Xəbər lenti

Bəlkə Fransa imperiya kimi Qafqaza köçür?..
Hüseynbala Səlimov
Siyasət 14:45 02.10.2023

Bəlkə Fransa imperiya kimi Qafqaza köçür?..

Ukrayna müharibəsinədək, Rusiya ilə Qərb arasındakı qarşıdurma kəskin forma alanadək Qərb İrəvanın Moskva ilə çox yaxın ittifaqına dözürdü. 

Düzdür, hərdənbir çoxsaylı erməni diasporalarının diqqətinə çatdırılırdı ki, Qərbin dəstək verdiyi Ermənistan Qərb institutları ilə inteqrativ əlaqələr qurmaq əvəzinə Rusiya ilə çox sıcaq münasibətlərdə bulunur.

Ukrayna ilə müharibə başlayandan sonra hər şey tamamilə dəyişdi. Qərblə Rusiya arasında qarşıdurmanın bir ünvanı da Cənubi Qafqaz oldu. Qərb Rusiyanı buradan sıxışdırmağa başladı. Əvvəlcə belə deyildi ki, Qərb Rusiyayla "ikinci cəbhəni” Gürcüstandan açmaq istəyir. 

Həqiqətən də bir neçə dəfə ABŞ və Avropa ölkələri Tiflisi ciddi seçim etməyə çağırdılar. Amma Gürcüstan hakimiyyəti Qərbin bu geosiyasi avantüralarına getmədi. 

Birincisi, ona görə ki, Gürcüstan Ukrayna deyil, o, Rusiyanın hərbi təzyiqləri qarşısında bir gün də davam gətirə bilməz – kim olmasa da, Qərb dairələri bunu çox gözəl bilir, çünki Rusiya-Gürcüstan savaşı zamanı həmin Qərb Tiflisi Rusiyanın caynağından zorla qurtarmışdı.

İkincisi, Gürcüstana Avropa İttifaqı üzvülüyünə namizəd dövlət statusunun verilməməsi "B.İvanişvilinin uşaqları” üçün bir bəhanə oldu. Düzdür, o vaxt deyildi ki, məsələyə bu ilin payızında bir daha baxılacaq. Amma hazırda "İvanişvilinin uşaqları” Gürcüstan siyasi Olimpində əsas və demək olar ki, yeganə qərbçi olan prezident Solome Zurabişviliyə impiçment elan etmək istəyirlər, baxmayaraq ki, son sorğulara görə rəyi soruşulanların 62 faizi bunun əleyhinədir. Ona görə də bu sonuncu detal da göstərir ki, Gürcüstandan Rusiyaya qarşı "ikinci cəbhə” açılmayacaq, ən azı "İvanişvilinin uşaqları” buna getməyəcəklər...

Deməli, qalır bir Ermənistan. Burada da vəziyyət oxşardır – Qərb özünün siyasi kadrı olan baş nazir Nikol Paşinyandan seçim etməyi tələb edir. Gürcü hakimiyyətindən fərqli olaraq Paşinyan buna gedir, çünki o, erməni siyasətində "Qərbin adamı”, həqiqətən də qərbçi siyasətçi kimi tanınır. 

Odur ki, indi bölgədə Rusiya ilə Qərb arasındak qarşıdurmanın mərkəzi Ermənistan hesab olunur. Moskva ilə İrəvan arasındakı ziddiyətlər demək olar ki, ən son, lap kritik həddədir. 

Azərbaycanla Ermənistan arasındakı qarşıdurma da bu dövrə təsadüf etdi. Azərbaycan bu günlərdə özünün ərazi bütövlüyünü və suverenliyini tamam bərqərar etdi. Rusiyanın xidməti bu oldu ki, o, demək olar, prosesə qarışmadı və Azərbaycan anti-terror əməliyyatlarını uğurla başa çatdırdı. Ortada çabalayan isə ABŞ və Fransadır. 

Xüsusən də Paris çox canfəşanlıq edir. Onun BMT–dəki bütün cəhdləri demək olar ki, tamam puç oldu, onlar bir nəticə vermədi. ABŞ da hazırda Dağlıq Qarabağdakı proseslərə nəzarət üçün guya "beynəlxalq mexanizmlər” axtarır. 

Belədə isə söhbət gəzir ki, Paris və Vaşinqton Ermənistanda hərbi bazalar yerləşdirmək fikrindədirlər. Amma məsələ bundadır ki, İrəvan hələ də MDB-nin və ən əsası da KTMT-nin üzvüdür. Odur, ola bilməz ki, bir dövlətdə iki rəqib geosiyasi qütbün hərbi iştirakı təmin olunsun. 

Düzdür, lap bu günlərdə İrəvan Rusiyanın isterikasına rəğmən, ABŞ ilə hərbi təlim keçirdi. Bundan başqa ABŞ-ın Ermənistandakı səfirliyi post-sosialst düşərgəsində ən böyük səfirlikdir və burada mindən çox adam çalışır və çoxunun fikrincə, onların böyük əksəriyyəti heç də diplomat deyillər. 

O ki qaldı Fransaya, o, da artıq hətta "qara Afrika”dan da qovulur – bəli, üç Afrika dövləti Fransaya öz qoşunlarını ərazilərindən çıxarmaq üçün vaxt veriblər. Ona görə də Fransa yeni "kiçik bacılar” axtarışındadır və təsadüfi deyildir ki, hələ prezident N.Sarkozinin vaxtında onlar İrəvanı beləcə, yəni Fransanın "kiçik bacısı” adlandırmışdılar. Elə bu səbəbdən istisna deyil ki, Paris həqiqətən də Ermənistanda hərbi iştirak haqqında düşünmüş olsun. Hazırda Ermənistanda yerləşən Avropa missiyasının böyük əksəriyyəti deyilənə görə, fransız polislərindən təşkil olunub. Amma bütün hallarda, hərbi baza məsəsi ciddi bir məsələdir və ABŞ-la Fransa bu fikrə düşsələr, heç istisna deyil ki, Qərblə Rusiya arasında "ikinci cəbhə” açılacaq – bəli, bu dəfə artıq Qafqazlarda, hərçənd ki, bu elə də ehtimallı görünmür, çünki Qərb, necə deyərlər, ilanı Seyid Əhməd əlilə tutmağa alışıb və iki ildir ki, Ukrayna hərbi-siyasi teatrında Rusiya ilə qarşı-qarşıya gəlməkdən qaçır.
 
Ermənilərin isə silah götürüb Rusiyayla vuruşacağını adam yuxuda belə təsəvvür edə bilmir...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->