Xəbər lenti

Azərbaycanlı alimdən folklorşünaslıq və rəqəmsal humanitar elmlərə yeni töhfə (FOTO)
Foto 10:59 29.07.2026

Azərbaycanlı alimdən folklorşünaslıq və rəqəmsal humanitar elmlərə yeni töhfə (FOTO)

Azərbaycanlı alim, Xəzər Universitetinin dosenti Aynur Qəzənfərqızının müəllifi olduğu "Azərbaycan Türk Mədəniyyət Metaversi: Rəqəmsal Turizm Folklorunun Yaranması, Qorunması və Tətbiqi" adlı elmi monoqrafiya İmza Nəşrləri tərəfindən nəşr olunub.

Qaynarinfo xəbər verir ki, monoqrafiya müasir folklorşünaslıq, rəqəmsal humanitar elmlər və turizm araşdırmalarının kəsişməsində yazılmış fundamental elmi tədqiqatdır. Əsərdə metaverse texnologiyalarının milli-mədəni irsin qorunması, təqdimatı və turizm sahəsində yaratdığı yeni imkanlar ilk dəfə vahid konseptual yanaşma əsasında sistemləşdirilir.

Kitabın elmi redaktorları tanınmış folklorşünas alim, professor Füzuli Bayat və turizm üzrə mütəxəssis, professor Bahadur Bilalovdur. Monoqrafiyanın ön sözünün müəllifi professor Füzuli Bayat əsəri folklorşünaslıq elminin müasir inkişaf istiqamətlərini əks etdirən və gələcək tədqiqatlar üçün yeni perspektivlər açan mühüm elmi nəşr kimi dəyərləndirib.

Monoqrafiyanın əsas elmi yeniliyi müəllif tərəfindən "Rəqəmsal turizm folkloru" konsepsiyasının formalaşdırılması və elmi dövriyyəyə təqdim edilməsidir. Əsərdə folklor, turizm və metaverse texnologiyaları ilk dəfə vahid nəzəri model çərçivəsində əlaqələndirilir, rəqəmsal mühitdə yaranan yeni folklor hadisələrinin mahiyyəti, onların qorunması, inkişafı və tətbiqi elmi əsaslarla izah edilir.

Müəllif metaverse anlayışına yalnız texnoloji yenilik kimi deyil, həm də milli-mədəni yaddaşın qorunduğu, folklorun yeni formada yaşadığı və gələcək nəsillərə ötürüldüyü innovativ mədəni məkan kimi yanaşır. Monoqrafiyada Azərbaycan türk folklorunun metaverse mühitində təqdimatı, virtual mədəni məkanların formalaşdırılması, rəqəmsal irs və gələcəyin turizm modelləri geniş şəkildə təhlil olunur.

Mövcud beynəlxalq ədəbiyyatda metaverse turizmi, internet folkloru və rəqəmsal folklorla bağlı tədqiqatlar olsa da, "Rəqəmsal turizm folkloru" anlayışının ayrıca konsepsiya kimi sistemli şəkildə işlənməsi və metaverse, folklor və turizmin vahid nəzəri modeldə birləşdirilməsi bu monoqrafiyanın fərqləndirici elmi xüsusiyyətlərindəndir.

Müəllifin fikrincə, süni intellekt, metaverse və digər rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə əsas məqsəd texnologiyanın özünü deyil, onun milli-mədəni irsin qorunmasına, tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən imkanlarını elmi baxımdan dəyərləndirməkdir.

Yeni nəşrin folklorşünaslıq, turizm, rəqəmsal humanitar elmlər, kulturologiya və informasiya texnologiyaları sahəsində çalışan alim və tədqiqatçılar, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də rəqəmsal mədəniyyət mövzusuna maraq göstərən oxucular üçün dəyərli elmi mənbə olacağı gözlənilir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->