"Roma", "Liverpul" faciələrindən sonra "Barselona" "Bavariya” Münhenin də adını siyahıya həkk etdirdi. Gözlənilən idi, bir gün bunun baş verəcəyi hiss olunurdu. Məsələ ondadır ki, köklü dəyişikliklər olmazsa, faciələrin davamı gələcək.
Köklü islahatlar olmazsa...
Köklü dəyişikliklər klub rəhbərliyin ciddi islahatlara getməsi, ya da istefasıyla baş verə bilər. Amma ötən beş il ərzində baş verənlər bir daha göstərdi ki, prezident Bartameonun ciddi dəyişikliklər üçün nə iradəsi, nə də həvəsi var. Əksi baş versəydi, indi komanda və azarkeşlər bu durumla üz-üzə qalmazdılar. Buna görə də Bartameo və İdarə Heyəti tam tərkibdə istefaya getməlidir. Baş məqşçinin və yaxud da klubda kiçik vəzifə tutan adamların yola salınması sadəcə gözə kül üfürmək olacaq.
Quique Setienin istefaya göndərilməsi, yerinə gələcək başqa bir baş məşqçi ilə heç bir uğur qazanmaq olmaz. Ən yaxşı halda 2-8 hesablı məğlubiyyət tabloda 1-4-lə əvəzlənəcək. Yəni, indiki siyasətlə nə Pep Qvardiola, nə Xavi Hernandez, nə də başqa bir adlı-sanlı məşqçi nəyəsə nail ola bilər. Problem dərindir, köklü və ciddi islahlatlar olmazsa, açılmış dəliyin diametri daha da böyüyəcək.
Baş verənlər bir daha göstərdi ki, Valverdenin gedişiylə klubda yüksəlişə doğru nəsə olmadı. Əksinə, problem daha dərinə işləməyə başladı. Bəli, Ernestonun səhvləri oldu. İstər "Roma"yla, istərsə də "Liverpul"la oyunda səhv heyətin meydanda olması, taktiki düzülüşün, eləcə də oyunun gedişinə təsir edə bilməməsi onun günahıydı, amma bu, günahdan o yana ola bilməzdi. Axı, Valverde komandada müsbətə doğru addımlar da atdı. Ən azından onun zamanında müdafiə daha etibarlı idi və La Liqada "Barselona"nın hegemonluğu nəzərə çarpacaq dərəcədəydi. Təsadüfü deyil ki, mövsümün ortasında komanda riyazi olmasa da, qeyri-rəsmi çempionluğu həll edirdi. Amma nə olsun? Yenə bütün diqqətlər onun üzərindəydi və oynatdığı oyuna görə tənqidlərə tuş gəlirdi. Amma günahkar təkcə Ernesto idimi? O, sadəcə günah keçisi seçildi və üçüncü ilini tamamlamamış komandadan göndərildi. Yenə də problem qaldı və rəhbərlik heç nəyi həll etmədi.
Klubdaxili iyerarxiya
Valverdeni sevməyənlərin ən böyük arqumenti oynatdığı oyuna görə idi. Burda isə Ernestonu günahlandırmaq gərək deyil. Onu komandaya gətirən rəhbərlikdədir problem. Çünki seçim edəndə kimin nəyə qadir olduğunu və hansı məşqçinin necə bir üslüb seçəcəyi bilinməlidir. Rəhbərlik isə hücum futbolu oynadan Luis Enrikidən sonra müdafiəyə önəm verən, əks hücumlarla diqqət çəkən "Atletik"in baş məşqçisinə "Barselona"nı tapşırdı. O da öz üslubuna xas oyun oynatdı. Sadəcə komanda topa nəzarətetmə ənənəsinə sadiq qaldı. Valverde "Atletik"də rəhbərliyin ondan tələbinə uyğun daha yaxşı nəticə göstərirdi. "Barselona"ya gələndə "Atletik"in təkliflərindən imtina etməsi bir daha onun klubda uğurlu iş görməsinə sübutdur. Amma "Barselona"da işlər qaydasında getmədi. Bu ilk gündən göründü. Düzgün olmayan transfer siyasəti, ona lazım olan futbolçuların alınmaması, Neymarın gedişi, klubda hökm sürən iyerarxiya Valverdeyə işləməyə imkan vermədi.
Səhv transfer siyasəti, düzgün qurulmayan iş
Neymar gedəndən sonra hələ də onun yerinə "Barselona" futbolçu transfer etməyib. Komanda post-Messi dövrünə hazırlaşdığı üçün transfer edilən bütün futbolçular Leonun cinahına alınırdı. Dembele, Qrizman, Malkom - hər üçü sağ cinah hücumçusudu. Valverde məcburiyyətdən hücumun solunda mərkəz oyunçusu və "Liverpul"da oyun qurucusu olan Koutinyonu oynatmağa məcbur oldu. Bu da effekt vermədi, bir-iki oyunla nəyəsə nail olmaq olardı, amma bütün mövsümü bu cür keçirmək isə mümkünsüz idi. Bu üzdən də komanda iki mövsüm ard-arda faciələrlə üzləşdi.
Baxın, 17 yaşlı, təcrübəsiz, çəlimsiz Ansu Fati sol cinahda oynamaqla komandaya nə qədər qatqı verdi. Klub bu mövqeyi Neymar gedəndən həmən sonra təcrübəli bir hücumçuyla doldursaydı, problemlər bu qədər olmazdı.
Üstəlik, klub daxilində iyerarxiya, rəhbərliyin müdaxilələri öz sözünü dedi. İstər Valverde, istərsə də Setien klubda istədiyini edə bilmirdi. Bartameonun və İdarə Heyətinin ondan tələbləri, az qala ilk 11-liyi müəyyənləşdirməsi problemləri daha qabarıq üzə çıxardı.
De Yonq güclü, gələcək vəd edən oyunçudur. Amma onu "Ayaks"dan "Barsa”ya transfer etmək istəyəndə daha çox oynamaq üçün başqa komandaya transfer olmağı seçirdi. Sonda Bartameo özü oyunçuyla görüşə gedir və ona ilk 11-likdə yer qarantiyası verdi və futbolçu "Barselona"ya gəldi. Nəticədə de Yonq zədəsi olmadığı bir mövsüm ərzində yalnız bir oyunda meydana çıxmır. Belə klub idarəçiliyimi olar? Futbolçu formada olmazsa, nədən meydana çıxmalıdır? Bəli, bu mövsüm de Yonq heç də pis təsir bağışlamadı, amma bütün oyunlarda meydanda olmağa da haqqı çatmırdı, bəzən oyunu alınmayanda belə yenə əvəzlənmirdi. Niyə? Çünki Bartameonun oyunçuyla sözləşməsi vardı. Baxın, "Bavariya”da Koutinyo kimi ulduz futbolçu ehtiyyatda qalır. Səbəb isə formada olmaması, meydanda olan zaman xüsusi fərqlənməməsidir.
Gələk klub daxilindəki digər amillərə. Dani Alveş kimi oyunçuyla müqaviləni artırmır, braziliyalının üç illik müqaviləsinə yox deyilir, onu yalnız bir il komandada saxlamaq istəyirlər, nəticədə klubdan getməli olur. Amma görünən o olur ki, Alveş üç il də oynamaq gücü nümayiş etdirir. İstər "Yuventus"da, istərsə də PSJ-də əsas heyətdə yer alır, "Barselona" rəhbərliyi isə bunu görməzlikdən gəlir. Yerinə isə Nelson Samedo tarnsfer edilir və o mövqe uğrunda universal sayılan Serji Robertoyla mübarizə aparır. Nəticədə hər iki futbolçu gözləntiləri tam vermir. Samedo sürətlidir, hücuma çıxanda geri qayıda bilir, amma öndə effektsiz, Robertoda isə tam əksinə, irəlidə yaxşı təsir bağışlayır, geriyə qayıtmağa isə gücü və sürəti yetmir. Nəticədə hücumun sol cinahı kimi, müdafiənin sağ cinahı da çöküşə doğru gedir. Amma rəhbərlik bütün bunları görməzlikdən gəlir, alternativlər haqda düşünmür. Beləcə, üç il ard-arda komanda mövsümün sonuna yaxın faciəylə üzləşir.
Bundan başqa komandada veteran futbolçuların toxunulmazlığı öz sözünü deyir. Bir oyun yaxşı oynayan, beş oyun bərbad təsir bağışlayan Alba öz cinahında "hegemon”luq edir. Nədən? Çünki start heyyətdən onu uzaqlaşdıracaq oyunçu yoxdu. Gələnlər də ya təcrübəsiz olur, ya da klubdaxili özbaşınalıq sayəsində az oyun əldə edirlər. Amma "Liverpul” faciəsinin baiskarlarından biri "Barselona”nın 18 nömrəsidi. İlk iki top məhz onun səhvindən sonra toru silkələyir.
Məsələ təkcə Albanın mpvqeyilə bağlı deyil, eləcə də Suarezin əvəzedicisi olmaması, oynayan bilməyən zaman yenə meydanda qalması oyunçunu sanki rahatladır, arxayınlaşdırır. Əslində isə hər mövqe üçün başqa futbolçular olmalıdır ki, daxili rəqabət olsun.
Bütün bunları rəhbərlik, idman direktoru, klubun İdarə Heyəti düşünməlidir, amma...
Xavinin istəkləri, Bartameonun imtinası
Klubda iyerxiyanın olması, veteran futbolçuların söz sahibinə çevrilməsi, dişsiz baş məqşçilərin problemləri həll edə bilməməsi məsələləri daha dərinə sürükləyir.
Valverdenin gedişindən sonra klubda Xavinin gəlişi müzakirə olunur, amma Hernandez şərtlərini irəli sürür, qəbul olunmadığı üçün gəlməkdən boyun qaçırır və nəticədə məşqçisi olduğu klubla müqaviləni artırır. Xavi nə istəyirdi? Transferlərə maksimum nəzarət, Karles Puyol, metodologiya sahəsindəki sabiq direktor Joan Vilu, Yohan Kroyffun oğlu Jordinin klubun strukturunda yer almasını, bütün yaş kateqoriyaları üzrə məşqçilərin onun istədiyi adamları təyin etməsini, komandanın tibbi qərargahının yenidən qurulmasını tələb edirdi. Bartameo sanki hakimiyyəti əldən gedəcəyi üçün Xaviylə danışıqları təxirə saldı.
Xavi haqlıydımı?
Görünən odur ki, "Barselona"nın əfsanəsi haqlıdır. Çünki bu günə qədər baş verənlər Hernandezin yanılmadığını göstərir. Uğursuz transferlər, alınan oyunçuların özünü göstərə bilməmələri, məşqlərdə tez-tez zədələnmələr və sağalma prosesinin ləngiməsi, Umtitenin çöküşü, Dembelenin zədələrdən qurtulmamağı - bütün bunlar Xavinin haqlı olduğunu göstərir. Məhz bu problemlərin aradan qaldırılması üçün kompleks işlər görülməliydi ki, rəhbərlik ona şans tanımadı.
Təsadüfü deyil ki, kluba bağlı olan Puyol ona təklif edilən vəzifədən imtina edir, eləcə də Valdes U-19 komandasına baş məqşçi gətirilir və üç ay sonra nəticələrə görə deyil, fikir ayrılığı üzündən komandadan qovulur.
Transferlər yetərincə uğurlu olmadığı, "Barselona"nın skautlarının yaxşı işləmədiyini, klubun idman direktoru Abidalın öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi açıq-aydın görünür. Bunlar isə bir daha klubda anarxiyanın hökm sürdüyünü göstərir.
Biznes layihəsi
Bartameo "Barselona"ya biznes proyekti kimi baxır. Ondan əvvəlki klub rəhbərləri işin maliyyə tərəfiylə yanaşı idman hissəsini də düşünürdüsə, indiki prezidentdə idman hissəsi beçinci, altıncı dərəcəlidir. Klub son dörd ildə Çempionlar Liqasında bir dəfə 1/2 finala, üç dəfə 1/4 finala qədər gəlib və bu dörd ilin üçündə faciəylə üzləşib. Son dörd ildə yalnız iki dəfə La Liqanı və Copa del-Reyi qazanıb. Bu kuboklar "Barselona" kimi klub üçün böyük uğur sayılmır, amma klubun gəlirləri, büdcəsi ildən-ilə artır. Son dörd ildə "Barselona"dan qat-qat uğurlu olan komandalar, kuboklar qazanan klublar "Blaugrana" qədər maliyyəsini genişləndirə bilməyib. Qazanılan pullar da sağa-sola xərclənərək düzgün idman proyekti qurulmayıb. Təsadüfü deyil ki, bu dəqiqə "Barselona" hansısa bir oyunçunu transfer etmək istəyəndə həmin komandalar böyük məbləğdə, bazar qiymətlərindən qat-qat çox pul tələb edirlər. Dembele, Qrizman, Koutinyo və başqa oyunçuların transferində bunu görmək mümkündü.
Klub nə etməli?
Bir zamanlar komandalar "Barselona"yla qarşılaşanda öz oyun üslublarına dəyişiklik edirdilər. Çünki meydanda diktə edən tərəf "Barselona" idi və rəqiblər də çox zaman meydanı başıaşağı tərk edirdilər. Amma indi iş o yerə gəlib ki, göy-qırmızılar rəqibin oyununa görə taktika seçirlər. Belə də uğur qazanmaq olmur. Çünki diktə edən tərəfə sən deyilsənsə, rəqibə görə oynayırsansa, komanda oyunu alınmayacaq. "Barselona" öz üslubundan çəkildikcə adi komandaya çevrilir. Bu, təkcə meydanda topa sahib olmaqla deyil, bütün xətlər üzrə olmalıdır. Əksi baş verəndə və sən üslubunu hər rəqibə görə quranda ümid futbolçuların fərdi ustalığına qalır. Nəticədə "Bavariya Münhen" kimi klublar komanda oyunuyla səni çox asanlıqla cəzalandırır.
Odur ki, klub gənclərə daha çox önəm verməli, öz fəlsəfəsinə sadiq qalmalı, yeniyetmələr üzərində xüsusi işləməlidir. Transferlər "Barselona"nın sadəcə gücünə güc qatmalıdır, daha əsas sütun olmamalıdır. Bunun üçün də ilk nöbədə köklü dəyişikliklər olmalı, rəhbər vəzifədən tutmuş bütün sferalara işini bilən adamlar təyin edilməlidir. Xavi gəlməsə də, onun tələbləri başqa məşqçi üçün yerinə yetirilməli, komandadan olan, getmək vədəsi yetişən futbolçular göndərilməli və düzgün transferlər edilməli, gənclərə önəm verilməlidir. Bir zamanlar özündən söz etmiş "La Masiya"ya diqqət artırılmalıdır. Son illər aşağı yaş kateqoriylar üzrə yarpaq tökümü başlayıb. Futbol menecerləri bir neçə oyunçunu komandadan qoparıb başqa klublara "təslim" ediblər. Gedənlər təkcə pul, maaş məsələsi üzündən klubla vidalaşmayıblar, bu, həm də gələcək proyektdə özlərini görə bilməmləriylə bağlıdır. "Barselona" artıq bir çoxları üçün cəlbedici deyil. Klub sürətlə aşağı yuvarlanmaqla öz fəlsəfəsindən uzaqlaşır.
Futbolçular arasında rabitənin itməsi, bir növ qruplaşmanın yaranması, Valverdenin zamanında, Setienin indiki durumunda veteran futbolçuların hegemonluq etməsi, Vidalın timsalında oyuna çıxmadığı təqdirdə mediaya açıqlama verib sonradan əsas heyətdə oynaması kimi şeylər aradan qaldırılmalıdır. Bunun üçün də kluba sözü keçən, uğurlara tamarzı və ac olan məşqçi gətirilməlidir. Valverde, Setien kimi sözü keçməyən məşqçilərin kluba gətirilməsi və sonda günahlandırılaraq komandadan qovulmasıyla nəyəsə nail olmaq mümkün deyil. Bu, kompleks işlər görülmədiyi təqdirdə hətta Pep kimi özünü təsdiq etmiş, Xavi kimi gələcək vəd edən məşqçi, Koaman kimi mütəxəssislə də uğura nail olmaq mümkün deyil.
İndiki halda günah birinci növbədə rəhbərlikdə, sonra harınlaşmış və hegemonluq etməyə can atan futbolçulardadır. Baş məqşçilər isə aysberqin görünən üzü və günah keçisi rolunu oynayan və tez-tez işiylə vidalaşan adamlardır...
Ramin Deko
Şərhlər