Bu səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb.
Qaynarinfo yeniavaz.com-a istinadən xəbər verir ki, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edir.
Rəsmi açıqlamaya görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub.
25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Şərhlər