Alimlərin Alyaskada üçbarmaq qağayılar (moyka) üzərində apardığı qeyri-adi təcrübə maraqlı nəticələr ortaya qoyub. Məlum olub ki, uçma qabiliyyəti süni şəkildə zəiflədilən quşların bir qismi məhv olsa da, sağ qalanlar növbəti il daha uğurlu çoxalıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.
Araşdırma 2021–2024-cü illər ərzində 251 quş üzərində aparılıb. Tədqiqatın məqsədi balalarını böyütmə dövründə əlavə enerji sərf etməyin dəniz quşlarının gələcək həyatına necə təsir etdiyini müəyyənləşdirmək olub.
Bunun üçün quşlar üç qrupa bölünüb. Birinci qrupa mütəmadi əlavə yem verilib. İkinci qrupda isə yumurtalar qoyulduqdan sonra hər quşun bir qanadındakı üç əsas uçuş lələyi və quyruğundakı iki lələk kəsilib. Üçüncü qrup isə nəzarət qrupu kimi saxlanılıb.
Lələkləri qısaldılan quşların uçuşu çətinləşdiyi üçün onlar qida axtarışına daha çox enerji sərf etməli olublar. Bu isə çoxalma göstəricilərinə ciddi təsir edib. Belə ki, həmin qrupda cücələrin cəmi 10 faizi yuvanı tərk edəcək qədər böyüyə bilib. Nəzarət qrupunda bu göstərici 43 faiz, əlavə yem verilən quşlarda isə 44 faiz olub.
Bundan başqa, daha çox enerji sərf edən quşlar koloniyanı digərlərindən təxminən 10 gün əvvəl tərk edərək mövsümi miqrasiyaya başlayıblar.
Alimlər quşların hər birinə kiçik geolokatorlar yerləşdirərək onların miqrasiya marşrutlarını izləyiblər. Məlum olub ki, çətin çoxalma mövsümündən sonra bu quşlar Sakit okeanın şimal hissəsi boyunca daha uzun məsafələr qət ediblər.
Tədqiqat müəlliflərinin fikrincə, bu, onların daha zəngin qida ehtiyatı olan ərazilərə çatmasına və enerji ehtiyatlarını bərpa etməsinə imkan verib.
Araşdırma göstərib ki, məhz daha uzun məsafə qət edərək koloniyaya geri qayıdan quşlar növbəti il daha uğurla nəsil artırıblar.
Lakin bunun da mənfi tərəfi olub. Lələkləri qısaldılan quşların yalnız 67 faizi növbəti il yuvalama ərazilərinə geri dönə bilib. Bu göstərici nəzarət qrupunda 83 faiz, əlavə yem verilən quşlarda isə 90 faiz təşkil edib.
Alimlər hesab edirlər ki, bu nəticələr heyvanların "enerji çevikliyi" adlandırılan xüsusiyyətini nümayiş etdirir. Yəni onlar mövcud şəraitdən asılı olaraq enerjini çoxalma, miqrasiya və öz həyatda qalma ehtiyacları arasında yenidən bölüşdürə bilirlər.
Tədqiqatçılar bildirirlər ki, əldə olunan nəticələr iqlim dəyişikliyinin dəniz quşlarına təsirini daha yaxşı anlamağa kömək edə bilər. Onların fikrincə, okeanların istiləşməsi səbəbindən qida tapmaq üçün daha çox enerji sərf olunması gələcəkdə quşların həm sağ qalmasına, həm də çoxalma qabiliyyətinə mənfi təsir göstərə bilər.
Günay
Şərhlər