Xəbər lenti

Çin Kuleba ilə danışıqlarda nə ədlə etmək istəyib və o, real vasitəçi ola bilərmi? - CNN
Dünya 23:55 25.07.2024

Çin Kuleba ilə danışıqlarda nə ədlə etmək istəyib və o, real vasitəçi ola bilərmi? - CNN

Bu həftə Çinin xarici işlər naziri Van İ Çinin qlobal münaqişələrdə, xüsusən də Rusiyanın Ukraynaya qarşı müharibəsində və HƏMAS-ın İsrail ilə müharibəsində sülh danışıqlarında vasitəçi rolunu gücləndirmək məqsədi daşıyan iki danışıqlarda iştirak edib. 

İyulun 23-də Van İ FƏTH və HƏMAS da daxil olmaqla 14 Fələstin fraksiyasının nümayəndələri ilə, iyulun 24-də isə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə uzunmüddətli görüş keçirib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın CNN televiziya kanalı Çinin "hər iki münaqişə ilə getdikcə daha çox bölünən dünyada özünü geosiyasi ağır çəki” kimi təqdim etməyə çalışaraq nəyə nail olmaq istədiyini təhlil edib.

"Mütəxəssislər bildirirlər ki, Van İ diplomatiya həftəsi Çin hökumətinə onun istədiyi rakursda - ölkəni həll olunmayan münaqişələrdə məhsuldar oyunçu və Birləşmiş Ştatlara alternativ vasitəçi kimi görünmək şansı verib”, - CNN yazır.

London Universitetinin SOAS Çin İnstitutunun direktoru Stiv Tsanq kanala izah edib ki, Çinin ambisiyası "yeganə olmasa da, qlobal liderlərdən biri kimi tanınmaq və qəbul edilməkdir. O bunu həm ölkə sayına, həm də əhaliyə görə demokratik Qərbi üstələyən Qlobal Cənubun dəstəyini cəlb etməklə həyata keçirməyə çalışır.

Eyni zamanda, Çinin səyləri Pekinin fəaliyyət göstərdiyi məhdudiyyətləri də vurğulayır, ekspertlərin fikrincə, o, regionda böyük təsirə malik olmadan Qəzzadakı müharibənin həllini tapmağa çalışır və Rusiya ilə sıx əlaqələri qoruyaraq Ukraynada sülhə çağırır, CNN xatırladır.

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri, Rusiya prezidenti Vladimir Putin Çinə iki dəfə səfər edib və digər Kreml rəsmiləri də öz növbəsində çoxsaylı səfərlər ediblər. Ukraynanın Xarici İşlər Naziri Dmitri Kulebanın Çinə səfəri Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin 29 ayı ərzində ilk və bu müddət ərzində Ukrayna rəsmisinin ÇXR-ə ən yüksək səviyyəli səfəridir. 

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Van İ ilə görüşdə Dmitri Kuleba Ukraynanın sülh danışıqlarına hazır olması ilə bağlı mövqeyini təsdiqləyib, lakin eyni zamanda vurğulayıb ki, Kiyev hələlik qarşı tərəfdə belə bir hazırlıq görmür. 

Van İ və Kuleba arasındakı danışıqları təhlil edən müşahidəçilər bildirirlər ki, Pekin nə vaxtsa "hansısa potensial gələcək danışıqlarda rol oynaya bilər, lakin çətin ki, Rusiya ilə münasibətlərini dəyişdirsin”, - CNN qeyd edir.

Sinqapur Milli Universitetinin dosenti Çonq Ja Yan ehtimal edir ki, Çin liderləri, Pekinin Rusiya ilə əlaqələri ilə əlaqədar Qərb ölkələrinin tənqidləri fonunda, eləcə də ABŞ-da keçiriləcək seçkilər səbəbindən "sülh axtarmağa" çalışdıqlarını göstərmək üçün XİN başçısının Kuleba ilə görüşünü məhz indi keçirməyə qərar vermiş ola bilərlər.  

Kiyev ehtiyatla ABŞ-da keçiriləcək prezident seçkilərini gözləyir. Donald Trampın qalib gəlməsi Ukraynaya dəstəyin kəskin azalmasına səbəb ola bilər. Onun vitse-prezidentliyə namizədi Cey Di Vens açıq şəkildə Tayvanın müdafiəsini gücləndirmək üçün Ukraynaya hərbi yardımın kəsilməsini təklif edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->