Siyasət 17:10 25.01.2023

Erkin Qədirlidən qalmaqallı açıqlama, həmkarından cavab: "Bizdə demokratik seçki yoxdur"

"Bu, bütövlükdə parlamentin legitimliyini, onun fəaliyyətini şübhə altına salan və ona xələl gətirən bir açıqlamadır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Erkin Qədirlinin "Azərbaycanda demokratik seçki yoxdur” fikirlərinə münasibət bildirərkən deyib. Deputat bu kimi açıqlamalar verilərkən hər bir həmkarını diqqətli olmağa səsləyib:

"Düşünmürəm ki, parlamentlə bağlı qeyd olunan fikir doğrudur. Bu gün heç kim deyə bilməz ki, parlamentin bütün üzvləri, deputatları xalqın səsini qazanmayıb. Parlament dövlətin əsas qollarından biridir və biz çalışmalıyıq ki, onun nüfuzunu qoruyaq”. 

Ceyhun Məmmədov bu kimi açıqlamaların verilməsini düzgün hesab etmədiyini vurğulayıb:

"Hər kəs öz fikrini deyə bilər, amma bütövlükdə parlamentin legitimliyini şübhə altına salmaq, seçkilərin qeyri-demokratik olduğunu söyləməyin özü yanlışdır”.

Qeyd edək ki, jurnalist Mehman Hüseynov Milli Məclisin deputatı Erkin Qədirliyə "Bizə bir nəfər deputatın adını çəkin ki, həqiqətən xalqın səsini qazanıb və Milli Məclisdə oturub” sualını ünvanlayıb. Deputat Erkin Qədirlinin cavabı belə olub: "Mən özüm haqqında da deyə bilmərəm. Demokratik seçki olsa, bunu əminliklə demək olardı. Bizdə demokratik seçki yoxdur”.

Bahar Rüstəmli