XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nepaldakı daşqın təhlükəli hadisələr zəncirinin nəticəsi olub - Alimlər səbəbi açıqladı
Dünya14:41 17.09.2026

Nepaldakı daşqın təhlükəli hadisələr zəncirinin nəticəsi olub - Alimlər səbəbi açıqladı

Avqustun sonunda Nepal və Çin sərhədində baş verən fəlakətli daşqın, 20-dən çox beynəlxalq alimin fikrincə, bir sıra təbii proseslərin mürəkkəb birləşməsinin nəticəsi olub. Onların bir çoxu iqlim dəyişikliyinin təsiri ilə güclənmiş ola bilər.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, avqustun 26-da eni təxminən 600 metr olan nəhəng dağ süxuru və buzlaq buzları kütləsi Lanqtanq-Lirunq dağından qoparaq təxminən 2100 metr aşağıda yerləşən vadiyə düşüb. Nəticədə ayrılan enerji 5,2 maqnitudalı zəlzələnin enerjisi ilə müqayisə olunacaq səviyyədə olub.

Zərbə demək olar ki, dərhal buzun əriməsinə səbəb olub. Su, buz və qaya parçalarından ibarət axın nəmlə doymuş çöküntüləri də özü ilə aparıb və ehtimal ki, vadinin dibindəki buz kütləsi ilə toqquşub. Nəticədə güclü dalğa yaranıb və yüksək sürətlə çayın axını istiqamətində 30 kilometrdən çox məsafə qət edərək yaşayış məntəqələrini, yolları və körpüləri dağıdıb.

Fəlakətə hansı amillər səbəb olub?

“World Weather Attribution” təşkilatının alimlərinin fikrincə, fəlakəti yalnız bir ekstremal hava hadisəsi ilə izah etmək mümkün deyil. Uçquna onilliklər ərzində davam edən qlobal istiləşmənin gücləndirdiyi bir sıra proseslər səbəb olub.

Amillərdən biri 2015-ci ilin aprelində Nepalda baş vermiş 7,8 maqnitudalı zəlzələ ola bilər. Zəlzələ dağın cənub yamacında daş-buz uçqununa səbəb olub və ehtimal ki, dağ süxurlarını zəiflədib. Bundan sonra həmin ərazidə sürüşmələr daha tez-tez baş verməyə başlayıb.

Əlavə amil kimi istiləşmə göstərilir. Himalaylarda temperaturun 0 dərəcəyə çatdığı yüksəklik həddi hər onillikdə 100 metrdən çox yüksəlir. Bunun nəticəsində yüksək dağlıq ərazilərdə daimi donuşluq əriyir. Buz, daş, qum və torpaq qarışığından ibarət olan bu qat dağ süxurlarının bir-birinə möhkəm bağlanmasına kömək edir.

Hidrolog Valter İmmerzeli bildirib ki, donuşluğun əriməsi süxurların möhkəmliyini azaldır və daha çox suyun yamacın daxilinə nüfuz etməsinə imkan verir.

Lanqtanq-Lirunq buzlağında baş verən dəyişikliklər də yamacın dayanıqlığını azalda bilərdi. Son onilliklər ərzində buzlaq, xüsusilə 2010-cu ildən sonra, əhəmiyyətli dərəcədə nazikləşib və kiçilib. Əriyən su dağ süxurlarındakı çatlara nüfuz etmiş ola bilər.

Digər amil isə hava şəraiti olub. Ötən ilin payızında bölgəyə qeyri-adi dərəcədə çox qar yağıb, iyul və avqust ayları isə yerli müşahidələr tarixində ən isti dövr olub. Alimlərin hesablamalarına görə, iqlim dəyişikliyi nəticəsində hazırda bölgədə yay temperaturu əvvəlki dövrlə müqayisədə təxminən 1,5 dərəcə yüksəkdir.

Tədqiqatçılar qeyd edirlər ki, iqlim istiləşməsini qar və yağıntıların miqdarındakı dəyişikliklərlə əlaqələndirmək daha çətindir. Buna səbəb Himalayların əlçatmaz ərazilərində müşahidələrin aparılmasının mürəkkəb olmasıdır.

Bununla belə, alimlər hesab edirlər ki, iqlim dəyişikliyi fəlakət üçün şəraitin yaranmasında mühüm rol oynayıb. Onların qiymətləndirməsinə görə, uçqunun miqyası, sürəti və mürəkkəbliyi o qədər qeyri-adi olub ki, mövcud erkən xəbərdarlıq sistemləri belə təxliyə üçün kifayət qədər vaxt təmin edə bilməzdi.

Aydın