Siyasət 15:27 24.08.2022

Avropa Məhkəməsi Ermənistanın Laçın və Fərruxla bağlı şikayətinə rədd cavabı verdi (YENİLƏNİB)

"Ermənistan dövləti Avropa Məhkəməsinə vaxtaşırı uydurma müraciətlər göndərir".

Bunu "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

"Bu ilin mart ayında Fərrux yüksəkliyinin nəzarətimizə keçməsi ilə bağlı Ermənistan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərmişdi. Şikayətdə qeyd edilmişdi ki, guya Azərbaycan yerli əhalini qovub. Avropa Məhkəməsi isə onların şikayətini təmin etmədi. Həmçinin Ermənistan dövləti erməni cinayətkar qrupun Azərbaycana keçməsi və onların bizim ölkədə həbs olunması, məhkəmə qarşısına çıxarılması ilə bağlı da Avropa Məhkəməsinə şikayətlər göndərmişdi. Məhkəmə bu şikayətləri də rədd etmişdi", - o, vurğulayıb.
 
12:49

"Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistan dövlətinin Laçın şəhəri ilə bağlı şikayətini təmin etməyib".

Bunu "Report"un Laçın rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov deyib.

"Şikayətdə qeyd edilib ki, Azərbaycan Laçın şəhərində yaşayan erməniləri oradan qovmasın və belə bir ultimatumla çıxış etməyək. Əlbəttə, aydındır ki, qanunsuz məskunlaşmış insanlar orada qalmayacaqlar. Əgər sən Laçında qanuni yaşayırsansa, onda nədən qorxursan? Demək orada qanunsuz yaşayırsan ki, qaçırsan da. Bu da aydın məsələdir. Avropa Məhkəməsi onların şikayətini rədd edib", - Ali Məhkəmənin sədr müavini vurğulayıb.