Azərbaycan Yaşılları

Azərbaycan Yaşılları "Euronews"da seçki anonsu verdi

Azərbaycan Milli Məclisi (Parlament) tarixində ilk dəfə olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə buraxılması ilə bağlı müraciət ünvanladı. Nəticə etibarilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul etdi və Konstitusiyanın 98-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 9-na növbədənkənar seçkilərin təyin olunması barədə fərman imzaladı.

Bir çoxu bu addımı gözlənilməz hesab etsə də, digərləri bunu parlamentin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara cavabı olaraq görürlər. Əslində, növbədənkənar seçkilər ölkəmizin demokratik inkişafı üçün müsbət addım kimi qəbul edilə bilər, çünki ölkədə aparılan islahatların tempini sürətləndirmək və qanunvericiliyi təkmilləşdirmək baxımından böyük potensiala malikdir.

Azərbaycan Yaşıllar Hərəkatının həmtəsisçisi, 4-cü çağırış Milli Məclisin deputatı, İqtisadiyyat üzrə fəlsəfə doktoru, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və təhlilçi Ceyhun Osmanlı hesab edir ki, on ildən çoxdur ki, Azərbaycan Avropanın neft xəritəsində mühüm rol oynayır və indi Aİ-nin qaz xəritəsində yeni bir səhifənin açılmasının təşəbbüskarıdır. Bu ay biz Azərbaycan qazını Avropaya çatdıracaq Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsini uğurla tamamladıq və Azərbaycan qazı və onu Avropaya çatdıracaq infrastruktur hazırdır. Lakin yeni islahatlara ehtiyac olduğu da aşkardır. İqtisadiyyatımız artıq geniş enerji ehtiyatlarımıza bel bağlaya bilməz və avropalı tərəfdaşlarımız kimi, biz də iqtisadiyyatın şaxələndirilməsinə və yaşıl iqtisadiyyata keçidə daha çox diqqət yetirməliyik.

Bu dəyişikliyə nail olmaq üçün təsisatlarımız yenilənməli, təmiz hava, təmiz su və yaşıl enerji kimi əhalimizin əsas ehtiyaclarını təkmilləşdirmək üçün qurumlar və onların məsələyə baxışı da yenilənməlidir. Yeni çağırışlar nəsillərarası yenilənməni, siyasi sistemimizdə üstünlüyə malik yetmiş-səksən yaşlıların təcrübəsi ilə yanaşı, yeni məsələlərə yeni baxışları ortaya qoya bilən gənc nəslə ehtiyacı da ortaya çıxardır.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı ilə biz Çin və Avropa arasındakı logistika və nəqliyyat layihələrinin ayrılmaz bir hissəsinə çevrildik. Qafqaz və Orta Asiya regionlarında sosial-iqtisadi və siyasi dinamizmin müşahidə olunduğu bu yeni dövrdə Sovet tipli bürokratiyalar və köklü güc strukturları artıq dayanıqlı ola bilməz. Prezidentliyinin öncəki illərində əsasən dayanıqlı iqtisadi və sosial inkişaf, eyni zamanda geosiyasi çağırışların həllinə indekslənən siyasət yürüdən Prezident İlham Əliyev 2018-ci ildə təkrar Prezident seçildikdən sonra siyasi reformlar, sistem reformları və kadr reformlarını da prioritet elan etdi.

Siyasi sistemimizin şəffaflığı və etibarlılığını artırmaq üçün 2018-ci ildən başlayaraq əlverişli biznes mühitinin yaradılması, ölkəmizin davamlı inkişafını təmin edilməsi, həmçinin, gənc nəslin nümayəndələrinin nazir və inzibati vəzifələrə təyin edilməsində yeni bir dalğanın şahidiyik. Beləliklə, Harvard, Oksford və Sorbonna kimi nüfuzlu universitetlərin məzunları olan və köhnə Sovet İttifaqı təsisatları ilə əlaqəsi olmayan gənc siyasətçilər hakimiyyət eşelonlarına yüksəlməyə başladılar.

Digərlərini şantaj edən ya da təhqir edən siyasətçilərin islahat prosesinə kölgə saldığını deyən Prezident İlham Əliyev, uzaqgörən, islahatçı və təcrübəli iqtisadçı Əli Əsədovu ötən ilin oktyabrında həyata keçirilən hökumət dəyişiklikləri zamanı ölkənin yeni baş naziri təyin etdi. Hökumət və prezident administrasiyası heyətində də bir sıra yerdəyişmələr oldu. Peşəkar idarəetmə bacarığı və müdrikliyi ilə tanınan, birinci vitse-prezidentin keçmiş köməkçisi Anar Ələkbərov və ARDNF-in keçmiş icraçı direktoru, Harvard Universitetinin məzunu Şahmar Mövsümov prezidentin köməkçiləri təyin edildi. Bununla yanaşı, 44 yaşlı Duke Universitetinin məzunu Samir Nuriyev Azərbaycan Prezident Administrasiyasının rəhbəri təyin edildi.

Son bir neçə ildə vergilər və nəqliyyat nazirliklərində, həmçinin Dövlət Gömrük Komitəsində korrupsiyaya qarşı mübarizə istiqamətində ciddi işlər görülüb. Nəticədə ədalətsiz rəqabətə əsaslanan müxtəlif qalmaqallarda adları hallanan insanlar vəzifədən kənarlaşdırılıb.
ƏTRAFLI
Unimall.az
İqtisadi, sosial, o cümlədən qanunun aliliyi sahəsində geniş vüsət alan islahat siyasətinin dəstəklənməsində və koordinasiya edilməsində 2017-ci ildə etibarən Azərbaycanın Birinci Vitse-Prezidenti olan Mehriban Əliyevanın xüsusi rolu vardır. Bu proses çərçivəsində, gömrük sistemi rəqəmsallaşdırma yolu ilə daha da təkmilləşdirildi və burada şəffaflıq təmin olundu. Gömrük Komitəsinin rüsum yığılmasına müdaxiləsinin qarşısı alındı. Bu dəyişikliklərin məqsədi kök salmış inhisarçılığı aradan qaldıraraq idxal-ixrac şirkətləri üçün yaxşı bir zəmin yaratmaq idi.

Eyni zamanda, vergitutma sahəsində, xüsusilə şəffaflığın artırılması, qeyri-rəsmi iqtisadiyyatın həcminin azaldılması, vergi inzibatçılığının yaxşılaşdırılması və vergi güzəştlərinin (qeyri-neft sektorunda işləyənlər üçün vergi güzəştləri) verilməsi məsələləri bağlı uğurlu islahatlar həyata keçirildi. Uğurlu vergi siyasətində rol almış keçmiş Vergilər naziri və Makcorc Hüquq Məktəbinin məzunu, Mikayil Cabbarov İqtisadiyyat naziri təyin olundu. İndi O İqtisadiyyatla yanaşı Vergi siyasəti və Dövlət Əmlakının Özəlləşdirilməsi siyasətinə də cavabdehlik daşıyacaq.

Bundan başqa, Sumqayıtda sənaye parkları və Ələtdə Azad Ticarət Zonası yaradıldı, xarici investorlara vergi güzəştləri tətbiq olundu. Məsələn, Ələtdə xüsusi qanunvericiliyə əsasən fəaliyyət göstərəcək Azad Ticarət Zonasında şirkətlər vergilərdən azad olunacaq.

Elektron hökumət modelimiz "ASAN Xidmət”in fəaliyyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yüksək qiymətləndirilir. "ASAN Xidmət” BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Bizim innovativ "bir pəncərə” sistemləri digər ölkələr üçün bir nümunədir və xaricdə tətbiq edilir.

Azərbaycanın Dünya Bankının "Doing Business” hesabatında 190 ölkə arasında 34-cü sırada yer alması yuxarıda qeyd etdiyimiz nailiyyətləri bir daha təsdiqləyir. Hesabatda ölkəmiz əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması və müqavilələrin icrası sahəsində irəliləyiş əldə edərək 20 ən islahatçı ölkə siyahısına daxil edilib. Eyni zamanda Azərbaycanda məhkəmə proseslərinin şəffaflığı və etibarlılığını artırmaqla yanaşı, hüquq sistemindəki korrupsiyaya qarşı mübarizəyə yönəlmiş məhkəmə islahatlarına diqqət artırılmışdır. Ümumiyyətlə, bu islahatların qarşıdakı illərdə ölkəyə xarici sərmayə axının genişlənəcəyi və bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin sürətlənəcəyi də gözlənilir.

Strateji baxımdan Avropa ilə Asiya arasında yerləşən ölkəmiz zamanın tələbi ilə ayaqlaşmağa hazırdır. Həm hakim partiya, həm də əsas müxalifət partiyaları (Avropapərəst, müxalifətçi ReAl partiyası, Müsavat, Ümid, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və digər müxalifət partiyaları) növbədənkənar seçkilərdə iştiraka hazır olduqlarını artıq bəyan ediblər. Bir sıra müstəqil namizəd, o cümlədən media və vətəndaş cəmiyyəti nümayəndələri, Bəxtiyar Hacıyev kimi sosial media fəalları seçkilərdə iştirak etməyə həvəsli olduqlarını bildiriblər. Demokratik tariximizdə ilk dəfə Qlobal Yaşılların dəyərlərini bölüşən yeni bir hərəkat - Azərbaycan Yaşılları da seçki prosesində iştirak etməyi hədəfləyir. Bu yeni dinamizm, şübhəsiz ki, Azərbaycanda yeni bir demokratik eranın başlanmasına səbəb olacaq, seçicilər isə islahat prosesini daha da inkişaf etdirmək şansı əldə edərək iştirakçı demokratiyaya nail olmaqda töhfə verəcəklər.

Qeyd: Məqalə euronews.com saytında dərc olunub.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR