"Mironov bu sayaq yanaşma ilə özünün faşizm ideologiyasının daşıyıcısı olduğunu göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Rusiya Dövlət Dumasının üzvü, Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironovun bu ölkədəki Azərbaycan diasporuna qarşı daha kəskin mövqe sərgiləməsini tələb etməsini şərh edərkən deyib.
Sərdar Cəlaloğlu bildirib ki, Rusiyada faşizm ideologiyası hökm sürür:
"Velikorus şovinizmi Rusiyanı idarə edən az qala bütün təbəqələrdə bu və ya başqa şəkildə təzahür edir. Bu ölkədə son dövrlər miqrantlara qarşı atılan addımlar, göstərilən münasibət, hakimiyyət orqanlarının onlara münasibətdə qeyri-qanuni hərəkətləri, zorakılığın tətbiqi, rusların üstün millət olmasının təbliği, başqa xalqların tarixi və mədəniyyətinin sıxışdırılması və s. göstərir ki, Rusiyada açıq aydın şəkildə faşizm ideologiyası üstün mövqe tutmağa başlayıb".
Partiya sədri qeyd edib ki, Rusiyada baş qaldıran bu proses məhz yuxarıdan təhrik edilən bir prosesdir:
"Sergey Mironov da faktiki olaraq həmin faşist ideologiyasının daşıyıcılarından biridir. Bu mənada Rusiya hakimiyyətində təmsil olunan hər hansı bir rusu başqa rusdan fərqləndirmək istəmirəm. Çünki Rusiya hakimiyyətində təmsil olunanlar məhz faşizm ideologiyasını mənimsədiklərinə görə seçilib, hakimiyyətə gətirilən adamlardan ibarətdirlər".
Qeyd edək ki, hələ də Rusiyada azərbaycanlılara qarşı repressiyalar davam edir. Həm də bu tendensiyanın vüsət almasına rusiyalı rəsmilər, onların açıqlamaları da təkan verir. Mətbuatın yazdığına görə, Rusiya Dövlət Dumasının deputatı, Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb.
Mironov həmçinin bildirib ki, müraciətinin əsas mövzusu–bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük "Sadovod” və "Food City” bazarlarının yoxlanılması da daxildir.
Rüfət Sultan
Şərhlər