Siyasət 15:13 16.07.2020

“Elə həmin Paşinyan bir qədər əvvəl KTMT baş katibini həbs etdirmişdi…” (ŞƏRH)

"Ermənistan ölkəmiziə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun fikrincə, bu, düşmən ölkənin qorxaqlığı, çarəsizliyidir: 

"Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidenti bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənun düşdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxundu. Ali Baş Komandanımız Ermənistının riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda Baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışlardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instikti ilə dərhal KTMT-yə müraciər etməsidir. Halbuki, elə həmin Baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsi ilə bağlı qərar qəbul etmişdi. İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Baxın, məsələnin riyakarlıq tərəfi elə buradadır".
 


Deputat qeyd edib ki, Paşinyanın bu yalvarışları cavabsız qaldı və qalacaq: 

"Hər şeydən əvvəl ona görə ki, KTMT–yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibətləri var və bəzən bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bundan başqa, həmin ölkələrin liderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var. Daima müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib, əməkdaşlıq yaradıb. Ona görə hazırki vəziyyətdə də adekvat münasibət gözləyir və əslində elə bu münasibəti də görür. Beləliklə, qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT–nin çətiri altında gizlənmək niyyəti də baş tutmur". 

Hikmət Babaoğlu bildirib ki, Azərbaycan heç kəsin torpağını işğal etməyib: 

"İşğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları azad etməlidir. Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT–yə üzv olan ölkələr də bunu yaxşı bilirlər. Ancaq bir məsələni də mütləq vurğulamaq lazımdır ki, milli davamızda ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır. Lakin bəlli olur ki, milli güçün beyni kimi çıxış etməli olan Xarici İşlər naziri bu prosesdə adekvat hərəkət etmir. Hətta tam əksinə, işğalçı ölkənin Xarici İşlər naziri ilə görüşdə özbaşına gündəlik müəyyənləşdirir, COVİD-19 müzakirəsi aparır. Bu, əsla yolverilməzdir! Ancaq bu gün qürurla söyləyə bilərik ki, güclü ordumuz var, bu ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində otruda bilir və bu, mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq".

Bahar Rüstəmli