XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Dünya17:11 17.09.2026

El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq

Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil: ayrı-ayrı güclü qar yağmaları mümkündür.

Qaynarinfo xəbər verir ki, mütəxəssislər əsas amillərdən biri kimi El-Nino iqlim hadisəsini göstərirlər. Hazırkı proqnozlara əsasən, bu hadisə payızın sonu və ya qışın əvvəlində maksimum gücünə çata bilər.

Güclü El-Nino atmosfer axınlarının, yüksək və aşağı təzyiq zonalarının yerləşməsinə təsir göstərə və bununla da tropik Sakit okean regionundan uzaq məsafələrdə hava şəraitini dəyişə bilər.

Bununla belə, mövsümi proqnozları konkret qar yağması və ya şaxtaların dəqiq proqnozu kimi qəbul etmək olmaz. Onlar əsasən uzun müddət ərzində orta göstəricilərdən ehtimal olunan kənarlaşmaları əks etdirir.

Qarın daha az yağacağı ərazilər

“Severe Weather Europe”un təhlili Avropanın böyük hissəsində daha az qarlı mövsüm ehtimalına işarə edir. Atlantik okeanından gələn daha mülayim qərb hava axınları temperaturun yüksəlməsinə daha tez-tez səbəb ola bilər. Nəticədə düzənlik ərazilərdə yağıntılar qar əvəzinə yağış şəklində düşə, qar örtüyü isə daha az davamlı ola bilər.

Bu vəziyyət xüsusilə Şimal-Qərbi, Cənubi və Mərkəzi Avropanın bəzi hissələrinə təsir göstərə bilər.

ECMWF-nin mövsümi modeli də oxşar tendensiya göstərir. Model qitənin böyük hissəsində qarın miqdarının normadan az olacağını proqnozlaşdırır. İstisna olaraq Avropanın şimal və şimal-şərq rayonları, həmçinin Alp dağlarının yüksək əraziləri göstərilir.

Dekabr ayında bir çox düzənlik ərazilərdə qar çatışmazlığı gözlənilir. Yanvarda Mərkəzi və Şərqi Avropanın bəzi hissələrində vəziyyət qar yağması üçün daha əlverişli ola bilər. Fevralda isə Mərkəzi, Qərbi və Cənubi Avropada qar çatışmazlığı ehtimalı yenidən artacaq. Şimal və şimal-şərqdə isə hava şəraiti daha qış xarakterli qala bilər.

Britaniyanın “UKMO” modeli də hələlik xüsusilə qarlı ssenari göstərmir. Model noyabr-yanvar aylarında Avropanın böyük hissəsində qarın miqdarının normadan aşağı olacağını, xüsusilə də düzənliklərdə bunun daha aydın müşahidə ediləcəyini proqnozlaşdırır.

Bununla belə, “qar normadan az olacaq” ifadəsi ümumiyyətlə qar yağmayacağı anlamına gəlmir. Mövsüm ərzində qarın ümumi miqdarı az olsa belə, ayrı-ayrı bölgələrdə güclü qar yağması və qısamüddətli soyuq hava dalğaları baş verə bilər.

Avropanı yeni isti hava dalğası gözləyir

Qışa hələ vaxt qalsa da, Avropada anomal isti hava şəraitinin yeni dalğası gözlənilir.

Yaxın günlərdə İspaniya və Portuqaliyanın bəzi ərazilərində temperatur +31…+37 dərəcəyədək yüksələ bilər. İsti hava Fransanın cənubuna da yayıla bilər və bəzi rayonlarda temperatur normadan 5–13 dərəcə yüksək olacaq. Polşada isə daha sərin hava gözlənilir — temperatur +17…+26 dərəcə təşkil edə bilər.

Aydın