Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri
indeksi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artıb. Dövlət
Statistika Komitəsindən "Yeni Müsavat”a verilən məlumata görə, 11 ayda ən çox ərzaq
məhsulları, içkilər və tütün məmulatları bahalaşıb - 3,8 faiz. Qeyri-ərzaq
malları 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 2,1 faiz bahalaşıb.
Noyabr ayında əvvəlki ayla müqayisədə düyünün, unun, manna və
qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, təzə
balığın, kolbasa məmulatlarının, südün, pendirin, yoqurtun, kəsmiyin,
yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, bananın, almanın,
armudun, üzümün, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, göy
lobyanın, çuğundurun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, qəhvənin,
çayın, meyvə şirəsinin qiymətlərində bahalaşma, qatılaşdırmış şəkərli südün,
xamanın, portağalın, naringinin, heyvanın, narın, kivinin, xurmanın, şabalıdın,
kələmin, balqabağın, yerkökünün, soğanın, kartofun qiymətlərində isə ucuzlaşma
müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər
baş verməyib.
Cari ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq
mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin,
mebel və ev əşyalarının, toz şəklində sintetik yuyucu vasitələrin, divar
kağızlarının, kərpicin, kəsilmiş taxtanın, nitro və sulu boyaların, dəftərxana
ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, soyuducuların,
kondisionerlərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, mobil
telefonların, noutbuk və planşet tipli kompüterlərin, televizorların, sementin
qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində
ciddi dəyişikliklər baş verməyib.
Bu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə əhaliyə
göstərilən ödənişli xidmətlərdən paltarların təmiri, təmizlənməsi və kirayəsi,
ayaqqabıların təmiri, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, MDB
ölkələri istisna olmaqla, hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma
xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb, dəmir yolu və
hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə
ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.
Qeyd edək ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə 3,7
faizlik inflyasiya olacağını proqnozlaşdırmışdı. İl başa çatmaq üzrədir və
göründüyü kimi, inflyasiya proqnozdan 1 faizdən çox aşağıdır. Maraqlıdır ki,
ölkədə inflyasiyaya dair beynəlxalq təşkilatların verdiyi proqnozlar reallığa
daha yaxındır. Belə ki, məsələn, Dünya Bankı 2019-cu ildə Azərbaycanda
inflyasiyanın 25,8 faiz olacağını proqnozlaşdırıb. Bankın proqnozlarına görə,
2020-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,2 faiz, 2021-ci ildə isə
3,3 faiz təşkil edəcək. Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən,
ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7 faizə, 2020-ci ildə 4,6 faizə, 2021-ci
ildə 4,6 faizə, 2022-ci ildə 4,1 faizə, 2023-cü ildə isə 3,9 faizə bərabər
olacaq.
Diqqəti cəlb edən əsas məqam gələn il üçün hökumətin 4,6
faizlik inflyasiya proqnozlaşdırmasıdır. Bu, cari ildə qeydə alınan real səviyyədən
44 faizə qədər yüksək bir göstəricidir. Bu halda sual yaranır ki, hökumət
inflyasiyanı belə kəskin sürətləndirəcək hansı amilləri nəzərə alaraq
proqnozlaşdırma aparıb? Gələn il inflyasiyaya ciddi təsir edəcək hansı
faktorlar var?
Qeyd edək ki, ölkə prezidentinin yanında 2019-cu ilin 9
ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə hökumətin inflyasiyaya dair
proqnozlaşdırma siyasəti tənqid olunub. Belə ki, prezident İlham Əliyev
hazırlanan proqnozların əksər hallarda reallıqdan uzaq olduğunu bildirib.
Ölkə rəhbərliyinin belə sərt xəbərdarlığından sonra hökumətin
proqnozlaşdırma siyasətində daha dəqiq olması gözləniləndir. İqtisadçı-ekspert
Natiq Cəfərlinin sözlərinə görə, büdcə qanunvericiliyinə əsasən, inflyasiya
proqnozu ilə icmal büdcənin xərclərinin yuxarı həddi arasında korelyasiya var:
"Bu ildən qanunvericiliyə bununla bağlı dəyişiklik olundu. İnflyasiyanın gələn
il üçün yüksək həddə proqnozlaşdırılmasının bir səbəbi bu ola bilər. Digər
mühüm bir ehtimal budur ki, hökumət gələn il ərzində qiymətləri dövlət tərəfindən
tənzimlənən bəzi sahələrdə bahalaşmaya gedə bilər. Fevralda keçiriləcək
parlament seçkilərindən sonra ehtimal ki, bu addımlar atılacaq”.
Ekspertin fikrincə, qiymət artımı daha çox ictimai nəqliyyatda
gediş haqqı və dizel yanacağında gözləniləndir: "Ən böyük ehtimal ictimai nəqliyyatda
gediş haqqının və dizel yanacağının qiymətinin artırılması ilə bağlıdır.
Bildiyiniz kimi, artıq neçə müddətdir dizel yanacağının Azərbaycanda dünya ölkələrindən
kəskin aşağı qiymətə satılmasına dair müzakirələr aparılır. Bundan əlavə,
ictimai nəqliyyatın yenilənməsi üçün işlər görülür, vəsait yatırılır, yeni nəqliyyat
vasitələri gətirilir. Bu baxımdan, nəqliyyatda gediş haqlarının artırılması da
gözləniləndir”.
N.Cəfərli hesab edir ki, 2020-ci ilin martından etibarən
qeyd olunan qiymət artımlarına gedilə bilər.
Şərhlər