Azərbaycanda bəzi ərazilərdə yeni sürüşmə sahələri yaranıb, bir çox yollarda isə sürüşmə prosesi aktivləşməklə yanaşı, yeni uçqun prosesləri də baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov Trend-ə deyib ki, Astara rayonu Kijəbə kəndi ərazisində mövcud olan sürüşmə sahələrinin dinamikasında artım qeydə alınıb və kəndin dağlıq hissəsində yeni lokal sürüşmə sahələri yaranıb. Rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 5,7,8 və 10-cu km-liyində mövcud uçqun və sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb və yol boyu yeni uçqun prosesləri qeydə alınıb. Astarada Burcubənd sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik qeydə alınıb. Motlayataq sürüşmə sahəsində torpaq qatında yeni çatlar müşahidə olunub. Miki sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən sürüşmə prosesinin dinamikasında gərginlik müşahidə olunur.
Ə.Qaralov qeyd edib ki, Lerik rayonunda "Veri-Əliabad" sürüşmə sahəsində yeni lokal uçqun hadisələri qeydə alınıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-liyində sürüşmə sahəsinin dinamikasında aktivlik qeydə alınıb və atmosfer yağıntılarının təsirindən yamac boyu uçqun hadisələri artıb. Həmin yolun 45-47-ci km-liyində yol boyu uçqun prosesləri, yolun hər iki hissəsində çökmə-oturma və səthi yuyulma prosesləri müşahidə edilib. Lerik-Qosmalyan-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində sürüşmə sahəsində aktivlik müşahidə olunub.
Lənkəran rayonunda Lənkəran-Lerik yolunun 17-19 km-liyində yol boyu bir neçə yerdə uçqun-töküntü prosesləri və yol boyu yamac hissədə səthi yuyulma prosesi qeydə alınıb. Gəgiran kənd ərazisində yeni lokal sahədə sürüşmə və uçqun hadisələri baş verib. Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunun 12-ci km-i sürüşmə sahəsində aktivlik qeydə alınıb.
Nazirlik rəsmisi əlavə edib ki, Masallı rayonunda Güllütəpə, Zuvand sürüşmə sahələrində aktivlik müşahidə edilib. Masallı-Yardımlı yolunun 13-15, 7-16-24-25-25, 4-26-26, 4 km-də yolun sağ yamac hissəsində lokal sahədə sürüşmə, sol tərəfində isə çay dərəsi istiqamətində uçqun və töküntü hadisələri müşahidə edilib.
Ə.Qaralov qeyd edib ki, Daşkəsən rayonunda Alunitdağ sürüşmə sahəsində qədim sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə edilib və sürüşmə sahəsinin təsir dairəsi artıb. Xızı rayonunda Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində aktivlik və yol boyu bir neçə yerdə yeni uçqun-töküntü hadisəsi qeydə alınıb. Xızı-Altıağac avtomobil yolunun 11-15-ci sürüşmə sahəsində yolun yamac hissəsində uçqun töküntü prosesləri baş verib. Siyəzən rayonunda Sədan sürüşmə sahəsi sahəsində çatların ölçüləri artıb.
Ekspedisiya rəisi deyib ki, Quba rayonunda Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də yol boyu uçqun töküntü və oturma prosesləri müşahidə edilib, yolun hərəkət hissəsində yeni çatlar əmələ gəlib. Şamaxı rayonunda 48-A məhəlləsindəki sürüşmə sahəsinin parametrlərində nisbi aktivlik və sürüşmə sahəsi üzərində olan çatların ölçülərində artım qeydə alınıb.
Nazirlik rəsmisi əlavə edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsi - ay ərzində aparılmış müşahidələrə əsasən avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud olan sürüşmə sahəsinin və çatların ölçülərində artım və uçqun-töküntü prosesləri müşahidə edilib. Şamaxıda Cabanı, Dədəgünəş sürüşmə sahələrində aktivlik müşahidə olunub. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində lokal sahələrdə uçqun prosesləri qeydə alınıb. Bununla yanaşı, Şamaxının Saqiyan, Qaravəlli, Muğanlı sürüşmə sahələrində aktivlik müşahidə edilib. Mədrəsə sürüşmə sahəsinin təsir dairəsi genişlənib, Meysəri sürüşmə sahəsində aktivlik qeydə alınıb. Şamaxı-Qaleybuğurd-Keçmədin avtomobil yolunun 24-25-ci km-i sürüşmə sahəsində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel hadisəsi nəticəsində Keçmədin kəndinə giriş yolunun bir hissəsində uçqun hadisəsi baş verib.
Ə.Qaralov bildirib ki, İsmayıllı rayonunda Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-liyində yol boyu çökmə-oturma prosesləri və yamac istiqamətində müxtəlif ölçüdə çatlar qeydə alınıb. Zərnəva, Xankəndi sürüşmə sahələrində çatların parametrləri nisbi artıb. İsmayıllda Müdrisə sürüşmə sahəsində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində töküntü və çökmə prosesləri qeydə alınıb. Lahıc sürüşmə sahəsi - atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kənd ərazisində) eni 120-140 m, uzunluğu 280-300 m olan sürüşmə sahəsi əmələ gəlib:
"Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, sürüşmənin dil hissəsində yeraltı suların yer səthinə çıxışları müşahidə olunub. Qoydan kənd ərazisində mövcud olan sürüşmə sahəsinin dinamikasında nəzərə çarpacaq dərəcədə aktivlik qeydə alınıb. Belə ki, sürüşmənin dil hissəsi bilavasitə fərdi tikililərin divarına dirənib. Hazırda sürüşmə sahəsi aktiv fazadadır".
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər