Xəbər lenti

Vuçiç: Mənim belimi sındırmaq istəyirlər, Serbiyanı heç kim düşünmür
Dünya 19:21 24.06.2025

Vuçiç: Mənim belimi sındırmaq istəyirlər, Serbiyanı heç kim düşünmür

Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin müdafiə sənayesi müəssisələrində etirazların başlaya biləcəyi təhlükəsi barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

"Dünən axşamdan həm xaricdən, həm də ölkə daxilindən güclü təzyiq altındayam. Bəziləri amerikalılara və ingilislərə, digərləri isə ruslara məlumat verir, amma heç kim Serbiya barədə düşünmür. Əsas məqsədləri Aleksandr Vuçiçin belini sındırmaqdır, çünki onun iki tərəfi yoxdur - yalnız bir tərəfi var, o da serb tərəfidir", deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, həm beynəlxalq, həm də daxili dairələrin təzyiqləri ilə üz-üzədir.

Vuçiç ölkənin müdafiə-sənaye kompleksində etiraz aksiyalarının başlaya biləcəyini bəyan edib. Dövlət başçısı qeyd edib ki, hökumətin sursatların xaricə satışını dayandırmaq qərarından sonra ona iyul ayında müəssisələrdə etirazların keçiriləcəyi bildirilib. Məqsəd isə ixracın zəruri olduğunu nümayiş etdirməkdir. O əlavə edib ki, media orqanlarının sursat ixracı məsələsinə xüsusi maraq göstərməsi Serbiyaya qarşı pis niyyətlərin göstəricisidir.

"Bundan sonra biz yalnız Təhlükəsizlik Şurasının qərarı əsasında - bu isə tam şəffaf və ictimai şəkildə həyata keçiriləcək - hər hansı bir ölkəyə sursat və silah sata bilərik", deyə Vuçiç qeyd edib.

Onun sözlərinə görə, hazırda istehsal olunan bütün sursatlar Serbiyanın milli ordusunun ehtiyacları üçün yerli anbarlara göndərilir. Prezident bu qərarı Serbiyanın İsrailə sursat satması ilə bağlı ünvanlanan tənqidlərə cavab olaraq qəbul etdiklərini bildirib.

İyun ayının 23-də Vuçiç bəyan edib ki, Serbiya hakimiyyəti xaricə sursat satışını dayandırıb və indi bu sahədə ixrac üçün "xüsusi qərarlar” tələb olunur. Bundan əvvəl Rusiya kəşfiyyatı Serbiyanın - rəsmi olaraq neytral mövqe sərgiləyən və Rusiyaya dost sayılan ölkənin - Ukraynaya sursat tədarük etdiyini bəyan etmişdi. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatına görə, Serbiya şirkətləri yükün alıcısı və təyinatı barədə məlumatı gizlətmək üçün saxta sənədlərdən istifadə ediblər. SVR bu addımları "arxadan vurulan güllə" kimi qiymətləndirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->