Xəbər lenti

Dünya balaca müsahibimizin gözü ilə... - “Uşaqlara 40+ sual” layihəsində
Ölkə 14:40 12.05.2022

Dünya balaca müsahibimizin gözü ilə... - “Uşaqlara 40+ sual” layihəsində

Uşaqlar heç vaxt bizim düşündüklərimizi düşünmür. Öz dünyaları var. Onlar həmin dünyada sevinir, oynayır, danışır, gülür.

Biz böyüklər hətta onların gördüklərini görə, hiss etdiklərini hiss edə bilmirik.

Bəzən düşünürük, axı uşaqlar nə istəyir? 

Elə bu yeni - "Uşaqlara 40+ sual” layihəmizdə o suallara cavab tapmağa, bir uşağın dünyasına girməyə və oradan dünyamıza baxmağa çalışacağıq. 
Qaynarinfo-nun "Uşaqlara 40+ sual” layihəsinin müsahibi, Bakı şəhər İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin 2 C sinif şagirdi Davud Qurbanovdur. 

1. Bu an istədiyin hər şeyi edə biləcəyini düşün. Nə etmək istəyərdin?

- Yoxsullara yardım edərdim, anası-atası olmayan uşaqların qaldığı yerlərə pul bağışlayardım. Məktəbimizə pul bağışlayardım. İstədiyim "Vector”robotu alardım. İstədiyim gitaranı alardım. 

2. Ən son nəyin xəyalını qurmusan?

- "Vector”robotun xəyalını qurmuşam. Yox, ən sonuncu marketdəki gitaranın xəyalını qurmuşam. 

3. Davud, anan səni qucaqlayanda nə hiss edirsən? 

- Enerji alıram. Üzüm gülür. Hər dəfə onu qucaqlayanda daha çox sevinirəm. Bilirəm ki, yanımdadır. 

4. Ən çox kimlərə yardım eləmək istəyərdin?

- Yoxsul uşaqlara, qazilərə, anası-atası olmayan uşaqlara. Xəstə uşaq görəndə çox pis oluram. Ürəyim ağrıyır…

5. Bir nağıl kitabı yazsaydın, mövzusu nə olardı?

- Ancaq yaxşılıq etməliyik. Bu kitabımın mövzusu olardı. İstəyirəm, uşaqlar balacalıqdan yaxşılıq etməyi öyrənsin. 

6. Düşün ki, sabah bir möcüzə olacaq, nə möcüzə olmasını istəyərdin?

- Dünyanı uşaqların idarə etməyini istəyərdim. Onda dünya daha maraqlı olacaq. Düşünün də, dava yoxdu, hamının pulu var. İnsanlar xoşbəxtdi. Uşaqların çoxlu oyuncağı var. Dərs oxumurlar. 

7. Hansı səslərdən xoşlanırsan? 

- Slaymın üstünə nəsə qatıb onu yoğuranda çıxan səs xoşuma gəlir. Məni sakitləşdirir.

8. - Səni bu qədər enerjili edən nədir?

- Həyata bağlılığım. 

- Bağlılıq nə deməkdir?

- Yəni, ailəm, dostlarım, müəllimim.

- Bunlar səni enerjili edir?

- Bəli.

9. Bir teatr tamaşasında oynasaydın, hansı xarakter olmaq istəyərdin?

- Cırtdan. 

- Niyə? 

- Çünki Cırtdanı çox sevirəm. 

- Niyə sevirsən Cırtdanı?

- Balaca, şirin obrazdı. Bir də Daşdəmir olmaq istəyərdim. Daşdəmir obrazı. Daşdəmirin nağılı oxunmayan nağıllar arasındadır. O obraz olub Daşdəmir nağılını yenidən canlandırmaq istəyərdim. 

10. Səni ən çox narahat edən nədir?

- Çox səs.

- Bəs özün niyə bu qədər çox səs salırsan?

- Özüm səs salanda beynim alqılamır. Mənə az səs kimi gəlir. Və ya canımın yanması. 

- Canını nə yandıra bilər?

- Əlimin bir yerə dəyməsi, evdə gəzəndə ayaq barmağımın stola dəyməsi. Bir yerimin kəsilməsi, əlimin kəsilməsi, yıxılmağım. Ayağımın çıxmağı.
 
- Bəs mənəvi olaraq canını nə yandıra bilər?

- İnsanların incidilməsi.

11. Fotoqraf olsaydın, nəyin şəklini çəkərdin? 

- Özgürlük qalasının, Parisin, Çindəki Çin Səddinin.

12. Dostlarını mükəmməl edən nədir, səncə?

- Hamısı ilə xasiyyətlərimizin eyni olması.

13. Bu yay tətilində eləmək istədiyin üç şey nədir?

- Dənizə getmək, qarpız yemək, Sumqayıta və Gədəbəyə getmək. Ən əsas yaxın dostum Nicatın bizə gəlməyi.

14. Oyun oynayanda ağlına ilk nə gəlir?

- Yuxumda gördüklərim.

15. Canını sıxan üç şey?

- Çox səs, dar bir yerdə qaldığımı düşünmək, bir şeyin tam yerinə oturmaması, məsələn, əşyanı bir yerə qoyursansa, düz qoymaq lazımdır. 

16. Əgər öz paltarlarını özün hazırlasaydın, necə dizayn edərdin, indikilərdən fərqi nə olardı?

- O mənim əl işimdir. Üstünə fərqli şəkillər tikərdim. Məsələn, anamın, atamın, müəlliməmin şəkillərini. 

17.Evinizdə ən çox nəyi sevirsən?

- İnsanlar daxildir içinə?

- Yox, əşyalar. 

- "Siz möhtəşəmsiniz” kitabımı.

18. Səncə, ağaclar bizi eşidir?

- Eşidir, çünki ağaclar da bir canlıdır, amma danışa bilmir. 

19. Dəniz niyə mavidir?

- Dəniz mavi rəng deyil, o göy üzünün əksidir.

20. Məktəb nə işə yarayır?

- Məktəb bizim daha çox bilik öyrənməyimiz üçün lazımdır. 

21. Çox sevdiyin musiqi aləti hansıdır?

- Pianino, gitara, saz.

22. Başqa birinin yerinə keçə bilməyin mümkün olsaydı, kimin yerinə keçərdin? 

- Anamın, atamın, Nicatın, müəllimimizin.

- Niyə?

- Görmək istəyərdim ki, onlar həyatı necə yaşayırlar.

- Deyirsiniz e, kimin yerinə keçmək istəyərdin? Bu, əslində mənim ən böyük xəyallarımdan biridir elə.
 
23. Səncə, insanlar nədən hirslənir?

- Biri onun sözünü eşitməyəndə, biri ona pislik edəndə, biri onu aldadanda. 

24. Dünyada su olmasaydı, necə olardı?

- Dünyada heç nə olmazdı. Bütün canlılar su ilə yaşayır.

25. Krantdan suyun əvəzinə nə axmağını istəyərdin?

- Sok, şokalad, "Kral Şakir”dəki kimi südlü şokolad.

26. Biz nədən yuxu görürük?

- Yuxuda gələcəkdən bizə bir ipucu verilir. Gələcəkdə başımıza gələn hadisələrdən bizə sanki nəsə göstərilir. Ona görə biz yuxu görürük. 

27. Sabah valideynlərinlə birlikdə etməyinizi istədiyin nəsə var?

- Var, parka getmək. Uzun zamandır parka gedib əylənmirik.



28. Ən son öyrəndiyin bilgi nədir?

- En və uzunluq haqqında məlumat öyrənmişik dərsdə.

29. İndiyə qədər ən fərqli nə etmisən?

- Mən rəqs etməkdən utanıram. Amma bir dəfə gizlicə dəli-dəli rəqs etmişəm və bir ayağım üstündə tullana-tullana yıxılmağa çalışmışam.

30. Sadəcə, sənin bildiyin, amma heç kimin bilmədiyi bir məsələ var?

- Yoxdur.

31. Anandan ən çox nə istəyirsən?

- Ən çox istədiyim o balaca robotu, bir də gitar almağıdır. Ən əsas mənə daha çox zaman ayırmağını istəyirəm. 

32. Qazanmaq sənin üçün hansı anlama gəlir? 

- Hədəfimizə çatmaq. Qarşımıza qoyduğumuz hədəfə çatırıqsa, onda qazanmış oluruq. 

33. Düşün ki, bir gün azadsan. Bütün günü səhərdən axşama qədər çöldəsən. Nə iş görərdin? 

- Qaçardım, tullanardım, oynayardım. Dostlarımı çağırardım. 

34. İndi ətrafında hansı səslər var?

- Soyuducu ilə kompüterin səsi.

35. Səncə, ağıllı olmaq nə deməkdir?

- Hər şeyi bilmək, beynini işlədə bilmək. Baş verən hadisəyə tez, doğru fikir bildirməkdir. 

36. Gözəl bir gün keçirmək üçün nə etməliyik?

- Hər şeyi planlayıb etməliyik. Məsələn, mən bu gün yatıram, sabah nə edəcəyimi planlayıram. 

37. Bir mağaza açsan, orda nə satardın?

- Uşaqlar üçün olanları satardım. Oyuncaq, cipsi, kitab, dəftər, ən çox nağıl kitabları satardım. 

38. Bu gün ən çox nəyə gülmüsən?

- Məktəbdə iki qız bir-birini qovalayırdı. Ən çox ona gülmüşəm. 

39. Gecə yatmazdan öncə nə düşünürsən?

- Ailəmi, gələcəyimi. 

- Gələcəyinlə bağlı nə düşünürsən?

- Məsələn, gələcəkdə dünyanın ən zəngin iş adamlarından biri olmaq istəyirəm.

40. Eləmək istəyib, eləmədiyin nəsə varmı?

- Var, gedib tərs evləri görmək. Adını unutmuşam ölkənin, orda evlər var, tamamilə tərs tikilib. Gedib onları görmək istəyərdim. 

- Təşəkkür edirəm cavabların üçün.

- Mən təşəkkür edirəm.
 
Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->