Vəkil Aqil Layıcov müvəkkili, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə görüşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə modern.az-a A.Layıcov özü məlumat verib.
A.Layıcov Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı proseslərdən xəbərdar olduğunu bildirib:
"Sonuncu dəfə ötən həftə görüşmüşük. Cahangir bəy medianı izləyir, bütün xəbərləri oxuyur. Qeyd edim ki, mediada gedən bəzi məsələlər heç bir hüquqi əsasa söykənmir. Bəziləri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı prosesin təfərrüatını bilmədən məlumatı tirajlamaqda davam edir. Əslində "İzah edilməmiş gəlirlər” cinayət məsuliyyəti yaratmır. Bu, sadəcə adminstrativ araşdırmadır. Yəni araşdırma nəticəsində şəxsə hər hansı cəza verilə bilməz, yaxud o, əmlakdan məhrumiyyətə məruz qala bilməz. Ona görə də media bu tip mövzulara həssas yanaşmalıdır. Əksəriyyət buna cinayət kontkestindən yanaşır, məsələni həddindən artıq şişirdir. Bununla da şəxsin təqsirsizlik prezumpsiyasını pozurlar”.
A.Layıcova Zamirə Hacıyeva ilə bağlı yerli mətbuatda gedən yazıların əsasən xarici KİV-lərə istinadən yayıldığını xatırlatdıqda, cavabı belə olub:
"Xarici KİV-lərdə bir məlumat oxudum. Orada da qeyd olunur ki, bu, sadəcə araşdırmadır. Və vurğulanır ki, cinayət konkestində gedən araşdırma yox, inzibati araşdırmadır”. Ona görə də inzibati araşdırma ilə, cinayət tipli araşdırmanı bir-birindən fərqləndirməliyik. Onlar tamam başqa-başqa məsələlərdir. Bəzi mətbuat orqanlarında məlumat elə yazılıb ki, sanki Zamirə Hacıyeva təqsirkardır və onu təqsirləndirilən şəxs qismində təqdim edirlər. Əslində isə Zamirə Hacıyevanın bu məsələdə iştirakı yalnız şahidlikdir. Həmin araşdırmanın nəticəsi cinayət məsuliyyəti yaratmır. Bu, bizdə də var. Müəyyən əmlaka sahib olan şəxslərin bəyənnamə vermək öhdəliyi var. Bu da onun tipli bir şeydir”.
Hüquq müdafiəçisi Cahangir Hacıyevin səhhətində müəyyən problemlər olduğunu da vurğulayıb:
"Ümumiyyətlə o, dərmanla yaşayan insandır, narahatlıqları var. Və həyat yoldaşı ilə bağlı məsələlərdə də təbii olaraq narahatlıq keçirir".
Qeyd edək ki, C.Hacıyev 2016-cı ildə sədri olduğu "Azərbaycan Beynəlxalq Bankı”nda külli miqdarda mənimsəmədə ittiham edilərək həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apelyasiya şikayəti təmin edilməyib. Sabiq bankir ittihamları qəbul etmədiyini, qondarma olduğunu bəyan edib.
Bir neçə ay əvvəl Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı yeni istintaqa cəlb olunub.
Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bir müddət öncə Azərbaycanın tələbi əsasında Londonda hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.
Lakin noyabrın 8-də Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Z.Hacıyeva ev dustaqlığına buraxılma qarşılığında 500 min funt sterlinq ödəyib.
10 il ərzində Londonun məşhur "Harrods" mağazasında 16 milyon funt sterlinq xərcləmiş və Böyük Britaniya Birləşmiş Krallığının "İzahedilməz Sərvət Qanunu"nun ilk hədəfi olmuş Z.Hacıyeva barəsində cinayət təhqiqatı davam etdirilir.
Şərhlər