Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi “TVM İnşaat” şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Gömrük Hospitalının yeni korpuslarının tikintisi işlərinin satın alınması nəzərdə tutulur. Müqaviləsinin maliyyə dəyəri 5 014 736,87 manat təşkil edir. Satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “TVM İnşaat” MMC 25 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8-də yerləşir. Şirkətin Bayramlı Feyzulla Əbülfət oğludur. Feyzulla Bayramlı bu aydan etibarən şirkətə rəhbərlik etməyə başlayıb. Ondan əvvəl isə “TVM İnşaat” MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğlu olub.
Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda nə az, nə çox düz 5 473 432,75 manat vergi borcu var. Bu ilin martında mediada “TVM İnşaat” MMC haqqında dərc edilən araşdırma materialında şirkətin öhdəlikləri yerinə yetirmədiyinə dair iddialar yer alıb.
Həmçinin iddialara görə, “TVM İnşaat” şirkətinin subpodratçılara 100 milyondan manatdan çox borcu olsa da, ödəməkdən yayınır. Bu, şirkətin maliyyə böhranı keçirməsi ilə əlaqələndirilir.

Araşdırma materialında şirkətin banklara da külli miqdarda borcu olduğu qeyd edilir. Açıq mənbələrdə “TVM İnşaat” MMC haqqında geniş məlumatlar yoxdur. Şirkətin nə əlaqə telefonlarına, nə də internet səhifəsinə rast gəlinmir. Bu baxımdan, “TVM İnşaat” MMC-nin maddi-texniki bazasının hansı səviyyədə olması bəlli deyil. Lakin şirkət haqqında dərc edilən araşdırma metrialındakı iddialara əsaslansaq “TVM İnşaat” MMC-nin sadəcə tender əməliyyatlarında istifadə edilməsi üçün təsis edilən şirkətlərdən biri olduğunu söyləmək mümkündür. Yeri gəlmişkən, həmin materialdakı iddiaların heç biri şirkət tərəfindən təkzib olunmayıb.
Bir məqamı da xüsusi qeyd etmək yerinə düşər. Söhbət DGK-nın “Azərterminalkompleks” Birliyi ilə “TVM İnşaat” MMC arasında satınalma müqaviləsinin birmənbə metodu ilə bağlanmasından gedir.
“TVM İnşaat” MMC haqqında bəhs edilən tender üzrə satınalma predmeti üzərində xüsusi hüquqlara malik deyil. Axı söhbət sadəcə Mərkəzi Hospital üçün yeni korpusların tikintisindən gedir ki, Azərbaycanda bu işi görə biləcək onlarla şirkət mövcuddur.
Seyid
Şərhlər