Ana Vətən Partiyasının (AVP) VI qurultayı keçirilir. Trend-in məlumatına görə, qurultayın katibliyi, Say Komissiyası müəyyənləşib.
Səsvermə nəticəsində yığıncağın gündəliyi təsdiqlənib. Partiyanın Mərkəzi Şurasının hesabatını AVP sədri Fəzail Ağamalı təqdim edib.
F.Ağamalı qeyd edib ki, ötən dövr ərzində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində Ana Vətən Partiyasının üzvləri daim fəal mövqe tutub.
Çıxışlardan sonra AVP qarşıdan gələn prezident seçkilərində partiyanın mövqeyini müəyyənləşdirib.
Qurultayda qərara alınıb ki, AVP oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləsin.
Qurultayda, həmçinin prezident seçkiləri ilə bağlı Azərbaycan xalqına müraciət də qəbul olunub: "İlham Əliyevi biz yenidən Respublika Prezidenti seçməklə qarşıda duran bir sıra milli problemlərimizin həllinə nail ola biləcəyik. Bu uğurlu yolda birinci addım düzgün seçim etməkdir. Əziz soydaşlar, bir daha sizi gələcək uğurlarımızın qarantı olan, vətəninin gələcəyini düşünən İlham Əliyevə səs verməyə çağırırıq".
Qurultayda çıxış edən AVP sədri Fəzail Ağamalı ölkə daxilində və xaricindəki vəziyyətlə bağlı öz fikirlərini bölüşüb.
"Biz Azərbaycanda o şəxsin hakimiyyətə olmasının tərəfdarıyıq ki, o Azərbaycana həqiqi mənada töhfə verir, dünya səviyyəsində tanınan güclü şəxsiyyətdir".
F. Ağamalı qeyd edib ki, xarici qüvvələrə arxalanan rejissor Rüstəm İbrahimbəyov və digər xarici qüvvələrə xidmət edən şəxslərin hakimiyyətə gəlməsi yolverilməzdir.
Qurultayda AVP-nin nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qurumun yeni proqramı təsdiq edilib.
Tədbirin təşkilatı məsələlər bölümündə partiyanın rəhbər strukturlarına seçki keçirilib, açıq səsvermə nəticəsində Fəzail Ağamalı növbəti müddətə AVP sədri seçilib.
Qurultayda prezident seçkiləri ilə bağlı Azərbaycan xalqına müraciət, tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisinin geri qaytarılması haqqında bəyanat qəbul olunub.
Qurultayda tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisinin geri qaytarılması, həmçinin Güney Azərbaycanda olan vəziyyətlə bağlı bəyanatlar qəbul olunub.
Qaynar.info
Şərhlər