"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda kimi düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edərək (1:0, 2:0) III təsnifat mərhələsinə yüksəlib.
Bununla da "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasının hansı liqa mərhələsində çıxış edəcəyi növbəti iki təsnifat mərhələsinin nəticələrindən sonra dəqiqləşəcək.
Qitəmiqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən "Sabah" bu uğura avrokuboklardakı 4-cü mövsümündə imza atıb.
Bunadək Azərbaycan futbolunda yalnız üç komanda – "Neftçi", "Qarabağ" və "Qəbələ" qitə kuboklarının əsas mərhələsində çıxış edib. Həmin klublar birlikdə 15 dəfə bu uğuru təkrarlayıblar.
"Neftçi” – 1 dəfə
UEFA Avropa Liqası – 2012/13
"Qarabağ” – 12 dəfə
UEFA Avropa Liqası – 2014/15
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
UEFA Çempionlar Liqası – 2017/18
UEFA Avropa Liqası – 2018/19
UEFA Avropa Liqası – 2019/20
UEFA Avropa Liqası – 2020/21
UEFA Konfrans Liqası – 2021/22
UEFA Avropa Liqası – 2022/23
UEFA Avropa Liqası – 2023/24
UEFA Avropa Liqası – 2024/25
UEFA Çempionlar Liqası – 2025/26
"Qəbələ” – 2 dəfə
UEFA Avropa Liqası – 2015/16
UEFA Avropa Liqası – 2016/17
"Sabah” – 1 dəfə
Avrokuboklar - 2026/27
"Sabah"ın "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub. Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.
Qitəmiqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. "Sabah" ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.
Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqda bu qədər qələbə qazanıb.
"Sabah"ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn "Sabah" ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Şərhlər