Siyasət 16:22 10.08.2020

Azərbaycan-Türkiyə təlimlərinin yekun nəticələri - Ekspert şərhi

"Hər bir təlim istər hərb sahəsində tətbiqi, istərsə də mülki həyatda istifadəsi üçün öyrənilən və tədris olunan  nəzəriyyənin davamı, onun təcrübədə tətbiqinin praktiki sınağıdır. Bu baxımdan da ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının təsdiq etdiyi plana əsasən, mütəmadi hərbi təlimlər keçirilir”.

Bunu "MediaPost”a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

O bildirib ki, indiki təlimlərə Türkiyə Respublikasının hərbi kontingentinin cəlb edilməsinə siyasi prizmadan baxmaqdan uzaqdır. Çünki bu tipli təlimlər əvvəl də müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə aparılıb:

"Qazandığımız yenə də birlikdə hərbi fəaliyyət metodları, qoşunların və qoşun növlərinin NATO standartlarına daha da yaxınlaşdırılmasıdır. Ən əsası isə son günlər cəbhədə olan hadisələr fonunda hər iki silahlı qüvvələrin bu iki xalq üçün psixoloji və ideoloji yüksəliş və güvən qazancı olmasıdır. Birgə əməkdaşlığımızın tarixi, sovetlər dönəmindən sonrakı xətti misal götürsək, hələ ki, gəncdir. Lakin türk tarixində bizim əlaqəmizin, müştərək əməkdaşlığımızın tarixi böyükdür. 



Azərbaycan Qafqaz regionunda çox da böyük olmayan respublikalardan biridir. Hazırda geostrateji baxımdan ona düşmən, yaxud loyal mövqedə duran dövlətlərlə sərhəddir. Belə olan halda mütləqdir ki, özünə strateji və hərbi əməkdaşlıqda dayanıqlı ola biləcək tərəflərə üstünlük versin. Ərazidə isə bizə daha yaxın və daha etibarlı dövlət Türkiyədir. Bunun əsaslarını açıqlamaq çox vaxt aparar. Lakin biz həmişə qardaşımız olan Türkiyənin dayanıqlı dəstəyini həm siyasi, həm hərbi aspektdə görmüşük. Bu əməkdaşlıq sübut edir ki, Azərbaycan öz əraziləri uğrunda aparacağı hərbi əməliyyatlarda Türkiyə Respublikasının dəstəyini hər zaman görəcək”.

Hərbi ekspertin fikrincə, təlimlər qoşunlar arasındakı qarşılıqlı əlaqə və digər prinsiplərin bir daha yenilənməsi və onların həyata keçirilməsi fonunda aparılıb:

"Müasir texnologiya, fərqli taktikalar, yeni hərbi idarəetmə, maddi-texniki təchizat və qoşunların hərtərəfli təminatının çatdırılması kimi məsələlər təlimlərin əsas tərkib hissəsi idi. Gəlin etiraf edək ki, müasir müharibə aparma tezisləri illər əvvəl qəbul olunmuş taktika və nizamnamələri yeniləyir və bir sıra köhnə taktikaları inkar edir. Məsələn, adi kəşfiyyat metodlarına baxsaq, illər öncə bu hərbi anlayış üçün insan resurslarından istifadə olunurdu. Bu da döyüş itkilərinə, məlumatların operativ çatdırılmasına, təhlilinə, emalına və aidiyyəti üzrə çatdırılmasına, qərar qəbuletmə prosesinin aparılması sürətinə və keyfiyyətinə tələb olunan vaxt baxımından əngəl törədirdi. Lakin hazırda bu kimi taktiki elementlər üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunur və məlumatlar şifrələnmiş şəkildə canlı yayım rejimində ötürülür. Bu da döyüş tapşırıqlarının daha da operativ həlli üçün böyük əhəmiyyətli müsbət meyardır. Müasir müharibələrdə cəldlik, operativlik və dəqiqlik inkar olunmaz amildir. Bu təlimlər müasir təchizatımızın yararlılığını və dayanıqlığını isbat etdi”.



A. Əbilovun sözlərinə görə, Azərbaycan Müstəqillik aktını qəbul edəndən bu günə kimi əməkdaşlıq artan templə davam edir:

"İqtisadi və siyasi əməkdaşlıqdan əlavə, hərbi əməkdaşlığımız da inkişafdadır. Türkiyədə Azərbaycan hərbçilərinin tədris və təlimləri, onların Türkiyənin ən nüfuzlu hərbi təhsil müəssisələrində nümayəndəliyi, texnika, silah-sursat, xüsusi və adi vasitələrin  alınması, onların müasir müharibə aparma kontekstində istifadəsi və s. bu əməkdaşlığın davamlı olacağının şəksiz və sözsüz sübutudur”. 

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan başlayan hərbi təlimlər avqustun 10-dək davam edib. Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti iştirak edib. 

www.ann.az