Siyasət 13:38 22.09.2022

Bayden Ərdoğanla görüşdən niyə yayınır? - Politoloq

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb. Bu barədə Türkiyə XİN məlumat yayıb. Tərəflər iki ölkə arasındakı münasibətlər və Ukraynada davam edən proseslər başda olmaqla bir sıra regional məsələləri müzakirə edib. 

Digər tərəfdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfər ərəfəsi onun ABŞ Prezidenti Co Baydenlə görüşə biləcəyi barədə fikirlər səslənirdi. Lakin Ərdoğan son açıqlamasında belə bir görüşün planlaşdırılmadığına eyham vurdu. Halbuki, iki ölkə arasında müzakirəyə ehtiyacı olan çoxsaylı mövcular var. 

Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Ərdoğanın Baydenlə görüşünün olmaması ikincinin bunu istəməməsindən irəli gəlir:



"Bayden NATO-nun son zirvə görüşündə Türkiyəyə F-16 təyyarələrini verəcəyinə söz vermişdi. Əvəzində Türkiyə şərti olaraq Finlandiya və İsveçin NATO-ya üzvlüyünə əngəl olmayacağına söz verib. Amma hiss olunur ki, Baydenin indi bu mövzuda deyiləsi sözü yoxdur. Çünki söz versə də, ona əməl etməyib. Bu fonda da Bayden Ərdoğanla təmasdan yayınır”.

Həmsöhbətimiz Çavuşoğlunun Blinkenlə görüşməsilə iki ölkənin münasibətlərindəki mövcud vəziyyətin dəyişəcəyinə əmin deyil:  

"Onlar əslində ildə bir neçə dəfə görüşürlər. Mütəmadi diolomatiyada buna "rutin iş” deyilir. Amma xarici işlər nazirlərinin bu görüşü fonunda iki ölkənin münasibətlərində olan mövcud vəziyyətdə ciddi dəyişikliklərin olacağına inanmıram. İki ölkənin prezidentləri səviyyəsində bəzi gərginliklər var. F-16-ların Türkiyəyə verilməsi mövzusu mövcuddur və bu baxımdan münasibətlər mürəkkəbdir. Lakin bununla belə, Çavuşoğlu ilə Blinkenin görüşündə münasibətlərdə hansısa irəliləyişlərin olması ehtimalı da istisna olunmur. Ankara ilə Vaşinqton arasında hərbi məsələdə, Suriya, Rusiyaya münasibətdə, Türkiyənin Cənubi Qafqaz və Avropa İttifaqı üzrə siyasətilə bağlı problemlər mövcuddur. Hazırda Türkiyə dəyişən dünyada özünə məxsus yer tutmağa çalışır. Son 10 ildə qardaş ölkənin siyasi çəkisi artıb və Ankara da ona uyğun siyasət aparır”. 

Rüfət Sultan