Xəbər lenti

Dünyanın qara daşı və ya
Hüseynbala Səlimov
Ölkə 11:02 29.06.2026

Dünyanın qara daşı və ya "ikiləşmiş" adamlar...

Yazılanlardan, danışılanlardan, söylənilənlərdən məlum olur ki, Məhəmməd Əmin təkcə böyük və fədakar siyasət adamı olmayıb, həm də çox ləyaqətli, ən əsası da savadlı və müdrik adam olub.

Böyük adamları yalnız tədqiqatçılar (çox təəssüf, elə onlar da tədqiqatdan daha çox "dissertasiya” yazmaqla məşğul olur) öyrənmirlər, ola bilərmi ki, siyasətə və ya siyasi jurnalistikaya, politologiyaya yaxın adam fikirləşməsin ki, görüm Rəsulzadə, Əli bəy Hüseynzadə, Topçubaşov, Xoyski kim olub axı? 

Ona görə ki, siyasətdə uğurla yer tutmağın yolu da onun tarixinə proyeksiya olunmaqdır; özülsüz şey heç vaxt oturuşa bilməz və çox təəssüf, belə şeyləri adam daha çox ahıl-müdrik yaşlarında anlamağa başlayır; gəncin beyni qanlı, dərya dizindən gəlir ona. 

Sonradan yavaş-yavaş anlamağa başlayırsan ki, heç də belə deyil, dünyanın qara daşı çox ağırdır, üzü də, özü də qaradır, göyərməz - lap bütün çayları, gur şəlaləri ona yönəltsən. Elə ki, dünyanın bu gərdişini anladın, səninçün ikinci nəfəslik açılır, anlamadınsa, heyrətdən bərəlmiş gözlərlə tərk edəcəksən onu.

Rəsulzadənin adını ilk dəfə rəhmətlik Səməd Vurğunun "26-lar”ından oxumuşam, hələ tarixə qədər. O, bir-iki məşhur misranı indi az qala, hamı bilir, ona görə də təkrar yada salmayacam. Amma Rəsulzadənin həmin misralara münasibəti tamamilə fərqli olub, Vurğundan uzaqdan-uzağa inciməyib, əksinə deyib ki, şair bu yolla bizi diqqətə gətirməyə cəhd edib, çalışıb.

Buna oxşar başqa hadisə də olub. Səhv etmirəmsə, ilk dəfə bu haqda "Ayna-Zerkalo” qəzetində oxumuşdum. Bəli, Rəsulzadə haqqında ən həqarətli, nifrət dolu şeiri rəhmətlik Süleyman Rüstəm yazmışdı. Amma maraqlısı nədir? 60-cı illərdə Türkiyədə olanda Süleyman Rüstəm də bir nəfərlə gizli şəkildə gedib Rəsulzadənin məzarını ziyarət edibmiş!.. 

Bilirsiniz, niyə belə olurdu? KQB, sovet dövləti bunu bilsəydi adam üçün çox acı nəticələri olardı. 

O dövrdə hər adamdan "iki nüsxə” olurmuş, biri rəsmi, digəri qeyri-rəsmi həyat üçün. Belə "haçalanma”, çox təəssüf, əski sovet məkanının bəzi seqmentlərində hələ qalır, evdə bir, bayırda başqa cür oluruq və bu, çoxdan hətta akademik sosiologiyayla məşğul olanların da diqqətini cəlb edibdir, onlar da buna insanın və ya şəxsiyyətin haçalanması, ikiləşməsi deyirlər. 

Belədəsə, Süleyman Rüstəm də çox istedadlı şair olub, bəlkə 20-ci əsrin birinci yarısında Səməd Vurgun, Rəsul Rza ilə birinci üçlüyə daxil olmağa iddialı olan ədibmiş. Mən onun qəzəllərini ilk dəfə oxuyanda gördüm ki, adam qəzəliyyata baş vursaydı hətta Vahiddən güclü yazardı, amma görünür, qorxusundan etməyib, çünki gözünün qarşısında Vahid nümunəsi vardı: Ə.Vahidi Ali Sovetə sədr qoyardlarmı, sosialist əməyi qəhrəmanı edərdilərmi?

Bilirsiniz, sovet ziyalıları, ümumiyyətlə, hələ tam azad olmayan ölkələrin yaradıcı insanları haqda düşünəndə yadıma şair Akif Səmədin misrası düşür: Fağır ölümün adı var... 

Rəsulzadədə mənə təsir edən bir detal da olub. Adam o qədər haqq tərəfdarı olub ki, hətta Nərimanov haqqında deyib ki, doktor axıra qədər mübarizə apardı! Məncə, o, belə deyibsə, bu, Nərimanova verilən ən böyük qiymətdir ki, bunu heç bolşevik dostları da etməyib. Əksinə bir tarixçi danışırdı ki, bolşevik dostları Nərimanovun ətrafında elə atmosfer yaradıblar ki, adam başını götürüb Moskvaya qaçıb! 

Belə şeylərdə həmişə çox mahir cəmiyyət olmuşuq - çox təəssüf ki! Özü də tək Nərimanova qarşı olmayıb, çox böyüklərimiz bu acını yaşayıb – bəli, bu millət, necə deyərlər, "öldürüb”, "şikəst edib” sevməyi xoşlayır, adam sadəcə, çox şeyləri deyə, ağarda bilmir. 

Mənə elə gəlir ki, bəziləri məhz belə şeyləri Rəsulzadəyə bağışlaya bilmirlər, çünki adam təkcə istiqlal fədaisi olmayıb, çox dəyərli dost, həmkar, hətta ziyalı olub. Həm də, kimsə inciməsin, Rəsulzadə hətta Topçubaşovdan, Xoyskidən fərqli olaraq siyasətin içindən gələn adam olub, onun hər üzünü görüb və çox təəssüf ki, bu gün də arabir görür, "siyasət” adamdan hələ əl çəkmir. Hələ ondan ehtiyat edir, qısqanırlar, adamın adı belə kimlərisə təlaşa salır... 

Allah sənə də çox-çox rəhmət eləsin, Musa Yaqub - böyük və gözəl şairimiz. Həqiqətən də öldürdü kölgə bizi...

Həm də bilirsiz, burada yadıma daha nə düşür? Candan Erçetinin çox məşhur şərqisinin sözləri:

Çiçəklər solub-solub təkrar açıyorsa, 
Ən dərin yaralar qapanıyorsa, 
Ən böyük acılar unuduluyorsa,
Nədən korkuruq hayatda bazan söyləyin bana?..

Hüseynbala Səlimov
--> -->