Siyasət 13:07 28.05.2022

Çin kimi seçəcək, Rusiyanı, yoxsa... – Zərdüşt Əlizadə

ABŞ deyəsən, hədəflərini dəyişir. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken Bayden Qərb üçün əsas təhlükənin və ən böyük təhdidin Çindən gəldiyini bəyan edib. Ukrayna – Rusiya fonunda ABŞ diplomatının belə bir açıqlama ilə çıxış etməsi bir çox suallar yaradıb.

Vaşinqton Rusiyaya qarşı sanksiyalara Pekinin də cəlb edilməsini arzulayırdı. Lakin Çin indiki situasiyada bu qarşıdurmadan kənarda qalmağa və öz neytral mövqeyini qorumağa üstünlük verdi. Digər tərəfdən,  Çin Ukraynanın mövqeyinə yaxın mövqe sərgiləyir. Pekin anti-Rusiya sanksiyalarına qoşulmamaqla kifayətləndi, lakin Kuyevlə iqtisadi əlaqələrini daha da gücləndirirdi. Pekin özünün vasitəçi missiyasını da təklif edir. Belə ki, Pekin Ukrayna taxılının Qara dəniz vasitəsilə xarici ölkələrə çatdırılması üçün Moskva ilə danışıqlara gedə biləcəyini bəyan edib. Onu da vurğulayaq ki, Çinin iqtisadi əlaqələri Rusiyadan daha çox Qərblə bağlıdır. Pekinin  Qərblə ticari əlaqələrinin həcmi 1,2 trilyon dollardır. Rusiya ilə ticari əlaqə isə 110 milyard dolları keçmir. 

Moskvanın Ukraynaya hücumu fonunda, bəzi analitiklər Pekinin də Tayvana qarşı əməliyyata başlaya biləcəyini ehtimal edirlər. Siyasi təhlil mərkəzləri bu təhlükəni real olduğunu vurğulayırlar. Elə bu səbəbdən də Ağ Ev Tayvanı müdafiə etmək üçün ada sahillərinə hərbi gəmi göndərib. 

Bu baxımdan, Entoni Blinkenin bəyanatını diqqətdən kənarda qoymaq olmaz. Yaranmış mürəkkəb dövrdə Rusiyanın deyil, Çinin ən böyük təhdid adlandırılması, Kremlin artıq zəif oldununu və Çinin isə gücləndiyinin etirafı kimi qəbul edilə bilər. Blinken Rusiyanı alçatmaqla və Moskvanın artıq rəqib olmadığını vurğulaması Kremlə psixoloji təzyiq göstərir. Belə bəyanatlarla ABŞ dövlət katibi Rusiyanın gücsüz olduğunu nümayiş etdirmək istəyir. Bu fonda sual yaranır -  Blinkenin bəyanatı Çin-Rusiya əməkdaşlığına təkan verə bilərmi? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Blinkenin Çinə münasibətdə kəskin ritorikasına baxmayaraq, Pekin Rusiya ilə yaxınlaşmaq yolunu tutmayacaq:
 
"Çinə Rusiya ilə yaxınlaşmaq sərf eləmir. Əksinə, bu tendensiya Pekin üçün böyük təhlükə anlamına gəlir. Çin çalışır ki, Rusiya ilə məsafə saxlasın. Pekin Qərbin qəzəbinə səbəb olmamaq üçün Moskvanı dəstəkləmir. Çinin əsas ticarət tərəfdaşı Avropa ilə ABŞ-dır. Odur ki, Rusiya Pekin üçün əhəmiyyətli oyunçu  deyil. Pekin Rusiyadan ala biləcəyi bütün hərbi texnologiya və hərbi sirləri alıb. Rusiya öz neftini indi Çinə 30 faiz ucuz qiymətə satmağa məcburdur. Odur ki, Moskva Pekindən asılıdır və Kremlin Çinə təzyiq barədə düşünməyə imkanı belə yoxdur. Çin şirkətləri də Qərbin qadağa qoyduğu bütün malların Rusiyaya ixracını dayandırıb. Bu səbəbdən də ABŞ-ın Çinə münasibətdə tutduğu kəskin mövqeyə rəğmən Pekin Moskva yaxınlaşması baş verməyəcək”. 

Rüfət Sultan