Siyasət 13:48 06.05.2021

Bayden-Putin görüşü: ABŞ mediası nədən Bakını siyahıya salıb? (ŞƏRH)

"Co Baydenlə Putin arasında görüşün Bakıda keçirilməsi ən uyğun variant ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq hesab edir ki, əgər Bayden məsələyə isti, müsbət yanaşarsa, Rusiya prezidenti tərəfindən Bakının seçilməsində bir problem olmaz:

"Əvvala görüşə qarşı tərəfin, Putinin razılığı məsələsi əsas rol oynayacaq. Bildiyiniz kimi, Vladimir Putun demokratların yeni hakimiyyəti dönəmindən üzü bəri çox ciddi sarsıntılarla qarşılaşıb. Xüsusi ilə də Rusiyanın tamamilə qlobal səviyyədə izolyasiya olunması prosesinə başlandığını Vladimir Putun o qədər də sevinclə qarşılamayıb. Xatırlayırsınızsa, Çexiya da daxil, bir neçə Şərqi Avropa ölkəsində, Pribaltikada silsiləvi olaraq Rusiya diplomatları ölkələrdən çıxarıldı. Əlbətə ki, bütün bu hadisələr ABŞ-ın bu yöndəki davranışından sonra baş verdi. Yəni, bir növ ABŞ-a dəstək olaraq Şəriq Avropa ölkələri bu prosesə başladı. Ayrıca ABŞ prezidenti Rusiya prezidenti Vladimir Putini qatil adlandırdı. Düşünürəm ki, bu, hələ də Putinin yadından çıxmayıb. Ona görə də Putinin əvvəlcə bu məsələyə yanaşma tərzi dəyişməlidir. Ondan sonra məkanın razılaşdırılması mümkün ola bilər”. 
 
 

Konkret olaraq Bakının seçilməsinə gəlincə, Natiq Miri həmin ölkələrin arasında bəlkə də Bakının seçilməsinin Putin üçün ən uyğun variant ola biləcəyini vurğulayıb:

"Niyə? Çünki Çexiya Rusiyanın diplomatlarını qovan ölkələrdən biridir. Çexiya haqqında da açığı, Putin heç də xoşagələn ifadələr işlətməyib. Çexiya, İslandiya, yəni bir növ ABŞ-ın əhatə dairəsi sayıla biləcək ölkələrdənsə, düşünürəm ki, Putun daha çox Azərbaycanın paytaxtını seçə bilər. Ayrıca belə bir təcrübə də artqı mövcuddur. NATO-Rusiya Baş qərargah rəsilərinin artıq bir neçə dəfə məhz Bakıda görüşləri keçirilib. Yəni, bu bir-birlərinə qarşı duran tərəflərin məhz Bakını seçməsi Bakının hər iki güc mərkəzindən bərabər məsafədə durması ilə əlaqədardır. Bakının bu yöndə təcrübəsi də var və Azərbaycan tərəflərdən kiməsə düşmən səviyyəsində baxmır, hər iki güc mərkəzi ilə həqiqətən gələcək prespektivdə də isti məcrada münasibətlər qurmaq strategiyasına üstünlük verir. Məhz bu amilləri nəzərə alaraq ABŞ mediası da daha çox Bakının adını siyahıya salıb”.

Qeyd edək ki, ABŞ-ın "Politico” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Cozef Bayden və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş Bakıda keçirilə bilər. Məlumatda daha sonra qeyd edilib ki, Ağ Ev və Kreml sahiblərinin görüş məkanları barədə Birləşmiş Ştatların sabiq rəsmiləri və mütəxəssislərinin rəyi öyrənilib. Onlar V.Putin və C.Baydenin görüşə biləcəyi yerlər arasında Çex Respublikası, İslandiya, Sloveniya və Azərbaycan paytaxtlarının adını çəkiblər.

Bahar Rüstəmli