Kreditlərdən istifadə edən vətəndaşların sayı artdıqca, kredit müqavilələrinin şərtləri də daha çox diqqət tələb edir. Bəzən insanlar yalnız faiz dərəcəsinə baxaraq qərar verir, lakin əlavə komissiyalar, sığorta, gecikmə şərtləri və digər ödənişlər ümumi borc məbləğini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Kredit götürərkən vətəndaş hansı məqamlara xüsusi diqqət etməlidir?
Qaynarinfo xəbər verir ki, Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, kredit götürərkən vətəndaşın yalnız illik faiz dərəcəsinə baxması böyük səhvdir:
“Ən önəmli göstərici kreditin vətəndaşa başa gələn ümumi qiymətidir. Yəni vətəndaşın özünə verəcəyi əsas sual bu olmalıdır: 10 min manat kredit götürən şəxs sonda banka neçə manat qaytaracaq? Faizdən əlavə komissiyalar, sığorta, xidmət haqları və digər ödənişlər kreditin real dəyərini əhəmiyyətli dərəcədə artıra bilər. İkinci mühüm məsələ effektiv illik faiz dərəcəsidir. Praktikada da görürük ki, reklamlarda göstərilən nominal faizlə kreditin faktiki maliyyə yükü eyni olmaya bilər. Buna görə vətəndaş bankdan kreditin effektiv faiz dərəcəsini və müqavilə müddətinin sonunda ödəyəcəyi ümumi məbləği yazılı şəkildə tələb etməlidir. Müxtəlif bankların təkliflərini müqayisə edərkən də məhz bu göstəricidən istifadə etmək daha düzgündür. Üçüncü məsələ komissiyalardır. Kreditin verilməsi, hesabın açılması, xidmət, nağdlaşdırma, erkən bağlama və digər əməliyyatlara görə hansısa ödəniş nəzərdə tutulub-tutulmadığı əvvəlcədən bilinməlidir. Bəzən faiz dərəcəsi aşağı göstərilir, lakin əlavə xidmət haqları kreditin faktiki qiymətini yüksəldir. Sığorta məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Xüsusilə avtomobil və ipoteka kreditlərində sığortanın növü, məbləği, kim tərəfindən ödənildiyi, hansı riskləri əhatə etdiyi və kredit müddəti ərzində ümumi xərcinin nə qədər olduğu aydınlaşdırılmalıdır. Vətəndaş “sığorta tələb olunur” ifadəsi ilə kifayətlənməməli, bunun ona neçə manata başa gələcəyini bilməlidir”.
İqtisadçı əlavə edib ki, digər vacib məsələ gecikmə şərtləridir:
“Kredit ödənişi bir neçə gün gecikdikdə nə baş verir, penya və ya digər maliyyə sanksiyası necə hesablanır, gecikmə kredit tarixçəsinə necə təsir edir – bunlar müqavilədə açıq şəkildə göstərilməlidir. Xüsusilə uzunmüddətli kreditlərdə kiçik gecikmələrin belə zamanla ciddi maliyyə nəticələri yarada biləcəyini nəzərə almaq lazımdır. Vətəndaş erkən ödəniş imkanlarını da əvvəlcədən öyrənməlidir. Kreditin bir hissəsini və ya hamısını vaxtından əvvəl ödədikdə əlavə komissiya tutulurmu, faizlər yenidən hesablanırmı, əsas borc necə azalır? Bunlar müqavilənin mühüm hissəsidir. Gələcəkdə gəliri artan vətəndaş üçün erkən ödəniş imkanı kreditin ümumi xərcini əhəmiyyətli dərəcədə azalda bilər. Ən vacib məsələlərdən biri də aylıq ödənişin gəlirə nisbətidir. Vətəndaş bankın verdiyi maksimum məbləğə görə deyil, öz real ödəmə qabiliyyətinə görə kredit götürməlidir. Əgər ailənin bütün sərbəst gəliri kredit ödənişinə gedirsə, gözlənilməz xərc və ya gəlir itkisi zamanı ciddi problem yarana bilər. Ona görə kredit götürərkən gəlirin bir hissəsi mütləq ehtiyat fondu kimi saxlanmalıdır. Nəhayət, müqaviləni oxumadan imzalamaq olmaz. Bank əməkdaşı şərtləri şifahi izah etsə belə, vətəndaş müqavilədə yazılan bütün bəndləri özü nəzərdən keçirməlidir. Xüsusilə faiz dərəcəsinin dəyişməsi, əlavə ödənişlər, gecikmə, sığorta, erkən bağlanma, təminat və borcun vaxtından əvvəl tələb edilməsi ilə bağlı müddəalar diqqətlə oxunmalıdır. Əsas prinsip isə çox sadədir. Kreditin faizinə yox, kreditin tam qiymətinə baxmaq lazımdır. Vətəndaş kredit götürməzdən əvvəl üç rəqəmi dəqiq bilməlidir. Nə qədər pul alır, ayda nə qədər ödəyəcək və kreditin sonunda ümumilikdə nə qədər pul qaytaracaq. Hazırda Azərbaycan əhalisinin böyük hissəsi biznes krediti yox, istehlak krediti götürür. Yəni məcbur qalıb götürür. Amma istənilən halda bu üç suala aydın cavab yoxdursa, həmin kredit qərarını tələsmədən yenidən nəzərdən keçirmək lazımdır”.
Şərhlər