XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Üsyançılar Sudanın Sudanın ən böyük yanacaq anbarlarından birini partlatdı
Dünya17:49 27.09.2026

Üsyançılar Sudanın Sudanın ən böyük yanacaq anbarlarından birini partlatdı

Sudanın üsyançı hərbiləşdirilmiş “Çevik dəstək qüvvələri” (“ÇDQ”) ölkənin mərkəzi hissəsində yerləşən strateji yanacaq anbarına zərbə endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli Tamazuj radiostansiyası təhlükəsizlik sahəsindəki mənbələrə və şahidlərə istinadən məlumat yayıb.

Hücum bu gün səhər saatlarında həyata keçirilib. Hədəf Əl-Cəzirə əyalətinin inzibati mərkəzi Vad-Medənidən təxminən 20 kilometr şimal-şərqdə, Əbu-Haraz şəhəri yaxınlığında yerləşən Ümm-Əleyla yanacaq anbarı olub.

Yaxınlıqdakı kəndlərin sakinləri bir neçə güclü partlayış səsi eşitdiklərini, daha sonra obyektin yanacaq çənlərinin üzərindən qatı qara tüstü buludlarının qalxdığını bildiriblər.

Yerli sakin Əvad Əhməd bildirib ki, güclü partlayış bütün ətraf ərazidə eşidilib. Bundan sonra anbarın yerləşdiyi istiqamətdə alov və tüstü görünüb. Onun sözlərinə görə, Əl-Cəzirənin qərbində, Vad əl-Bər əl-Havalida ərazisində iki pilotsuz uçuş aparatı yerə düşüb. Onlardan biri kənd təsərrüfatı sahəsinə düşərək partlayıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə mülki müdafiə qüvvələri göndərilib. Əyalət hakimiyyəti yanğının söndürülməsi işlərinin davam etdiyini açıqlayıb. Xəbər hazırlanarkən dəymiş ziyanın miqyası və mümkün itkilərlə bağlı rəsmi məlumat verilməyib.

Ümm-Əleyla anbarı Əl-Cəzirə və qonşu regionların ehtiyacları üçün benzin və dizel yanacağının saxlanılması və paylanmasında mühüm obyekt hesab olunur.

“Çevik dəstək qüvvələri” 2023-cü ilin aprelindən Sudan ordusuna qarşı döyüşür. Qruplaşma 2013-cü ildə 2000-ci illərdə Darfur münaqişəsində iştirak etmiş ərəb silahlı dəstələrinin bazasında yaradılıb və formal olaraq milli kəşfiyyat xidmətinə tabe olub. Qruplaşmaya “Həmidti” ləqəbi ilə tanınan general Məhəmməd Həmdan Daqlо rəhbərlik edir.

Aydın