Karib hövzəsi ölkələri transatlantik qul ticarəti və əsarətin yaratdığı tarixi zərərə görə Böyük Britaniyadan trilyonlarla dollar məbləğində təzminat tələb etməyə hazırlaşır. Məsələ noyabr ayında Antiguada keçiriləcək Birlik ölkələri sammitində müzakirəyə çıxarıla bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.
Karib hövzəsinin 15 ölkəsini birləşdirən CARICOM təşkilatı reparasiyalar məsələsinin Birlik ölkələri hökumət başçılarının görüşünün gündəliyinə daxil ediləcəyini açıqlayıb. Təşkilata Yamayka, Barbados və Trinidad və Tobaqo kimi ölkələr daxildir.
Böyük Britaniya hökuməti isə maliyyə təzminatı ödəmək niyyətində olmadığını bildirib. London transatlantik qul ticarətini pisləsə də, tarixi hadisələrə görə kompensasiya ödəməkdən imtina edir və tərəfdaşlarla dialoqun davam etdiriləcəyini bildirir.
Barbados isə məsələ ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət imkanını nəzərdən keçirir. Ölkənin Baş naziri Mia Mottli köləliyin yaratdığı iqtisadi zərərin hesablanması üçün xüsusi texniki komitə yaradıb.
Karib ölkələri yalnız birbaşa maliyyə ödənişlərini deyil, səhiyyə, təhsil və regional inkişaf proqramlarının maliyyələşdirilməsini də mümkün kompensasiya formaları kimi nəzərdən keçirirlər.
Məsələ ilə bağlı mümkün hüquqi prosesin BMT-nin irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyasına əsaslandırılması da müzakirə olunur. Bununla belə, belə bir iddianın hüquqi əsasları və Böyük Britaniyanın məsuliyyət məsələsi ayrıca mübahisə predmetidir.
Aydın
Şərhlər