Siyasət 12:35 22.10.2021

Dünyanı inandırmalıyıq ki, uşaq qatili olan ölkə ilə mübarizə aparmışıq...

(Yazı "Diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanmışdır)

Müstəqillik əldə edən hər bir dövlətin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünün və yürütdüyü siyasətin dünya miqyasında tanıdılmasına nail olmaqdır. Bu yolda ən vacib məqam isə informasiya mübarizəsidir. Bu istiqamətdə hər bir dövlətə güc verən başlıca amil diaspor və lobbiçilik fəaliyyətilə bağlıdır. Düşmən ölkə olan Ermənistanın çirkin planlarına əngəl olmaq, haqq səsimizi dünyaya çatdırmaq üçün vacib məqamlardan biri də xaricdə güclü lobbi fəaliyyətinin aparılmasıdır. Bunun nəticəsi olaraq, 2002-ci il iyulun 5-də «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» fərman imzalandı. Komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi idi. Ardınca qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə 2008-ci il noyabrın 19-da "Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Nəticədə bu günə qədər 46 ölkədə 417 cəmiyyət, assosiasiya, alyans və s. özündə birləşdirən aktiv lobbiçilik fəaliyyəti formalaşdırılıb. 

Azərbaycan 44 günlük müharibədə şanlı qələbə çalaraq, 30 ilə yaxın müddət ərzində işğalda qalan ərazilərin azad edilməsinə nail oldu. Bu qələbənin əldə edilməsinə zəminin yaradılmasında sözsüz ki, Azərbaycanın yürütdüyü lobbiçilik fəaliyyətinin də mühüm rolu olub. Belə ki, müstəqillik əldə ediləndən üzü bəri diaspor təşkilatlarının xaricdə apardığı təbliğatın önündə məhz Qarabağın Azərbaycanın əzəli ərazisi olduğu tezisi dayanıb. 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin fikrincə, son bir ildə Azərbaycanda diaspora fəaliyyəti xeyli dərəcədə intensivləşib: 



"Azərbaycandan kənarda lobbiçilik fəaliyyətilə məşğul olan, diasporamıza dəstək verən, Rusiyanın televiziya kanallarındakı rus əsilli bəzi müxbirlərin, Çexiyada İvan Mesnix, Kərimov kimi politoloqlar, Belçika, Almaniya və digər yerlərdə siyasi arenada, fikir, hərəkət və davranışları ilə Azərbaycana birbaşa dəstək verən, BMT-nin üzvü olan qeyri-hökumət təşkilatlarına aid böyük sektorlarda ölkəmizi müdafiə edən çoxsaylı güclü lobbi təşkilatları var. Bu sırada yəhudi əsilli Aleksandr Şapirovun rəhbərliyilə Dünya Xalqlarının Alyansı təşkilatı Azərbaycana birmənalı şəkildə əhatəli dəstək verib. 

Bütün bunlar onu göstərir ki, son bir il ərzində Azərbaycanın lobbiçilik prosesinə yenidən başlaması əbəs olmayıb. Bu proses daha böyük vüsət alıb. Həmin fəaliyyətin önündə isə Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük Vətən müharibəsində, ümumiyyətlə, son bir ildə dünyanın bir sıra aparıcı televiziya kanallarına verdiyi müsahibələr dayanır. Dövlət başçısı həmin çıxışlarında həqiqətləri üzə çıxararaq, Qarabağla bağlı son illərə qədər dünya miqyasında mövcud olan və həqiqəti əks etdirməyən informasiya bağlarının qırılmasına nail oldu”. 

Mərkəz sədri bildirir ki, Azərbaycanın apardığı mübarizədə haqlı olması, Prezidentin ölkə daxilində birliyə nail olması, Qarabağdakı zəfər, o cümlədən aparılan lobbiçilik fəaliyyətilə beynəlxalq aləmdə nüfuzumuzun artması dövlətimizə tərəfdaş olan dostların sayının artmasına gətirib çıxarıb: 
"Bir sıra böyük dövlətlər, aparıcı beynəlxalq təşkilatlar bu müstəvidə illərlə əbəs yerə ermənilərin tərəfində olmalarının yanlış olduğunu başa düşərək, həqiqəti anlamaları fonunda Azərbaycana dəstək yolunu tutdular. Belə olan halda birmənalı şəkildə ermənilərin tərəfində olan böyük qurumlar neytral vəziyyətdə qaldı. Rusiyanın əksər siyasiləri Qarabağ torpağının həqiqətən də Azərbaycana məxsus olmasını etiraf etdi. Yəni bu məsələdə vaxtilə Azərbaycanı sevməyən böyük mərkəzlər birmənalı şəkildə ölkəmizi müdafiə etməsələr də, apardığımız lobbiçilik fəaliyyəti nəticəsində neytral mövqe tutmalı oldular. Belədə Azərbaycan informasiya blokadasını yardı”. 



Diaspor və lobbiçilik fəaliyyətinin qarşıda duran vəzifələrindən danışan həmsöhbətimiz qeyd edir ki, hazırda ən vacib məsələlərindən biri Haaqa məhkəməsində Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialarla bağlı məsələlərdir:

"Bu istiqamətdə də yəhudi diasporası ilə ciddi iş aparır və aparmalıyıq. Ona görə ki, dünyada ölkəmizi dəstəkləyən ən böyük diaspor təşkilatıdır. O cümlədən, Ukrayna, Gürcüstanla da mütəmadi işlər aparmalı, erməni vandalizminin törətdiyi vəhşilikləri dünyaya çatdırmalıyıq. Ona görə də tərəfdaşlarımız nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bu səbəbdən köhnə tərəfdaşlarla əlaqələri daha da gücləndirməklə yanaşı, yeni tərəfdaşlar da tapmalıyıq. Əldə etdiyimiz qələbəni dünya xalqlarına həzm etdirmək üçün əzmkar və ardıcıl mübarizəni davam etdirməliyik. Ermənilər indi də azad olunmuş ərazilərimizin guya onlara məxsus olduğu və onlara münasibətdə guya aqressiya baş verdiyi barədə Avropanın bir çox tanınmış universitetlərində təbliğata start veriblər. Bu əsasda Azərbaycan olaraq daha böyük əzmlə ermənilərin vandal hərəkətini, ölkəmizin haqlı olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”. 

İ. Ağayev bildirir ki, Azərbaycana dəstək olan dövlətlərin siyahısının daha da artmasına nail olmalıyıq: 

"Xarici İşlər Nazirliyi və Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının iştirakı ilə xarici təşkilatlarla çalışan QHT-lərin birgə toplantısı keçirildi. İlk dəfə idi ki, Azərbaycan XİN nümayəndəsi belə tədbirlərdə iştirak edib. Keçmiş Xarici İşlər nazirinin dövründə diaspora təşkilatlarının belə məsələlərlə çıxış etmək imkanı yox idi. Qarşıda erməni lobbisi və ona Fransa, İran kimi dəstək olan qüvvələri mütləq aşmalıyıq. Bunun üçün də daha ciddi çabalar göstərməliyik. Öz gücümüzlə yanaşı, dünya miqyasında dostlarımızın sayının daha da artmasına nail olmalıyıq. Türkiyə və İsraillə yanaşı, bu yöndə Gürcüstan, Ukrayna diasporası ilə də əlaqələri gücləndirməliyik. Həmçinin, ABŞ-da bu istiqamətdə daha intensiv işlər aparmalıyıq. Bu istiqamətdə hazırda Çexiyada mühüm işlər görülür. Ölkəmizə dəstək olan bu siyahını daha da genişləndirməliyik”.


 
Mərkəz rəhbəri düşünür ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması uğrunda mübarizənin də əsası qoyulmalıdır: 

"Ən böyük avantajımız ondan ibarətdir. Qarabağ uğrunda mübarizə apardığımız kimi, artıq Zəngəzur, Göyçə kimi tarixi Azərbaycan torpaqlarına qayıdış istiqamətində də əməli fəaliyyətə keçməliyik. Bu torpaqların da Azərbaycanın qədim ərazisi olması barədə dünya ictimaiyyətini inandırmalıyıq. Bunun üçün də mübarizəni kitablarda, filmlərdə, elmi-praktik konfranslarda da davam etdirməliyik. Dünyanı inandırmalıyıq ki, cinayətkarlığı dövlət səviyyəsinə gətirən uşaq qatili olan bir ölkə ilə mübarizə aparmışıq”. 

Rüfət Sultan

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.