Ölkə 11:03 09.11.2023

Bakıda saxlanılan separatçı başçılardan yeni xəbər

Qarabağdan qovulmuş erməni separatçılarının Bakıda həbsdə saxlaınaln keçmiş başçılarından yeni xəbər var.

Modern.az xəbər verir ki, özünü buraxmış keçmiş qondarma "Artsax liderləri”nin sağlamlıq vəziyyəti və saxlanma şəraiti barədə məlumat onların ailələrinə çatdırılıb.

Bu barədə Ermənistanın  Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi bildirib.

Onun sözlərinə görə, 19-20 sentyabr antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya aparılmış 16 nəfər, o cümlədən qondarma "Artsaxın liderləri” haqqında məlumatlar həmin şəxslərin yaxınlarına təqdim olunub. Bu məlumata onların səhhəti, saxlanma şəraiti, eləcə də fotoları daxil edilib.

Ermənistan nümayəndəsi bu məlumatların Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə əldə edildiyini bildirib.
 
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan bildirib ki, hazırda Avropa İnsan Haqları Məhkəməsi rəsmi İrəvanın saxlanılan şəxslərlə bağlı etirazını araşdırır.