Ermənistan mediasında son günlər Zəngəzur dəhlizi, Naxçıvan Muxtar Respublikasının statusu və Ermənistanın yeni Konstitusiyası ətrafında səsləndirilən iddialar müzakirələrə səbəb olub. İddialara görə, guya Zəngəzur dəhlizinin açılması üçün əvvəlcə Naxçıvanın hüquqi statusu dəqiqləşdirilməli, bunun isə yalnız Ermənistanın yeni Konstitusiyasının qəbulundan sonra mümkün olacağı bildirilir. Hətta Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişiklik tələbinin də bununla bağlı olduğu irəli sürülür.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Qulahüseyn Əlibəyli bildirib ki, bu, hüquqi arqument deyil, informasiya müharibəsinin tərkib hissəsidir. Onun sözlərinə görə, Ermənistan mediasında səsləndirilən fikirlər Azərbaycana qarşı aparılan hibrid müharibənin növbəti təzahürüdür:
"Bu iddialar hüquqi və siyasi baxımdan tamamilə absurddur. Belə tezislər mövcud geosiyasi və hüquqi reallığı deyil, qərəzli interpretasiyaları əks etdirir. Məqsəd hüquqi arqument irəli sürmək yox, informasiya manipulyasiyası vasitəsilə ictimai rəyi çaşdırmaqdır".
Ekspert bildirib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında 1921-ci il Moskva və Qars müqavilələrinə istinadın çıxarılması onun hüquqi statusunu dəyişdirməyib:
"Naxçıvan Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Onun statusu Azərbaycanın Konstitusiyası, beynəlxalq hüquq və dövlətlərin qarşılıqlı tanınması prinsipləri ilə müəyyən edilir. Bunun Ermənistanın daxili qanunvericiliyi və ya gələcək Konstitusiyası ilə heç bir əlaqəsi yoxdur".
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişiklik tələbi də Zəngəzur dəhlizinin açılması ilə bağlı deyil:
"Azərbaycanın tələbi artıq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanmış sülh sazişinin hüquqi təminatı ilə bağlıdır. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəaların, o cümlədən Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasından gedir. Ermənistan rəhbərliyi də "real Ermənistan" konsepsiyası çərçivəsində bu islahatların zəruriliyini qəbul edib".
Qulahüseyn Əlibəyli hesab edir ki, Naxçıvanın statusunun Ermənistanın yeni Konstitusiyası ilə müəyyən edilə biləcəyi barədə iddia hüquqi baxımdan izaha ehtiyac duymayacaq qədər əsassızdır:
"Beynəlxalq birlik, o cümlədən Ermənistan tərəfindən tanınmış Azərbaycan ərazisinin statusunun başqa bir dövlətin Konstitusiyası ilə müəyyən edilə biləcəyi barədə fikir beynəlxalq hüququn fundamental prinsiplərinə tam ziddir. Bu, yalnız siyasi manipulyasiya nümunəsi kimi qiymətləndirilə bilər".
Hüquqşünas Əliməmməd Nuriyev isə Qaynarinfo-ya açıqlamasında diqqəti Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiya Günü münasibətilə etdiyi çıxışa yönəldib. Onun fikrincə, bu müraciət adi bayram təbriki deyil, Ermənistanın gələcək dövlətçilik modelinə dair siyasi manifestdir:
"Paşinyan ilk dəfə açıq şəkildə hakim siyasi komandanın seçki proqramına yeni Konstitusiyanın qəbulunu daxil etdiyini bəyan edir. Burada söhbət adi konstitusiya dəyişikliklərindən yox, dövlətçilik modelinin yenidən müəyyənləşdirilməsindən gedir".
Əliməmməd Nuriyevin sözlərinə görə, Paşinyan mövcud Konstitusiyanın hüquqi qüvvəsini deyil, onun siyasi legitimliyini müzakirə edir:
"Müasir konstitusiya hüququnda legitimlik təkcə referendumla ölçülmür. Əsas məsələ cəmiyyətin həmin Konstitusiyanı öz siyasi iradəsinin ifadəsi kimi qəbul edib-etməməsidir. Paşinyanın "xalq dövlətin sahibidir” tezisi də məhz təsis hakimiyyəti konsepsiyasına əsaslanır".
Hüquqşünas bildirir ki, Paşinyanın "Konstitusiyaya dəyişiklik" deyil, "yeni Konstitusiya" ifadəsini işlətməsi təsadüfi deyil:
"Konstitusiyaya dəyişiklik mövcud hüquqi sistemin saxlanılmasını nəzərdə tutur. Yeni Konstitusiyanın qəbulu isə yeni təsis iradəsinin, yeni siyasi-hüquqi modelin formalaşdırılması deməkdir. Bu termin seçimi həm hüquqi, həm də siyasi baxımdan ciddi məna daşıyır".
Əliməmməd Nuriyev hesab edir ki, Paşinyanın çıxışında "Ermənistan Respublikası" anlayışının ön plana çəkilməsi də dövlət ideologiyasında dəyişiklik cəhdinin göstəricisidir:
"Əvvəlki illərin siyasi ritorikasında üstünlük təşkil edən tarixi və etnik-siyasi tezislər bu dəfə demək olar ki, yer almır. Dövlətin legitimliyi tarixi iddialarla deyil, vətəndaşın iradəsi və konstitusiya nizamı ilə əsaslandırılmağa çalışılır".
Bununla yanaşı, hüquqşünas vurğulayır ki, əsas məsələ yeni Konstitusiyanın özü deyil, onun məzmunudur:
"Yeni Konstitusiyanın adı yox, məzmunu həlledicidir. Ermənistanın Müstəqillik Bəyannaməsinə münasibət necə ifadə olunacaq? Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar çıxarılacaqmı? Dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri yeni konstitusiya mətnində necə əks olunacaq? Bu suallar cavablandırılmadan hüquqi nəticələr barədə qəti fikir söyləmək mümkün deyil".
Əliməmməd Nuriyevin fikrincə, Azərbaycanın Ermənistan Konstitusiyasında dəyişiklik tələbi də məhz bu hüquqi zərurətdən irəli gəlir:
"Dövlətlər arasında bağlanacaq sülh sazişinin dayanıqlılığı tərəflərin daxili hüquq sistemində həmin sazişə zidd hüquqi əsasların qalmamasından asılıdır. Beynəlxalq hüququn prinsipi də bunu tələb edir. Əgər daxili hüquq sistemi gələcəkdə beynəlxalq öhdəliklərin icrasına mane ola biləcək müddəaları saxlayırsa, bu, hüquqi qeyri-müəyyənlik yaradır və etimadı zəiflədir".
Hüquqşünasın qənaətincə, Paşinyanın son bəyanatının əsas əhəmiyyəti yeni Konstitusiya vədi verməsində deyil, Ermənistanın ilk dəfə dövlətçilik modelini yenidən müəyyənləşdirmək niyyətini açıq şəkildə siyasi gündəliyinə daxil etməsindədir:
"Ancaq bu prosesin real nəticələrini yalnız gələcək Konstitusiya layihəsinin konkret müddəaları göstərəcək. Tarix göstərir ki, yeni Konstitusiya qəbul edən hər bir dövlət əslində təkcə yeni hüquqi mətn qəbul etmir, həm də öz gələcəyi barədə fundamental seçim edir".
Siyasət şöbəsi
Şərhlər