Xəbər lenti

Dünya 18:47 29.02.2024

"Azərbaycan Almaniyanın önünü açır" - Ekspert

"Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz siyasəti kontekstində irəli çıxmaq üçün Berlinə növbəti şans verir. Amma buna rəğmən, Berlin vasitəçi rolunda qəbul olunmur. O, təşəbbüskardır, amma moderator deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Almaniyanın Azərbaycanla Ermənistan arasında danışıqlarda tutduğu mövqeyi şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Ermənistan Qərb platformasında danışıqların aparılması tərəfdarı kimi çıxış edir:

"Bununla bağlı da bir neçə variant ortaya atılır. Onlardan biri Fransa variantıdır ki, Bakı Parisin moderatorluğunu qəbul etmir. Azərbaycanın uğurlarından biri danışıqları ikitərəfli müstəviyə daşımaqdır. Bundan sonra Bakının hansısa vasitəçiyə ehtiyacı yoxdur. Avropa Birliyinin əksər strukturlarının davranışı göstərdi ki, hələ də onlar arasında vahid fikir yoxdur. Onlar gerçəkliyi tanımaq istəmir. Almaniyanın təşəbbüsü ilə keçirilən növbəti görüş Qərb platformasında Berlinə verilən növbəti imkan və şansdır". 
 


Həmsöhbətimizin fikrincə, Almaniyanın aktivləşdirilməsilə dolayısı ilə imkan yaradılır ki, Berlin Fransa prezidentinin yanlış və absurd siyasətinin girovu olmaqdan çıxsın:

"Fransa Ukraynaya cəmi 500 milyon avro yardım etdiyi halda, Almaniyanın bu ölkəyə yardımının həcmi 17.5 milyard avronu keçib. Əməli fəaliyyətə gəldikdə də Fransa görünmür. Bu, Cənubi Qafqaz və Ermənistana münasibətdə də belədir. Paralel olaraq Bundestaq nümayəndələri Ermənistan və Azərbaycana səfər edib. Eyni zamanda, alman iş adamları da ölkəmizə gəlib. Bir sözlə, Azərbaycan Almaniyanın önünü açır. Onun Cənubi Qafqazda fəaliyyəti üçün imkanlar yaradır. Paralel olaraq, münaqişədə təşəbbüskar ölkə kimi təqdim etdiyi danışıq platformasını qəbul edir". 

Natiq Miriyə görə, Almaniya gələcəkdə Fransa kimi davranacaqsa, eyni nəticə, eyni tale onu da gözləyir:

"İndilikdə isə Berlin məsələyə tərəfli deyil, beynəlxalq hüquqdan yanaşmaya üstünlük verir. Çünki bunun alternativi Fransa yönümlü davranış deməkdir. Anlaşmanın olub-olmayacağı isə Almaniyadan asılı deyil. Azərbaycan Ermənistan arasındakı danışıqlardan asılıdır". 

Qeyd edək ki, Berlində Almaniyanın iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir. Hələlik görünən odur ki, Berlin Parisdən fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Bu isə Azərbaycanın maraqlarına cavab verir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->