Oktyabrın 3-də Heydər Əliyev Sarayında “İbtidai sinif müəllimlərinin 4-cü forumu” (İSMF 2026) keçiriləcək.
Qaynarinfo xəbər verir ki, forum “Çinar Yayımları” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.
Forumun əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən olan bağça və ibtidai sinif müəllimlərini bir araya gətirmək, onların əməkdaşlıq və təcrübə mübadiləsi aparmasına, müasir təhsil yanaşmaları ilə tanış olmasına, həmçinin yeni layihə və təşəbbüslər ətrafında fikir mübadiləsi aparmasına şərait yaratmaqdır.
Tədbir çərçivəsində təhsil sahəsində aktual mövzuların müzakirəsi, müəllimlərin gündəlik pedaqoji fəaliyyətində qarşılaşdıqları məsələlərə yeni baxışların təqdim olunması, müasir tədris metodları və effektiv yanaşmalarla bağlı fikir və təcrübələrin bölüşülməsi nəzərdə tutulur.
İştirakçılar həmkarlarının təcrübəsindən yararlanmaq, yeni ideyalar əldə etmək və peşəkar əlaqələrini genişləndirmək imkanı qazanacaqlar.
İSMF 2026 təşkilat komitəsinin sədri Bəhram Oruclunun sözlərinə görə, forumun əsas hədəflərindən biri müəllimlər üçün davamlı inkişaf, qarşılıqlı öyrənmə və əməkdaşlıq mühitinin formalaşdırılmasıdır.
O qeyd edib ki, müasir təhsil yalnız yeni metod və texnologiyaların tətbiqi ilə deyil, eyni zamanda müəllimlərin bir-birinin təcrübəsindən faydalanması, uğurlu yanaşmaları paylaşması və peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi ilə inkişaf edir.
Forumun müəllimlər arasında əməkdaşlığın gücləndirilməsinə, təhsil sahəsində yeniliklərin paylaşılmasına və gələcək layihələr üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edəcəyi bildirilir.
Qeyd edək ki, tədbir oktyabrın 3-də saat 14:30-dan 16:30-dək Heydər Əliyev Sarayında keçiriləcək.
Forumda iştirak etmək və bilet əldə etmək üçün 055-224-56-26 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Şərhlər