mİ-5-in, SSRİ DTK-nın agentləri kimi soxulmuşdular e hərəkatın içinə. Hərə bir cür yalmanır, yağmalayırdı, amma fərqindəsinizmi, Patris Lümumba adına Xaqlar Dostluğu Universitetinin fransız dili təmayüllü fakültəsinin məzunu dik və şax mübarizə aparırdı və Lənkəranda admiral Çernavinin (SSRİ Hərbi Dəniz Donanmasının komandanı, Lənkərandan SSRİ Ali Sovetinin deputatı) maşınının qabağında durub iki əlini "kapot"una dirəyib hərəkəti dayandıran, maşından düşməyə məcbur edən oğlanın cəsarətinin: indi şəklini qoyacam, baxarsınız bu balacaboy oğlanın fəxarətli vücuduna!
Tosif Babayev ta 1999-cu iləcən Azərbaycanda qaldı!

Kollecdə, musiqi məktəbində, LDU-da dərs dedi, Müsavat Partiyasında can qoydu, ailə-uşağını dolandırmaq üçün İrana ərzaq dalınca getdi, talassemiyalı xəstə qızının xilası üçün vuruşdu, əlləşdi, çarpışdı!

Sonda qızını itirdi!

Sonda səhhətini itirdi!

Sonda ailəsini əzaba layiq görmədi və... Azərbaycanı tərk etdi!

Halbuki gecə-gündüz ayaq üstəydi! Hara gedirdimsə onu görürdüm və hər dəfə onu görəndə fikirləşirdim: adamın bədənində civə var! Bir insan nəfəs dərməzmi ehtiyaclarını qarşılamaq üçün?

Bunu da gizlətməyəcəm ki, mən sayından asılı olmayaraq yazıma rəy bildiriləndə, oxunma sayının az və çox olmasına baxmayaraq, minnətdar oluram, sevinirəm ki, heç olmasa, qələmə aldığım problemin, dərdin, adamın, şəxsiyyətin, uğurun, faciənin xəbərdarları oldu! Hətta mən ən çoxu ölkə üzrə üçcə nəfər olsa belə özümü xoşbəxt sayıram, amma indi yazıdan qırağa çıxıb oxucuya üz tuturam:
- Mənim əziz oxucum! Sən növbəti abzasların müqəddəsliyini anlayacaqsan, zənnindəyəm, onçun da paylaş bu yazını! Bu yazı nə Tosif müəllimə, nə mənə lazım deyil! Bu yazı oğulların, ataların, qardaşların, dostların şərəfli və ləyaqətli yaşamı seçməsi üçündü! Oğullar, atalar, qardaşlar, dostlar nə qədər Tosif müəllim kimi şərəfli olsalar, qızlarımız, analarımız, bacılarımız, gəlinlərimiz əziyyət çəkməz!

Fırfıra kimi şəhəri, ölkəni fırlanan Tosif müəllimlə Azərbaycanla birgə ağır ictimai-siyasi həyatı bölüşən Lənkəranda sosial-iqtisadi problemlərin cəngində çabalayarkən ən böyük təsəllimiz görüşlərimizdə Azrbaycanın müstəqilliyi olurdu.

Tosif bu müstəqilliyi həddən artıq çox sevirdi, məhrumiyyətlərin heç birinə görə giley eləmirdi. Sadəcə, normal yaşamı təmin etmək üçün bir neçə yerdə işləyirdi, əlləşirdi. Ancaq qırıldı. Bilirsiniz haçan?

Bir ara fransız neft şirkəti Lənkəranda fəaliyyət göstərməyə başladı o illərdə. Fransız şirkətinin araçıları Tosif müəlimə təklif eləmişdilər ki, sən 1500 dollar maaşa qol çəkəcəksən, amma sənə 300 dollar verəcəyik.

Demək artıqdı ki, 300 dollar çox böyük pul idi: hətta Tosif müəllimin dərs dediyi üç iş yerinin maaşından üç dəfə çox!

Tosif müəllim... haramı və saxtalığı götürməyən bir insan olduğu üçün etiraz etmişdi: "Mənə 300 dollar verin, mən də elə 300 dollara qol çəkim, ayrı sənədlərdə özünüz bilərsiniz nə qədər yazarsınız!"

Tosif müəllimlə o illərdə bir neçə dəfə olduğu üçün bu faktı da yazıram: yemək-içməyə dəvət edəndə tikə boğazından keçmirdi: "Ədə, mən necə rahat yeyib-içə bilərəm, evdə çətinliklər var!"
Uşağına evində yedizdirə bilmədiyi tikəni özü çöldə yeməyən, özünə haram bilən kişidi Tosif!

Bu bir dəfə olsaydı, üç dəfə olsaydı, yazmazdım, amma bu... Tosif müəllim uşaqlarına, ailəsinə rahat və firavan həyatı təmin edənəcən belə oldu!
 


Və qalsaydı... getdikcə korrupsiyaya uğraşan, rüşvətin bir daha çiçəkləndirildiyi Azərbaycanla birgə batan Lənkəranda Tosif üçün faciəli olardı!

Elə bir məqamda məzunu olduğu fakültənin dekanı Tosif müəllimə xəbər göndərir, çıx gəl, kafedrada boş yer var, itib-batma oralarda!

Həmin o 90-cı illərin sonuncusunda mən Tosifi yola sala bilmədim. Amma onda Tosif müəllimə yaxşılıq edib yola salan oğlanın 10 il sonra mənə qarşı haqsızlıq etməsini bağışlamaqla əvəzini çıxmış sayıram: Tosif müəllim elə bir xeyirxah insandı ki, ona qarşı hörmət sərgiləyən hər kəs mənim nəzərimdə ehtiram görməlidi.

Tosif müəllimin çoxsaylı üstün dəyərlərindən biri də odu ki, adam məhz ona görə fikirləşir: "a kişi, səni adam bilib, məclisə buraxırlarsa, salamını alırlarsa, səninlə bir stəkan çay içirlərsə, bu o demək deyl ki, sən də bir "persona"san. Sadəcə, mühit və zaman konfiqurasiyalar yaradır! Lənkəranda Finlandiyanın prezidentiylə Cəlalın çayçısında oturmazsan ki!? Lənkəranda elə qarşına kim çıxdı, əziz lənkəranlın bilib dəvət edirsən ki, gəl sən də bir ziyalı ilə otur, həm çay iç, zəhərlən, həm də adam olmaq üçün bir ağıllı söz eşit! Yox, bu səninlə bir dəfə Lənkəranda, iki dəfə Bakıda vağzalda rastlaşıbsa, sonra harda oldusa, elə istədiyi kimi danışa bilər (yeri gəlmişkən, əziz lənkəranlılarım inciməsin, mən ərklə belə yazıram, bu nəinki həyatda, hətta sosial şəbəkədə də belədi, ərköyünlüklər adamı dilə gətirir).

Sözümün canı odu ki, insanlarla danışığa, rəftara, münasibətə həmişə çəki-düzən vermək lazımdı. İlk növbədə isə, öz yerini özün müəyyən eləməlisən, ya da ən pis halda, dəyərini bilənlər səni layiq olduğun yerə çıxarmalıdır!

Təsəvvür edin: Tosif müəllim hələ də Lənkəranda qalır!

Edə bildinizmi? Bilmədiyiniz üçün deyim: Tosif Babayev o illərdə  məzunu olduğu fakültəyə qayıdıb həmən psixologiya elmində yeni sahə olan hüquqi psixologiya üzrə elmi işini müdafiə edir, kitablar yazır, az sonra dosent olur, bir az sonra ayrıca kursun rəhbəri seçilir və... İran, Nikaraqua, Qayana prezidentlərinin, digər ölkələrin baş nazirlərinin, aparıcı siyasi partiyaların rəhbərlərinin oğlanları, qızları onun kursunda oxuyur: Asiyadan Afrikayacan bütün ölkələrin!

Lənkəranda neyləyəsiydi ki: fəhlə Məmmədin araqşur oğlu ilə bir dəfə, iki dəfə, üç dəfə çay içəcəkdi, o idarə müdirinin, bu şirkət rəhbərinin nadinc oğlanlarının, "atbalaxanım qızlar"ının kaprizlərindən bezəcəkdi, özləri oxumayıb "tupoy" olcaqdılar, cəhənnəmə, adamın özü sınacaqdı, çərləyəcəkdi!

Tosif Babayev 1983-cü ilə qədər çox azsaylı azərbaycanlılardan biri idisə Patris Lümumba adına Xalqlar Dostluğu Universitetində, 2000-ci ildən azından, azından 200 azərbaycanlı deməkdi! Bildiniz də nə deyirəm?

Öz oğlunu, öz qızını oxutduğu kimi, lənkəranlının, şəkilinin, naxçıvanlının, qubalının oğlanlarını, qızlarını oxutdu "alma-mater"ində!

Təhsildə MÜƏLLİM kimi fəaliyyətə başlayan Tosif Babayev görkəmli pedaqoq kimi təqaüdə çıxdı!

Hər dəfə o Lənkərana gələndə, hər dəfə mən Moskvaya gedəndə bircə dəfə də olsa, mütləq görüşürük və bu görüşləri mən Kərbəla ziyarəti, övliya ocaqlarına baş çəkmiş kimi qəbul edirəm!

Bu onun mənə ilk lütfü deyil: 1992-ci ildən Tosif Babayev mənə auditoriyada dərs deməsə də, həyatda mənə özünün yaşam prinsipləriylə çox gözəl müəllim olub!
 


Xatırlatmağı zəruri sayıram: əzizlərim, Tosif müəllim bütün nümunələri öz səyi, zəhməti, iradəsi ilə əldə edib, bir kimsədən nəsə ummadan, heç kimdən incimədən! Başa düşürsünüzmü, təkcə yolpulunu düzəldib Moskvaya gəlmək, aspirant olmaq, gəlir yeri olmadan yataqxanaya sığınmaq və irəli addımlamağa borclu, mükəlləf olmaq nə deməkdi!?

Bütün bu müddətdə mən bir dəfə də eşitmədim ki, Tosif müəllim giley etsin kimdənsə! Bilirsiniz niyə? Çünki heç kimə ağız açmayıb! Ayağını yorğanından da qısa uzatmaqla, həyatda ayaqda durub və hamıya yaxşı olmağa çalışıb! Niyəsinin də izahı bu: adam naturaca humanistdi! Filoloqdu! Dünyanın ədəbiyyat adlanan bütün gözəlliklərindən xəbərdardı, insan hüquq və psixologiyasını gözəl bilir, dünyanın ən müxtəlif xalqlarının işıqlı övladları - oxumaq üçün gələn tələbələri, aspirantları ilə təmasdadı, müstəqillik qazanmış ölkələrin azad insanlarının mübarizə tarixini, qəhrəmanlıq və faciə səhifələrini, vətənpərvərlik meyarlarını dəyərləndirə bilir!

Məhz Tosif müəllim haqqında danışanda hamıya misal gətirirəm və siz də dostlarınıza danışın: 1994-cü ildə Tosif müəllimin etimadından yararlanaraq, borc götürdüm, yəni ki, zamin durdu. İnflyasiya nəticəsində yaranan borcun qədəri indeksasiya olundu, güzəşt və müddət müəyyən edildi. Hər dəfə 100 dolları - 49-52 "şirvan"ı aparıb qaytaranda, Tosif müəllim çox pis olurdu, qayıdırdı ki, adam bu pulu yerə sərib üstündə yata bilər.

Tosif müəllim bu qədər humanist, doğma insandı münasibətdə, içdən ağrıyandı!

Özü mənə danışıb: Bir dəfə Tosif müəllimi saldığım o çətin vəziyyətdə görən yaxınlarından biri onun əzabına dözməyib qayıtmışdı ki, Aydının ayaqqabısına baxıb, çəkdiyi siqareti görüb, düşünəydin də o boyda pula zamin durmaq olar, ya yox?

Qiyamət günü "səni ən çox düşünən əzizin kim oldu" sualına belə cavab verəcəm: Tosif müəllim!

Cavaba baxın: "Aydın bir yazısıyla Lənkərana bəs edəcək qədər ayaqqabı da alar, hamı üçün siqaret də gətizdirə bilər, amma o bunu onun üçün edə bilənlərlə yox, mənimlə dostdu, onların yanına getməyib, mənim yanıma gəlib!"

Öz qızım nişanlanan gün dostum pul verərək rayona yola saldı. Lənkərana çatan kimi əziz dostlarla yeyib-içdim və... Tosif müəllimin qızının toyuna getdim!
Bəli, dünyada elə kişilər, dostlar var ki, məhz onların sevincinə şad olduğunu nümayiş etdirmək şərəf borcudu! Heç qızım da məndən incimədi! Çünki bilirdi ki, Ata Tosif əminin qızının toyunda olmalıdı!

Tosif müəllim indi nəvələrini Lənkərana, Moskvaya, Rusiyaya, Türkiyəyə, Avropanın əksər ölkələrinə muzeylərə, parklara, istirahət mərkəzlərinə, teatrlara, sirkə aparır - bunu ona vicdanı qazandırıb! Bunu ona ürəyi və ruhu qazandırıb! Evində olmayan tikəni çöldə boğazından keçməyə qoymayan kişiliyi qazandırıb!

Və... sonda: mənə yaxşı olan dostlardan yazmıram, yazmamışam, yəqin ki də yazmayacam. Əgər mənim dostumdusa, yaxşılıq edibsə, bunu insanlıq naminə edib və yazı üçün etməyib, zənnindəyəm! Çünki bir-birinə yaxşılıq edən o qədər dost var ki, jurnalist deyil ikisindən biri! Qaxınc edilən bir yana qalsın, dilə gətirilən yaxşılıq ən böyük pislikdir, saymışam!

Tosif müəllimdən indi və məhz bu gün yazmağımın səbəbi yalnız və yalnız xanımıdır!

Xanım adlı xanımı! Ad günüdür və səhər tezdən Tosif müəllim onunla Türkiyəyə uçacaq!
 


Bölüşməyə isə çox xatirələr var.

YAZIYA YAMAQ: Tosif müəllimə elçi gedirlər, əməlli-başlı bəy tərifi başlayır və gələcək diplomat-kürəkənə xeyir-dua verib, şirinçay içib qayıdırlar. Üstündən heç bir həftə keçməmiş qız evindən kimsə Moskvada görür ki, bu diplomat-kürəkən başında "şapka-uşanka" olan bir qara oğlandı və... küçə süpürür! Heyrət və pəjmürdəlik içində qayıdasan ki, "Tosif, sən deyilsən?"

Tosif də deyir: "Esküz mi..." ardınca da fransızca...

Bunu yazmamaq olardı, yazmaq onun üçün oldu ki: həm seçdiyinizi dəyərləndirəsiniz, həm də dəyərli olasınız!

Bir yazılıq ömür yaşamayıblar e, bir ömürlük ömür yaşayıblar: bütün məhrumiyyətlərdən və məhdudiyyətlərdən keçərək!

Amma... insan kimi yaşayıblar!

SÖZARDI: Türmədə Azərbaycanın çox tanınmış və çox hörmətli kişisi ilə bir kameradaydım. Xanımıyla görüşdən qayıdıb gözləri dolmuşdu. Lap Elçibəy "mən prezident olacam" dediyi əminliklə dedi: "mən çıxacam, onu gəzməyə aparacam, onu hər yerə aparacam, ona hər şey alacam".

Təsəlli üçün qayıtdım ki: "Hacı, özünü üzmə, ruslar öz itlərini hər gün axşamüstü hava almaq üçün çölə çıxarır, azərbaycanlı arvadını ayda-ildə bir dəfə dədəsi evinə getməyə qoymur".
Hacıya qismət olmadı... özümü günahkar bilirdim, çünki bir neçə gün əvvəl qaxınc etmişdim: "62 yaşın var, bir dəfə yoldaşına bir dəstə gül alıb aparmısanmı, bir dəfə sanatoriyaya getmisənmi onunla?"

Aparmamışdı, eləməmişdi... dindarlığından!

Mən Tosif müəllimi görəndə həmişə bu fikri deyirəm özünə: sənin yaşam tərzini filmə çəkmək lazımdı! Sən ən yaxşı nümunəsən: babalar, atalar, qardaşlar, ərlər üçün! Sən elmin və həyatın ən gözəl müəllimi olmuş pedaqoqsan!

Son görüşün təəssüratı: "Tosif müəllim, bir var yemək yeyəsən, dadlı delikateslər, ləzzətli təamlar ola, bir də var.... maraqlı yemək yeyəsən! Səninlə yemək yemək maraqlıdı və maraqlı yeməklərdi!"

İnanıram ki, bu yazı da elə "maraqlı yeməklər" qismində olan yazılardan oldu: ailə, cəmiyyət, elm, təhsil və insanlıq gözəlliyini bilən oxucular üçün, əlbəttə ki!

P.S.: Tosif müəllim həm də elə insandı ki, ən çətin məqamda deyə bilərsən: "Vruçay, Starina!" Vo çto bı ne stalo, On vruçit! On je Ded! On je Dosent! On je Uçitel, uşedşiy v pensiyu kak Pedaqoq!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->