Xəbər lenti

Azərbaycan-İran sərhədində son vəziyyət: Radiasiya artımı var? (RƏSMİ)
Ölkə 18:05 24.06.2025

Azərbaycan-İran sərhədində son vəziyyət: Radiasiya artımı var? (RƏSMİ)

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının mütəxəssislərindən ibarət mobil qruplar tərəfindən ölkənin cənub sərhədləri boyunca (30 məntəqə üzrə), o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə müayinələr mütəmadi olaraq davam etdirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib.

Məlumatda deyilir ki, müayinələr zamanı bu vaxtadək ətraf mühitdə təbii radiasiya fonunun artması halları qeydə alınmayıb:

"Ölkə ərazisində, o cümlədən transsərhəd bölgələrdə radiasiya şəraitinə fasiləsiz nəzarətin təmin olunması məqsədilə Astara, Beyləqan, Zəngilan, Sədərək və digər sərhədyanı rayonlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi Mərkəzinin avtomatlaşdırılmış stansiyaları fəaliyyət göstərir. Avtomatlaşdırılmış stansiyalar vasitəsilə radiasiya fonu üzrə gündəlik müşahidələr aparılır. Hazırkı müşahidələrin nəticələrinə əsasən, havada hər hansı bir radioaktiv çirklənmə faktı qeydə alınmayıb".

Qeyd olunub ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamenti tərəfindən Azərbaycanın cənub sərhədyanı rayonlarında (Astara, Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar) radioloji və radioekoloji tədqiqatlar həyata keçirilməkdədir. İRİA Nüvə tədqiqatları departamenti tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təhlükəsizlik standartları və tövsiyəedici sənədləri nəzərə alınaraq, ölkəmizin cənub sərhəd rayonları ərazisində havada, torpaqda və çay su nümunələrində aşağıdakı radioloji parametrlər üzrə ölçmə və analizlər aparılıb.

Nəticələr:

* Hava, torpaq, yağış və çay suyu nümunələrində Uran izotoplarının zənginləşdilmiş dəyəri, habelə heç bir süni radionuklidlər aşkar edilməyib.
* Hava alfa və beta aktivlik dəyərləri normal fon daxilində müşahidə edilməyib.
* Avtoqamma və stasionar dozimetrik ölçülərdə qamma və neytron şüalanması fon səviyyələrdə olub, təhlükəli dəyərlər qeydə alınmayıb.

Qeyd edilib ki, aparılan müayinələrin nəticələri barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->