Xəbər lenti

Bakı və İrəvan sülh sazişini tam razılaşdırıblar? (ŞƏRH)
Siyasət 12:22 17.07.2025

Bakı və İrəvan sülh sazişini tam razılaşdırıblar? (ŞƏRH)

"Paraflama proseduru zamanı hər iki tərəfin XİN rəhbərləri sülh mətninin hər bir səhifəsini imzalayırlar ki, həmin mətnə artıq əlavələr edilməsin". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov diplomatiyada paraflama sözünün mənası və sülh prosesində onun məqsədini şərh edərkən deyib. 

Həmsöhbətimiz bildirir ki, paraflama məsələsi daha uzunmüddətli prosesin tərkib hissəsidir:

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri bəyanat veriblər ki, sülh sazişinin mətnini razılaşdırıblar. Bu şifahi bəyanatdır. Paraflama proseduru zamanı isə xarici işlər nazirləri ya hərəsi öz paytaxtlarında, ya da hansısa başqa bir yerdə görüşüb mətnin hər bir səhifəsini imzalayırlar. Bu imzalamaqda da məqsəd odur ki, həmin mətnə artıq əlavələr edilməsin. Yəni bu hər iki tərəfin razılaşdırılmış mətni yekunlaşdırdıqları və digər böyük sülh prosesinin tərkib hissəsi kimi onu artıq ortaya qoyduqlarının siqnalıdır".
 


Fərhad Məmmədov bildirib ki, iki dövlət arasında münasibətlər normaldırsa, onların diplomatları arasında hansısa sazişlə bağlı danışıqlar gedəndə sənədlər birbaşa olaraq imzalanır:

"Bu zaman bir neçə prosedur var. Məsələn, bəyannamələr parlamentin ratifikasiyasından keçməsinə elə də ehtiyac yoxdur, keçə də bilər, keçməyə də. Amma saziş və anlaşmalar isə mütləq parlamentin ratifikasiyasından keçməlidir".

Ekspert düşünür ki, paraflanma prosesi paralel olaraq hansısa digər bir addımla da şərtləndirilməlidir:

"Bu da öz növbəsində məsələn, Minsk qrupunun ləğvi ilə bağlı hər iki tərəfin ATƏT-ə müraciəti ola bilər. Görünən odur ki, bu prosedurları tərəflər yol xəritəsi kimi müəyyənləşdiriblər. Bu yol xəritəsində də sülh sazişinin paraflanması, yəni mətnin hər iki tərəfdən şifahi deyil, rəsmi şəkildə təsdiq edilməsi həmin addımlardan biri olacaq".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan mətbuat konfransında "İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər" açıqlaması ilə çıxış edib: "Bəli, belə bir ideya da var. Belə bir ideya müzakirə masasındadır".

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yolunda heç bir imkanı əldən vermir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->