Ölkə 23:55 26.05.2023

Azərbaycanda şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur

Bütün dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur.

"Qafqazinfo” xəbər verir ki, bunu "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçirilib.

Qurum rəsmisi bildirib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su itkilərinin, israfçılığın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. ADSEA sədrinin əmrinə əsasən, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu və Bağlar massivi üzrə işçi qrupları yaradılıb və yerli icra hakimiyyəti orqanları ilə birgə iş aparılır. İçməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə Fəaliyyət  Planı təsdiq edilib və may ayının 1-dən işlərə başlanılıb. İlk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr, bir sözlə, iri su istehlakçılarının su sərfi təhlil olunur.