Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) birgə hazırladığı son hesabat göstərir ki, zəruri profilaktik tədbirlər görülməzsə, 2050-ci ilədək dünyada hər il qeydə alınan yeni xərçəng hallarının sayı 35 milyona çata bilər.
Qaynarinfo xəbər berir ki, hesabata əsasən, ürək-damar xəstəliklərindən sonra dünyada ən çox ölümə səbəb olan xəstəliklərdən biri olan xərçəng hazırda da hər gün 26 mindən çox insanın həyatına son qoyur.
Mütəxəssislər bildirirlər ki, ağciyər, süd vəzi və yoğun bağırsaq xərçəngi ən geniş yayılmış növlər sırasındadır. Əvvəllər əsasən yaşlı əhali arasında müşahidə olunan bu xəstəlik son illərdə ətraf mühit amilləri və erkən bioloji qocalma səbəbindən daha gənc yaş qrupları üçün də ciddi riskə çevrilib.
Müalicəyə çıxışdakı bərabərsizlik narahatlıq doğurur
Hesabatda qeyd olunur ki, xərçənglə mübarizədə ən böyük problemlərdən biri ölkələr arasında səhiyyə imkanlarındakı fərqlərdir.
İnkişaf etmiş ölkələrdə süd vəzi xərçəngi diaqnozu qoyulan xəstələrin beşillik sağqalma göstəricisi 87 faizə çatdığı halda, aşağı gəlirli ölkələrdə bu rəqəm cəmi 42 faiz təşkil edir.
Asiya dünyadakı xərçəng hallarının təxminən yarısını özündə cəmləşdirir. Avropa isə dünya əhalisindəki payı daha az olmasına baxmayaraq, bütün xərçəng hallarının 21 faizinin qeydə alındığı regiondur.
Afrika və Asiyanın aşağı gəlirli bölgələrində məhdud səhiyyə imkanları səbəbindən erkən diaqnostika və müalicəyə çıxışın zəif olması ölüm riskini əhəmiyyətli dərəcədə artırır.
Xərçəng hallarının 40 faizinin qarşısını almaq mümkündür
Ekspertlərin qiymətləndirməsinə görə, xərçəng hallarının təxminən 40 faizinin sağlam həyat tərzi sayəsində qarşısını almaq mümkündür.
Risk amilləri arasında siqaret çəkmə, alkoqol istehlakı, fiziki hərəkətsizlik, havanın çirklənməsi və virus mənşəli infeksiyalar xüsusi yer tutur.
Mütəxəssislər bildirirlər ki, siqaretlə mübarizə və peyvənd proqramları bəzi xərçəng növlərinin yayılmasını azaltsa da, xüsusilə aşağı gəlirli ölkələrdə əsas dərman vasitələrinə çıxış hələ də kifayət qədər deyil.
ÜST və digər səhiyyə qurumları erkən diaqnostika xidmətlərinin genişləndirilməsini və xərçəng müalicəsinin ümumi tibbi sığorta sistemlərinə daxil edilməsini vacib hesab edir.
Aydın
Şərhlər