Birlik Oyunlarının keçirilməsi barədə qərar Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin hökumət başçıları Şurasının Moskvada keçirilən iclasının nəticələri əsasında qəbul olunub. Yarışlar iki ildən bir keçiriləcək. İlk oyunlar gələn il Rusiyada, sonra isə rus dilinin əlifba sırası ilə digər birlik ölkələrində keçiriləcək, yəni başqa sözlə desək, Azərbaycan artıq 2022-ci ildə yeni yarışlara ev sahibliyi edə bilər.
MDB Oyunlarının əsas vəzifəsi Birliyə üzv olan ölkələrin milli idman növlərinin tarixi irs kimi qorunması, onların beynəlxalq səviyyədə populyarlaşdırılması və inkişafıdır.
"Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdə xeyli sayda idman yarışı keçirilir. Buraya Sankt-Peterburqda müntəzəm olaraq düzənlənən futbol üzrə Birlik Kuboku, Rusiya Federasiyasında dəfələrlə təşkil olunan MDB Ölkələri Məktəb İdmanı Festivalı, Rusiya və eləcə də digər Birlik ölkələrində dəfələrlə keçirilmiş MDB ölkələrinin Milli İdman Növləri Festivalı, Birliyin müxtəlif ölkələrində, o cümlədən bir neçə dəfə İssık-Kulda düzənlənən MDB İdman Oyunları daxildir. İndi Rusiyanın təşəbbüsü ilə sonuncu - MDB ölkələrinin Oyunları daha samballı səviyyədə keçiriləcək", - deyə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin hökumət başçıları Şurasının iclasının yekunlarına dair təşkil olunmuş mətbuat konfransında çıxış edən Birliyin icraçı katibi Sergey Lebedev bildirib.
Sənədin layihəsi MDB ölkələri Xarici İşlər Nazirləri Şurası tərəfindən oktyabrın 10-da Aşqabadda təsdiq olunub. Prosesə RF İdman naziri Pavel Kolobkov nəzarət edir. Rusiyanın təşəbbüsü ilə MDB ölkələri Oyunlarının müddəaları işlənib-hazırlanıb, əsas kimi milli idman növləri qəbul edilib.
"Həmin bu oyunların bazasında digər idman növləri üzrə əlavə yarışlar da təklif olunacaq. Ümid edirik ki, gələn ildən bu oyunlar artıq Rusiya Federasiyasının ərazisində keçirilə bilər", - Sergey Lebedev əlavə edib.
MDB İcraiyyə Komitəsindən bildiriblər ki, bu ideya Birlik ölkələrinin 2018-ci ilin sentyabrında Düşənbədə keçirilən sammitində dəstəklənib, bir qədər sonra isə Ümumdünya Köçəri Oyunlarının Ərizəsində əksini tapıb, orada bu cür oyunların Milli İdman Növləri Festivalı əsasında təşkil olunması cəhdləri qeyd olunur.
Tədbirlər proqramına eləcə də əlavə olaraq MDB ölkələrində populyar olan olimpiya və qeyri-olimpiya oyunlarının daxil edilməsi də qərara alınıb.
Ümumi sürəsi 10 gün olan oyunların iki ildən bir keçirilməsi planlaşdırılır. Oyunların müddəti və məkanı barədə qərar MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Sahəsində Əməkdaşlıq barədə Razılaşmanın tərəfdarları Şurası tərəfindən qəbul ediləcək. Oyunların Müddəalarına görə, yarışlar bir qayda olaraq MDB ölkələrində rus əlifbasına uyğun sıra ilə keçiriləcək. Ancaq hansısa dövlət oyunların öz ərazisində növbədənkənar keçirilməsi təklifini irəli sürərsə, Şura bu barədə müsbət qərar vermək hüququna malikdir.
Mətbuat konfransında MDB icra katibi Sergey Lebedev bildirib ki, MDB ölkələrinin hökumət başçıları Şurasının iclasında imzalanan sənədlərin sayı, ən əsası isə nəzərdə tutulduğu müddətlər onu deməyə əsas verir ki, Müstəqil Dövlətlər Birliyi mövcudluğuna son vermək niyyətində deyil, əksinə, inkişaf edir və irəli doğru gedir, eyni zamanda Avrasiya İqtisadi Birliyinə inteqrasiya edir.
Şərhlər