Dünya 18:29 23.05.2022

Ərdoğanla telefon danışığından sonra... (ŞƏRH)

Türkiyə Prezident Administrasiyasının məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenber arasında telefon danışığı olub. Danışıq zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti müzakirə edilib. Ərdoğan İsveç və Finlandiyanın terrorizmlə mübarizə başda olmaqla, təməl məsələlərdə Türkiyə ilə həmrəy olacaqlarını açıq şəkildə göstərmədikləri müddətdə bu ölkələrin NATO üzvlüyünə müsbət baxmayacaqlarını dilə gətirib. 

NATO Baş katibi Yens Stoltenberq də "Twitter”də həmin telefon danışığına dair paylaşım edib:"Dəyərli müttəfiqimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun "açıq qapı” siyasətinin əhəmiyyəti və Finlandiya və İsveç tərəfindən üzvlük müraciətləri haqqında danışdıq.Biz razılaşırıq ki, bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalı və həll yolu tapmaq üçün danışıqlar davam etdirilməlidir”.

Beləliklə Ərdoğan İsveçlə Finlandiyanın Şimali Avroatlantika alyansına qəbuluna hansı halda razılıq verəcəyini bir daha rəsmi şəkildə açıqlayıb. İsveç və Finlandiya terrorla mübarizə aparmadıqları təqdirdə, onların NATO arzusu elə arzu olaraq qalacaq. Çünki terrora dəstək verən ölkələrin NATO-da olması alyansın terrora "yaşıl işıq” yandıran bir quruma çevrilməsi demək olardı. Bunun baş verməsi isə istər-istəməz qurumun nüfuzuna zərbə vura bilər. Ərdoğanın açıqlaması o deməkdir ki, Ankara öz mövqeyində qətidir və heç bir NATO ölkəsi onun mövqeyindən zərrə qədər də olsa geri çəkiləcəyini düşünməsin. Bu mənada, indi NATO-nun bütün diqqəti sözsüz ki, Ankaraya yönəlib.
 
Proses ondan xəbər verir ki, Qərb bu mövqeyinə görə Türkiyəyə növbəti sanksiyalar tətbiq etməyəcək. Çünki Qərb bu günə qədər Türkiyəyə yönəlik sanksiyaların heç birində istədiyinə nail ola bilməyib. Əksinə, sanksiyaların olmasına rəğmən, Ankara öz prinsipial mövqeyində qalmaqda davam edir. Belə olan halda, İsveç və Finlandiyaya görə Türkiyəyə təzyiq əksinə, NATO-nun mövqeyinin çalxalanmasına, parçalanmasına gətirib çıxara bilərdi. Ukraynada müharibənin  getdiyi bir zamanda bu NATO-ya lazım deyil. Bunun nəticəsidir ki, NATO baş katibi Ərdoğanla telefon danışığından sonra müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqlarının nəzərə alınmalı olduğunu bəyan edib. ABŞ tərəfindən də tutduğu mövqeyinə görə, Türkiyəyə hər hansı bir təzyiq müşahidə edilmir. Ərdoğanın həmin açıqlaması Türkiyənin mövqeyində qəti olduğunun göstəricisidir. Ancaq bu, Finlandiya və İsveçin Türkiyənin tələblərini icra edəcəyi anlamına da gəlməməlidir. Həmin ölkələr də öz mövqelərində qalacaq. Belə olan halda isə, yaxın zamanlar üçün NATO-nun qapıları Finlandiya və İsveç üçün hələlik bağlı olaraq qalmaqda davam edəcək. NATO ölkələri və sözügedən iki dövlət bununla barışmaq məcburiyyətində qalacaq. 

Rüfət Sultan