Qaradağ rayonu ərazisində yerləşən Daşgil palçıq vulkanı barədə fikirlər birmənalı deyil. Belə ki, bəziləri onun təhlükəli olduğu qənaətindədirsə, bəziləri onun insan sağlamlığına faydalı olmasında həmfikirdirlər.
Palçıq vulkanını faydalı sayan həm yerli sakinlər, həm də turistlər buraya gedərək, şəfa tapmaq istəyirlər.
Oxu.Az mövcud fikir ayrılığını nəzərə alaraq, palçığın tərkibi barədə kiçik araşdırma aparmaq qərarına gəlib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərdilən sorğuya cavab olaraq bildirilib ki, aparılan analizlərin nəticələrinə görə vulkan məhlulunda (brekçiya) ağır metalların miqdarı normadan dəfələrlə artıqdır. Bu isə insan sağlamlığı üçün zərərlidir.
Bu maddə insan sağlamlığı üçün hansı fəsadlar törədə bilər?
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kurort ehtiyatlarının öyrənilməsi şöbəsinin müdiri Rəna Musayeva kitablara əsaslanaraq və onlara gələn analizlərin cavabına görə qeyd edilən maddələrin standarta uyğun olduğunu bildirib:
"Həll qatılığı normaldır. Həmin maddələr mənfi təsir göstərə bilməz. İllərlə aparılan analizlərə əsaslanaraq deyə bilərəm ki, Daşgil vulkan palçığı insan sağlamlığı üçün mənfi təsir göstərə bilməz.
Əgər metal miqdarı normadan ağır olsa, indiyə kimi ondan istifadə edən insanlara təsir edərdi. Amma analizlər onun tam müalicəvi palçığa uyğun olduğunu göstərir. Belə ki, rütubətliliyi, çirkliliyi, müqaviməti, istilik tutumu və fiziki kimyəvi komponentləri bunu deməyə əsas verir. Daşgil palçığının heç bir fəsadı ola bilməz".
Səhiyyə Nazirliyindən bildirilib ki, insan sağlamlığı üçün zərərli hesab edilən vulkan məhlulundan istifadəyə nazirlik nəzarət etmir:
"Bu məsələ Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. Buna turistləri oraya aparan turizm şirkətləri və ETSN nəzarət edir. Ona görə də biz onlara deyə bilmərik ki, bundan istifadə etməyin".
Şərhlər