Xəbər lenti

Azərbaycan Dünya Bankının kreditindən niyə imtina etdi? (ŞƏRH)
Ekonomiks 17:07 23.06.2021

Azərbaycan Dünya Bankının kreditindən niyə imtina etdi? (ŞƏRH)

"Bu kredit pandemiya ilə mübarizə tədbirləri çərçivəsində nəzərdə tutulmuşdu”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov Azərbaycan tərəfinin Dünya Bankının pandemiya ilə əlaqədar proqram çərçivəsində ayırdığı 95 milyon dollar kreditdən imtina etməsinə aydınlıq gətirərkən deyib. Rəşad Həsənovun sözlərinə görə, kreditin müəyyən bir qismi pandemiya dövründə işsiz qalanlara yardım edilməsi və səhiyyə işçilərinin maddi təminatının gücləndirilməsi və s. məqsədlərlə ayrılırdı:



"Düşünürəm ki, sadəcə kreditin təsdiqlənməsi prosedurları gecikdi. Azərbaycan höküməti hesab edir ki, pandemiya artıq arxada qalıb, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün vəsaitə ehtiya yoxdur. Hökümət tərəfindən təşviq olunan istiqamətlər üzrə xərclənməyə Dünya Bankının müvafiq proqram çərçivəsində maliyyələşdirmə predmetinə daxil deyil. Çünki bu COVID-19 pandemiyası ilə sürətli mübarizə tədbirlərinin maliyyələşməsində hədəflənmiş bir proqramdır. Ona görə də vəsaitin təyinatı əvvəlcədən məlum olur. Tək Azərbaycan üçün deyil, dünyanın əksər ölkələri müvafiq proqramdan istifadə etməyə çalışır və istifadəsi nəzərdə tutulub. Ona görə də tək Azərbaycan üçün bu kreditlərin təyinantının vəsaitin istiqamətinin dəyişməsi imkanı yoxdur. Fikrimcə, bu faktor əsas səbəblərdən biridir ki, Azərbaycan höküməti krediti götürməkdən imtina edib”.

Ekspert onu da əlavə edib ki, son dövrlərdə bir sıra istiqamətlər üzrə xarici borclanmaya məhdudiyyətlər tətbiq olunub:

"Hətta bəzi proqramlar çərçivəsində əvvəlki tranşlar ayrılsa da, növbəti tranşların ayrılmasından Azərbaycan höküməti imtina edib. Dövlət borclarının tənzimlənməsi ilə bağlı 2019-2023 proqramı icra olunur. Bu proqram çərçivəsində müəyyən hədəflər var. Dövlət borcunun həm dövlət büdcəsi nisbətində, həm daxili məhsulu nisbətində müəyyən hədəflər var ki, o hədəflərin üzərinə borc səviyyəsinin qaldırılması nəzərdə tutulmur. Lakin Qarabağla bağlı yeni bir situasiya da formalaşıb. Qarabağla bağlı böyük ehtimalla bərpa prosesində ciddi borclanma müşahidə olunacaq. Çünki bu böyük bir prosesdir. Proses çərçivəsində dövlət əhəmiyyətli səviyyədə xarici donorların imkanlarından istifadə etmək çağırışı ilə üz-üzədir. Ona görə də bu gün mümkün qədər çalışılır ki, hansısa az əhəmiyyətli olan istiqamətlərdə borclanma məhdudlaşdırsın”.

Qeyd edək ki, Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihəyə görə Dünya Bankı Azərbaycana 95 mln. ABŞ dollar həcmində kredit ayırması ilə bağlı məlumatlar yayılmışdı.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev isə açıqlamasında "Lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil", - deyə bildirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->