Dünya 20:06 10.02.2023

“Bayden Putini təxribata çəkmək istəyir” - Politoloq

"Co Baydenin bu açıqlaması Rusiyanın müharibədə tamamilə məğlub olması yox, Putin adminstrasiyasını provokasiyaya çəkmək məqsədi daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ prezidenti Co Baydenin artıq Vladimir Putinin Ukraynanı itirdiyi barədə fikirlərini şərh edərkən deyib.
 
"Qərb blokunun Ukrayna-Rusiya müharibəsilə bağlı zaman-zaman fərqli açıqlamalarının şahidi oluruq. Müharibə hələ başlamazdan öncə Qərb bloku hesab edirdi ki, Rusiya Ukraynaya müdaxilə etməyəcək. Hərbi müdaxilə baş verən ilk günlərdə isə Kiyevə hərbi yardımların verilməsində yubanmalar oldu. Baxmayaraq ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edildi, Ukraynalı məcburi köçkünlərin Avropada yerləşdirilməsinə dərhal dəstək verildi, humanitar yardımlar göstərildi. Amma ilk dövrlər hərbi yardımlar yetərincə olmadı. Bayden bu fikirləri Putini təxribata çəkmək məqəsdilə səsləndirib. Yaxın on gün ərzində Rusiyanın daha iri miqyaslı hərbi əməliyyatlara başlayacağı barədə məlumatların verildiyi bir zamanda, Baydenin belə bir bəyanat verməsi fikrimcə, Qərbin hələ müharibəyə qədərki dövrdən Kremli Ukrayna cəbhəsində təxribata çəkmək cəhdlərinin tərkib hissəsidir”, deyə ekspert bildirib.

Ekspert qeyd edir ki, məhz Qərbin bu cəhdlərinin nəticəsində Rusiya hazırda dərin bir bataqlığa düşüb:
 
"Əslində, Putinin rasional düşüncə ilə deyil, Qərbin təxribat xarakterli addımlarına isterik reaksiya verməsi kimi hallar sonda onun hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxaracaq. Gedişat onu göstərir ki, artıq Putin nəinki Ukraynanı itirib, bütövlükdə onun hakimiyyətini və özünü yaxşı sonluq gözləmir. Putinin hakimiyyətdən gedişinin özü isə Rusiyanın bir dövlət olaraq varlığını da şübhə altına alacaq”. 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden "PBS NewsHour”a müsahibəsində Putinin artıq Ukraynanı itirdiyini bəyan edib: "Rusiya prezidenti Vladimir Putin NATO-nun parçalanmasına, o cümlədən rus hərbçiləri alqışlayacaq bütün rusdilli ukraynalıların dəstəyinə ümid edirdi, lakin bunların heç biri baş vermədi”. 

Baydenin sözlərinə görə, Putin heç vaxt Ukrayna ilə müharibənin öhdəsindən gələ bilməyəcək. 

Rüfət Sultan