“Gucci”nin yeni kolleksiyası kreativ direktor Demnanın imzası ilə Milan Moda Həftəsi çərçivəsində təqdim edilib.
Qaynarinfo xəbər verir ki, “Gucci” satış gəlirlərindəki geriləmədən sonra markanın kreativ direktor vəzifəsinə gətirilən Demnanın hazırladığı yeni kolleksiyanı Milan Moda Həftəsi çərçivəsində keçirilən dəfilədə nümayiş etdirib.
“Guardian”ın məlumatına görə, dizayner sərgi mərkəzini markanın yeni mağaza konsepsiyasını əks etdirən pərakəndə satış məkanına çevirib. Romeo Bekhem, Byanka Kagger, Kardi Bi və Edvard Norton kimi məşhurların qatıldığı tədbirdə qonaqlar əvvəlki kolleksiyalara aid məhsulların nümayiş etdirildiyi rəflər arasında qarşılanıb.
İyul ayında vəzifəsinin icrasına başlayan Demna “Gucci”dəki ilk ilini markanın kimliyini təhlil etməyə həsr etdiyini bildirib. O, yeni kolleksiyanın brendin vizyonunu tam şəkildə əks etdirdiyini qeyd edib.

Maliyyə göstəriciləri və strategiya
“Kerinq” qrupunun tərkibində fəaliyyət göstərən və qrupun satışlarının təxminən yarısını təmin edən “Gucci” 2022-ci ilə qədər davam edən böyümə tendensiyasından sonra minimalist dizaynlara keçid dövründə gəlir itkisi ilə üzləşib. Markanın dövriyyəsi üç il ərzində təxminən yarıbayarı azalıb.
“Balensiaga”dakı 10 illik fəaliyyətindən sonra “Gucci”nin rəhbərliyinə keçən Demnanın hazırladığı ilk məhsulların təqdimatından sonra “Kerinq” iyul ayında satışlarda yenidən artım qeydə alındığını açıqlayıb. “Kerinq”in baş icraçı direktoru Luka de Meo markanın mədəni görünürlüğünün və tanınmasının artırılmasının əsas məqsəd olduğunu bildirib.

Kolleksiyanın mövzusu və diqqətçəkən detallar
Dizayner yeni kolleksiyanı “üsyankar aristokrat, züppe və ekssentrik” olmaqla üç fərqli xarakter mövzusu ətrafında qurub.
Kişi geyimlərində geniş biçimli dərzilik məhsulları, mokasinlər və saçaqlı başmaqlar ön plana çıxıb. Alçaqbel cins şalvarlar markanın simvoluna çevrilmiş üçlü at yüyəni tokalı kəmərlərlə tamamlanıb. Geniş çiyinli pencəklərlə yanaşı, kapüşonlu üst geyimlərə də yer verilib.
Qadın geyimlərində reqbi köynəkləri, ətəkli kostyumlar, eləcə də italyan burjuaziya üslubunu əks etdirən xəz detallı paltolar və şallar nümayiş etdirilib. Markanın atçılıq keçmişinə istinad edən sivri dabanlı çəkmələr və taytlarla yanaşı, Şotlandiya damalı parçalarından hazırlanmış A-formalı ətəklər də diqqət çəkib.
Gecə geyimlərində isə markanın 1990-cı illərdəki dizayn üslubuna istinad edən dərin yarıqlı uzun qara libaslar, metal dabanlı stiletto ayaqqabılar və arxa dekoltəli modellər nümayiş olunub.
Aydın
Şərhlər