Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb:
"Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub".
Ceyhun Bayramov bildirib ki, Azərbaycan sülh sazişinin yekunlaşdırılması istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirib. Onun sözlərinə görə, sülh sazişinin mətni artıq paraflanıb və ictimaiyyətə açıqlanıb:
"Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Prezident İlham Əliyev Azərbaycan dövlətinin rəsmi mövqeyini açıqlayıb. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişi imzalana bilər".
Ceyhun Bayramov qeyd edib ki, Zəngəzur dəhlizinin Ermənistandan keçən avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi Azərbaycan tərəfinə bildirilib.
Nazir qeyd edib ki, bu layihə ABŞ tərəfindən dəstəklənir: "Bu istiqamətdə danışıqlar ABŞ-Ermənistan arasında aparılır. Ancaq eyni zamanda TRİPP-in giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə biz ABŞ-dən olan tərəfdaşlar tərəfindən məlumatlandırılırıq. Bizə verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir".//Report
Şərhlər