Siyasət 14:08 05.07.2022

Bölgə qaynayır, kataklizmlər Azərbaycana çata bilərmi? - ŞƏRH

Son zamanlar bölgədə müəyyən gərginliklər yaşanmaqdadır. Özbəkistanda hətta insan ölümü ilə nəticələnən toqquşmalar baş verir. 

Bu ölkədə yaşanan gərginliyin Mərkəzi Asiyanın digər dövlətlərinə keçəcəyi ehtimalı da böyükdür. Bundan başqa, Gürcüstanda Avropaya inteqrasiya tərəfdarlarının izdihamlı mintinqləri keçirilir. Ermənistanda isə Rusiyapərəstlər aksiyalarını dayandırsalar da, yenidən fürsət gözləyirlər. 

Bir sözlə, Azərbaycanın ətrafında hazırda ciddi kataklizmlər baş verir. Azərbaycan belə kataklizmlərdən sığortalanıbmı?

Məsələ barədə Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, yaxın ətrafda cərəyan edən hazırkı gərgin vəziyyətdə belə Azərbaycanı narahat edəcək hər hansı bir faktor görmür:
 
"Bu da ondan irəli gəlir ki, Azərbaycan birmənalı olaraq öz xeyrinə və maraqlarına cavab verən siyasət həyata keçirir. Bu siyasətin uğurlu olması isə ilk növbədə Azərbaycanın xarici siyasətinin Türkiyə ilə kordinasiya şəklində həyata keçirməsilə bağlıdır. Hər iki ölkə mövcud olan problemləri birgə həll etməyə çalışır. Buna çoxsaylı misallar çəkmək olar. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik konstruksiyası sınaqdan uğurla keçib. Bu mənada, qonşu ölkələrdə yaşanan müəyyən kataklizmlərə rəğmən Azərbaycanda buna bənzər təhlükələrin olacağını hiss etmirəm”. 

Rüfət Sultan