Avropa İttifaqı (Aİ) qurum vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasına kömək etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
"Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Haaqa sammiti çərçivəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim", - Kallas söyləyib.
O, həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.
"Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam", - Avropa diplomatiyasının rəhbəri qeyd edib.
Şərhlər